Ən yaxşı müəllimimiz səhvlərimizdir

586
“İnsanların başlarına gələn hər hansı uğursuzluqdan təsirlənib mübarizədən geri çəkilmələri birbaşa onların dünyagörüşü ilə əlaqədardır.
Tolstoy “xoşbəxt deyilsənsə, günahkarsan” deyirdi. Demək olar ki, həyatında heç vaxt uğursuzluğa düçar olmayan insan yoxdur. İstər şəxsi həyat, istərsə də iş həyatında, bu qaçılmaz faktdır. Bir kitabdan oxumuşdum. Deyirdi ki, uğura aparan bütün yollara addım-addım çıxılır. Ora birbaşa liftlə qalxmaq mümkün deyil. Varsa, elə bir insan əmin olun, oradan enməsi elə çıxdığı kimi olacaq… bir anda.

Əslində bütün insanlar qabiliyyətsiz olaraq doğulmurlar. Bu onların sonradan öyrəndikləri vərdişə çevrilir. Çox vaxt başına gələn hər hansı hadisədən təsirlənən insan sonradan həyatına asan davam edə bilmir. Bu onun sosial mühitdən uzaqlaşmasına səbəb ola bilir. Belə demək mümkünsə, yaşanılan bir uğursuzluq digərləri üçün dəvətnamə rolunu oynayır.

İnsan özü kəşf edilməmiş bir sirdir əslində. Hər birimizdə, belə demək mümkünsə, fəth edilməmiş “torpaqlar” var. Nəyi bacaracağımızı ən yaxşı elə özümüz bilirik. Cəhd etmədən “onsuz da olmayacaq” demək bir növ məğlubiyyətin nöqtəsini qoymaq deməkdir. Bəs insanlar nə üçün qarşılaşdıqları ilk uğursuzluqda mübarizədən əl çəkirlər? Bu cür vəziyyətdən çıxmağın yolları nələrdir?

“Uğursuzluqdan nəticə çıxarıb həyata davam etmək lazımdır”

 

Maneələr insan həyatının ayrılmaz parçalarıdır. Təkcə böyük işlərdə deyil, bu elə gündəlik həyatda da qarşılaşdığımız reallıqlardır. Bir çox tanınmış və öz sahəsində uğur qazanmış insanların həyatına baxsaq, onların da müəyyən çətinliklərdən keçdiklərini görərik. İnsanın ən yaxşı müəllimi onun səhvləridir. Nitsşen, “nə ki bizi öldürmür, o bizi möhkəmləndirir” deyib.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov bildirdi ki, uğursuzluqdan sonra mübarizədən geri çəkilmək insanların dünyagörüşü ilə əlaqədardır: “İnsanların başlarına gələn hər hansı uğursuzluqdan təsirlənib mübarizədən geri çəkilmələri birbaşa onların dünyagörüşü ilə əlaqədardır. Bütün insanlar həyatda müəyyən çətinliklə, problemlə rastlaşıblar. Ancaq uğur qazanan insanlar bu uğursuzluqlardan doğru nəticə çıxarıb, həyatına davam edən insanlardır. Hər bir insanda natamam kompleks var və onu kompensasiya etməyə çalışır. Kompensasiya prosesi də müxtəlif formada həyata keçirilir. Ona görə də insanlar kritik vəziyyət yaşadıqdan sonra bu hadisədən doğru nəticə çıxarmağı bacarmalıdırlar. Əgər bu vəziyyət travma halını alıbsa, yaxşı olar ki, insanlar psixoloji dəstək alsınlar. Belə olduqda göstərilən psixoloji dəstəklə həmin travma müsbət istiqamətə yönləndirilir və nəticədə insan həyatına daha gözəl formada davam edə bilir. Təsadüfi deyil ki, dünyanın bir çox uğur qazanmış insanlarının şəxsi psixoloqu var və kritik vəziyyətlərdə onlara dəstək olurlar”.

Çox vaxt “insan özü-özünün psixoloqu olmalıdır” deyirlər; ən pis halda da özünü motivasiya etməyi bacarmalıdır. Bu fikirlə qismən razılaşan psixoloq bunun heç də asan olmadığını bildirdi: “Bu fikirlə, haradasa, razılaşmaq olar. Amma nəzərə almaq lazımdır ki, hər insan eyni xarakterdə və dünyagörüşdə deyil. Bu olduqca çətin bir prosesdir. Axı avtomobili olan hər kəs öz avtomobilinin ustası ola bilməz. Ya da kimin evi varsa, o, ev ustası ola bilməz. Psixoloji sarsıntı yaşayan insanlar belə vəziyyətdə özlərinə alternativ qoysalar, bu onların mövcud vəziyyətdən çıxmaqlarına yardımçı ola bilər. Bu fərdi xüsusiyyət daşısa da deməliyəm ki, ibrətamiz hekayələr, aforizmlər oxumaları onları pessimist fikirdən uzaqlaşdırar. Həyatda uğur qazanmağın böyük bir qismi insanın özü ilə bağlıdır. Doğrudur, şans məsələsi də burada müəyyən qədər rol oynayır. Ancaq uğurun böyük bir qismini zəhmət təşkil edir. Bir insan zəhmət çəkib, əziyyət sərf edirsə, o, uğura nail olacaq, gec, ya tez. Həyatda məğlubiyyət yoxdur, mübarizəni dayandırmaq var. Kim ki, mübarizəni dayandırır, o, məğlub olur. Mübariz olan insanlar isə hər zaman məqsədlərinə doğru gediblər”.

İnanmaq yolun yarısını fəth etmək deməkdir. Bir işə başlayarkən faktiki olaraq sondakı qalibiyyəti və ya məğlubiyyəti görmək mümkün deyil. Bunu ancaq nəticə göstərə bilər. Lakin daxilimizdə uğur qazanacağımıza inanırıqsa, demək ki, yola bir addım irəlidə başlayırıq. Xarici maneələri dəf etmək üçün təcrübə və əzm önəmli olduğu qədər, daxili maneələrin öhdəsindən gəlmək üçün də inamın olması bir o qədər vacibdir. Braziliyalı yazıçı Paulo Koelyo deyir ki, hər zaman hər şeyin sonu yaxşı qurtarır. Əgər bir şey pis qurtarıbsa, deməli, hələ son deyil. Uğursuzluq nəticə deyil, bəlkə də, hələ yolun başlanğıcıdır. Mövlana deyir ki, bir şey baş vermirsə, ya olmaması daha yaxşıdır, ya da ondan daha yaxşısı olacaq. Daha yaxşısı üçün “inam” adlı silahınızı yolun yarısında buraxmayın!

XƏYALƏ SADIQOVA