Ər-Riyad və Tehran yeni İran-İraq müharibəsinə sürüklənir

530

Yeni ilin ilk günlərindən başlayaraq beynəlxalq aləmin diqqətini cəlb edən əsas hadisələrdən biri İran və Səudiyyə Ərəbistanı arasında gərginliyin artması oldu. Buna da səbəb yanvar ayının 2-də Səudiyyə Ərəbistanı tərəfindən terrorçuluqda günahlandırılan 47 nəfərin edam edilməsi oldu. Edam edilənlər arasında Səudiyyə Ərəbistanı vətəndaşı, tanınmış din xadimi Şeyx Nimr ən Nimrin də olması isə İranı ayağa qaldırdı. İş orasındadır ki, Nimr ən Nimr Səudiyyə Ərəbistanında İranın maraqlarını müdafiə edən şiə azlıqların tanınmış nümayəndəsi idi və Tehran tərəfindən müntəzəm olaraq dəstəklənirdi. Nimr ən Nimrin edam edilməsindən sonra iki ölkə arasındakı münasibətlərin kəskinləşməsi yeni mərhələyə qədəm qoyub. Şiə din xadiminin edamına cavab olaraq, İran rəhbərliyi Ər-Riyadın ünvanına sərt bəyanatlarla çıxış edib. Öz növbəsində, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İran səfirini çağıraraq ona etiraz notasını təqdim edib. Yanvarın 3-ü gecə isə nümayişçilər Səudiyyənin İrandakı səfirliyinə hücum təşkil ediblər. Bundan sonra Səudiyyə Ərəbistanı diplomatları İrandan çıxarılıblar. Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana səyahəti qadağan edilib. İki ölkə arasında uçuşlara və bütün ticari əlaqələrə də qadağa qoyulub. İki ölkə arasındakı diplomatik əlaqələrin kəsilməsi bölgədə zəncirvari reaksiyaya səbəb olub. Belə ki, Səudiyyə Ərəbistanının ardınca Bəhreyn İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib. Sudan isə İranın Hartumdakı səfiri və diplomatlarının ölkədən çıxarılması, Tehrandakı səfirinin geri çağırılması barədə qərar qəbul edib. Lakin son hadisələr İrana qarşı nəinki əksər ərəb ölkələrinin, həm də ərəb olmayan müsəlman dövlətlərinin ayağa qalxmasına səbəb olub. Belə ki, ötən gün Küveyt də İrandakı səfirini geri çağırıb. Malayziya isə Yaxın Şərqdə baş verənlərdən narahat olduğunu bildirib və İrandan öz diplomatlarının təhlükəsizliyini təmin etməyi tələb edir. Rəsmi Kuala-Lumpur Tehranı Səudiyyə Ərəbistanının Səfirliyinə və Məşhəddə yerləşən konsulluğuna hücumlara görə ittiham edir.

Beynəlxalq aləm də narahatdır

İranla Səudiyyə Ərəbistanı arasında baş verən gərginlik beynəlxalq təşkilatları da hərəkətə gətirib. Belə ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Səudiyyə Ərəbistanını və İranı münasibətlərini qaydaya salmağa çağırıb. Təşkilatın baş katibi Pan Gi Mun Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri ilə telefonla danışıb.

Pan Gi Mun nazirlərlə söhbətində hər iki ölkəni vəziyyəti daha da ağırlaşdırmamağa çağırıb. Təşkilat rəhbəri Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr, həmçinin İran xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zəriflə söhbətində Səudiyyəni kütləvi edamlara görə, İranı isə edamlardan sonra Səudiyyə Ərəbistanının bu ölkədəki səfirliyinə hücum olunduğu üçün qınayıb. Eyni zamanda BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, de Mistura əvvəl Ər-Riyadda, sonra isə Tehranda danışıqlar aparacaq. Lakin hadisələrin gedişi göstərir ki, iki ölkə arasındakı münasibətləri normallaşdırmaq heç də asan olmayacaq. Belə ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsinin arxasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə aparan supergüc dövlətlərin uzaqgedən niyyətlərə xidmət edən iqtisadi və siyası oyunlarının dayandığı ehtimal edilir. Bu baxımdan iki ölkə arasındakı münasibətlərin gərginləşməsi ötən əsrin 80-ci illərində İranla İraqı qanlı savaşlara sürükləyən hadisələri xatırladır.

Qərbin məzhəb savaşı planı

İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsinə yol açan hadisələrlə bağlı iki ciddi məqam diqqəti cəlb edir. Bunlardan birincisi, tanınmış din xadiminin məhz Yeni ilin ilk günlərində edəm edilməsi ilə bağlıdır. Nimr ən Nimr də daxil olmaqla terrorçuluqda günahlandırılan 46 nəfərin haqqında hələ bir neçə il bundan əvvəl edam hökmü çıxarılmışdı. Onların haqqında isə edam hökmü həyata keçirilməmişdi. Təbii ki, sual ortaya çıxır: Nə üçün Səudiyyə Ərəbistanında edamlar məhz indi həyata keçirildi? Bu suala birmənalı cavab vermək çətin olsa da, baş verən hadisələrin arxasında bunda marağı olan və iki ölkə arasında yeni İran-İraq müharibəsi törətmək istəyən xarici güclərin dayandığı ehtimal edilir. Təbii ki, yenə də bölgəni qan gölünə döndərən və hər il on minlərlə insanın məhvinə yol açan neft amilinin Tehran-Ər-Riyad münasibətlərinin gərginləşməsində katalizator rolunu oynadığı istisna edilmir. Belə ki, dünya bazarında neftin qiymətinin düşməkdə davam etməsi Səudiyyə Ərəbistanının gəlirlərini də əhəmiyyətli dərəcədə azaldıb.

Səudiyyə Ərəbistanında gələn ilin dövlət büdcəsinin kəsiri təqribən 98 milyard dollara çatıb. Gələn il Səudiyyə Ərəbistanının toplam büdcə gəlirləri 137 milyard olacaq. Bu da 2014-cü illə müqayisədə 25 milyard azdır. Səudiyyə Ərəbistanı bu il neft hasilatını kəskin şəkildə artıraraq sutkada 9,683 milyon bareldən 10,266 barelə çatdırıb. Bu müstəvidə də rəsmi Ər-Riyad dünya bazarlarında neftin qiymətinin daha da ucuzlaşmasını təşvişlə izləməkdədir. Buna paralel olaraq, İranın üzərinə qoyulan sanksiyaların aradan qaldırılması ilə adıçəkilən ölkə dünya bazarına öz neftini çıxarmağa hazırlaşır. Bu isə neftin qiymətinin daha ucuzlaşmasına gətirib çıxaracaq. Vəziyyətin belə davam etməsi isə Səudiyyə Ərəbistanını neftin bahalaşmasına yol açan vasitələr axtarmağa vadar etməkdədir. Bu müstəvidə də belə ehtimal edilir ki, tanınmış din xadimi də daxil olmaqla 47 nəfərin edam edilməsi bölgədə vəziyyətin gərginləşməsinə xidmət edərək, bu yolla neftin qiymətinin artmasına hesablanıb.

Lakin İran-Səudiyyə Ərəbistanı arasında gərginliyin artmasında Rusiyanın da maraqlı olduğu istisna edilmir. Belə ki, hazırda dünya bazarında neftin ucuzlamaqda davam etməsindən daha çox əziyyət çəkən ölkələrdən biri məhz Rusiyadır. Qərbin İranın üzərindən sanksiyaları götürərək qarşı tərəfin dünya bazarına daha çox neft çıxarmasına nail olmasının arxasındakı səbəblərdən biri də məhz bu yolla Rusiya iqtisadiyyatını tamamilə çökdürmək planları ilə bağlıdır. Belə bir vəziyyətdə Tehranla Ər-Riyad arasındakı gərginlik, hətta savaş dünya bazarında neftin qiymətinin bahalaşmasına yol aça bilər. Düzdür, Rusiya tərəfləri barışdırmaq üçün vasitəçi rolunu oynamağa hazır olduğunu bəyan edib. Ancaq bu, məsələnin yalnız zahiri tərəfidir. Bütün hallarda İranla Səudiyyə Ərəbistanı arasında vaxtilə baş verən İran-İraq müharibəsinin yeni müstəvidə təkrarlanması Rusiyanın iqtisadi, siyasi və hərbi-strateji maraqlarına tamamilə uyğun görünür. Çünki bu müharibə Rusiya iqtisadiyyatını uçuruma sürüklənməkdən xilas edərək, neftin yenidən sürətlə bahalaşmasına yol aça bilər. Xatırladaq ki, ötən əsrin 80-ci illərində Qərb tərəfindən SSRİ-nin dağıdılması üçün dünya bazarında neftin qiymətlərinin aşağı salınması İranla İraq arasında yeni müharibənin alovlanmasına yol açdı. O vaxt Rusiya İraqın əsas müttəfiqlərindən biri idi. Belə ehtimal edilir ki, Səddam Hüseyni İranla müharibəyə şirnikləndirən Rusiya və bəzi, Qərb ölkələri oldular. Bu münaqişədən Qərb İranı və İraqı zəiflətmək, SSRİ isə neftin qiymətinin ucuzlaşmasının qabağını almaq məqsədləri üçün istifadə etdilər. İndi də oxşar hadisələr təkrarlanmaqdadır. Bu dəfə İran-İraq savaşında olduğu kimi, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsinə münasibətdə Qərbin və Rusiyanın maraqları müəyyən qədər üst-stə düşür. Əslində Qərbin İran da daxil olmaqla müsəlman ölkələrinə münasibəti heç də səmimi olmayıb. Qərbin bölgə siyasəti orta əsrlərdə olduğu kimi səlib yürüşləri, səlib zehniyyəti üzərində qurulub. Ona görə də Qərbin İran üzərindən sanksiyaların aradan qaldırılmasında səmimi olduğuna inanmaq çətindir. İranla Səudiyyə Ərəbistanı arasında baş verən son hadisələrdən belə başa düşmək olar ki, Qərb İranın bölgədə əl-qol açmasına şərait yaradan addımlar atmaqla onunla digər ölkələr arasında məzhəb savaşını körükləmək planlarını həyata keçirməkdədir. Axı inanmaq çətindir ki, Qərb dövlətləri İranın İraqda və Suriyada, həmçinin Yəməndə fəallaşmasına və bu müstəvidə də güclənməsinə imkan versinlər. Belə ehtimal etmək olar ki, vaxtilə İraqı Küveyt üzərinə hücuma şirnikləndirən Qərb ölkələri indi də İranın bölgədə təsir dairəsinin genişlənməsinə imkan verməklə məhz bölgədə məzhəb savaşını körükləməklə məşğuldırlar. Bu müstəvidə də İranla Səudiyyə Ərəbistanı arasında baş verə biləcək savaş faktiki baxımdan hər iki dövlətin zəifləməsinə və Qərbin bölgədə daha da möhkəmlənməsinə yol aça bilər. Üstəlik, son hadisələr nəticəsində İranın təklənməsinin müşahidə olunması, qarşı tərəfin isə daha çox dəstəklənməsi digər müsəlman ölkələrinin münaqişəyə cəlb olunması təhlükəsini əmələ gətirməkdədir. Belə vəziyyətdə isə Qərb asanlıqla Suriyada və İraqdakı rejimləri dəyişdirmək və orada öz əlaltılarını oturtmaq imkanı əldə edəcək. Yenə də belə ehtimal etmək olar ki, zahirən Qərb adıçəkilən ölkələr arasında gərginliyin artmasından guya narazı olduğunu nümayiş etdirsə də, bölgədə yeni savaş bütün hallarda onların maraqlarına cavab verir.

Savaşdan qaçmaq mümkündür

Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər həmişə mürəkkəb olub. Ötən əsrin 80-ci illərində Səudiyyə Ərəbistanı İrana qarşı müharibədə İraqı dəstəkləyib. 1987-ci ildə iranlı zəvvarların Məkkədə etiraz aksiyası keçirməsi və onlardan 257 nəfərinin öldürülməsi iki ölkə arasında diplomatik münasibətlərin kəskinləşməsinə və kəsilməsinə yol açmışdı. 2003-cü ildə Səddamın devrilməsindən sonra Qərb tərəfindən hakimiyyətə İran tərəfdarı güclərin gətirilməsi Tehran-Ər-Riyad münasibətlərində gərginliyə yol açdı. Suriyada baş verən hadisələr və İranın Əsədi dəstəkləməsindən sonra iki ölkə arasında münasibətlərdə yeni gərginlik ortaya çıxdı. Bu gərginlik isə inkişaf edərək Tehranla Ər-Riyad arasında diplomatik münasibətlərin kəsilməsinə və bölgədə yeni savaş təhlükəsinə gətirib çıxarıb. Hər halda ümid etmək istərdik ki, İran-Səudiyyə Ərəbistanı münasibətlərində savaşdan qaçmaq mümkün olacaq. Belə ki, bütün hallarda problemin dinc yollarla həll edilməsi hər iki ölkənin və bölgə dövlətlərinin maraqlarına tam şəkildə cavab verir.
ƏZIZ MUSTAFA,