Ən çətin peşə

41

Həmkarlarımdan birinin dediyinə görə, oğlunun öz potensialı daxilində çalışmadığı üçün məktəbə dəvət olunmuş valideynlə sinif rəhbərinin söhbəti birincinin bu sualı ilə bitir: – Deyirsiniz, mənim oğlumdan müəllim də olmaz?

***

Uzun illər əvvəl işlədiyim məktəblərin birində yuxarı sinif şagirdləri “Məzun” kitabı üçün müəllimlərindən müxtəlif sullarla müsahbə alırdılar. Mənə “Siz nə üçün müəllim oldunuz?”- sualını verdilər. Mən, – Müəllimlərimin acığna, – dedim. Bu cavab həm şagirdlərim, həm də həmkarlarıma bir az qəribə göründü. Baxışlardan – Necə ola bilər ki, sənə dərs deyən, sənə bu günü bəxş edən insanların acığına peşə seçəsən? İlk baxışda onlara mən də haq qazandırmalı idim. Lakin mən bunu o qədər də qərəz mənasında deməmişdim. Həmişə müəlliməlrimin hörmətini öz valideynlərim qədər uca və əziz tutmuşam. Məsələ burasındadır ki, müəllimlərim nə qədər mükəmməl olsalar da, bəzilərində ürəyimcə olmayan hərəkətləri görmək istəməsəm də görürdüm. Ən çox da yerli-yersiz olaraq şagirdlərə fiziki cəza tətbiq etmələri, uşaqları bu cür cəza növlərinə alışdırmaları, kişi müəllimlərin məktəbdə gözümüzün qarşısında siqaret çəkmələri, kənar söz-söhbətlərlə dərsi “yola vermələri”, uşaqları müxtəlif ləqəblərlə tanıtmaları və s. Bu acı epizodu isə heç vaxt unuda bilmirəm:

Müəllimlərimizdən biri 6-cı sinifdə oxuduğumuz zaman dərsə hazır olmadığı üçün yaxın qohumunu o qədər şillələldi ki, səsə məktəbin həyətində işləyən yaşlı bir təsərrüfat işçisi sinfə daxil olub uşağı onu əlindən aldı və müəllimi danladı, üstəlik  sinifdən çıxarkən ona “nemes” deməyi də unutmadı. Tənəffüsdə hıçqırığı nəfəsini kəsən, hönkürüb az qala ürəyini gözlərindən tökəcək, həmişə dərsə hazır gələn sinif yoldaşımızdan hazırlıqsız gəlməyinin səbəbini soruşduğumuzda məlum oldu ki, o, ötən gecə kənddə kimə isə qonaq gedən həmin qohumunun uşaqlarına baxıb. Qonaqlıqdan gec gəldikləri üçün vaxt tapa bilməyib. Düzünü Allah bilir, bəlkə müəllimin özü dərsə hazır olmayıb, vəziyyətdən çıxmaq üçün belə bir arzuolunmaz üsula əl atıb.

***

Mən daha yaxşı, müəllimlik peşəsini öz canı, bu peşənin qaşı sayılan şagirdlərini doğma balası qədər sevməyi bacaran müəllimlərdən olmaq istəmişdim çox erkən yaşlarımdan. “Bacarmaq” sözünü əbəs yerə demirəm. Sevməyi bacarmaq böyük fədakarlıq məsəlsidir. Düzdür, həyatda hər kəsin öz fəlsəfəsi var. Bəzən özümüz də bilmədən düşüncə və hərəkətlərimizə gəmi yelkəni kimi qüvvət və istiqamət verən bu fərdi fəlsəfəmizdən xəbərsiz də ola bilirik, lakin o, öz funksiyasını istədiyi kimi reallaşdırır. Böyük S. Vurğynun təbirincə desək:

…Hər könül bir karvandır ki, bir susuz səhrası var.

Cəngəlliyi qırmaq bu “susuz səhranı” yaşıllaşdırmaqdan qat-qat asandır. İlk növbədə o, bizdən özümüzə tənqidi yanaşmağı tələb edir, uğura aparan yol bu fəlsəfənin işığı ilə aydınlaşır.

***

Müəllim öz fəaliyyəti boyunca başqalarına sual verir, razı qaldığı və ya razı qalmadığı saysız-hesabsız cavablar eşidir. Ancaq ən çətin sual insanın özünə verdiyi sualdır. Vicdan kölgəsində əyləşib özünə sual vermək və onu həqiqət tərəzisində ölçüb, ədalətlə cavablandırmaq o qədər də asan deyil. Müəllim isə bunu adi bir iş görürmüş kimi bacarmalıdır. Qabaqcıl təhsil sisteminə malik ölkələrdə müəllim dərs gündəliyində “Özünü qiymətləndirmə” bəndinə keçdiyi dərsə öz nöqteyi-nəzərindən qiymət verməli olur. Məsələ burasındadır ki, bəzi (bəlkə də əksər) məktəblərimizdə müəllim dərsə nəinki gündəliklə gəlmir, heç qələm də gətirmir. Yaxın keçmişə qədər orta məktəbdən ali təhsil müəssisəsinə aparan qısa bir yol bu gün labirintlərdən keçərək illər və kifayət qədər yüksək maddi vəsaitlər hesabına qət edilir. Burada “Hara gedirsən, müəllim?” – sualı düşür yada. Bir yerdən başqa bir yerə getmək üçün bilet alıb nəqliyyat vasitəsinə əyləşməklə iş bitmir, axı. Gedəcəyin ünvanı da dəqiq bilmək lazımdır. Məktəbə və dərsə getmək də belədir. Müəllimin gündəliyi gediləcək yerin ünvanı qədər əhəmiyyətlidir. Gündəlik yazdıqca həmin sinif güclü və zəif şagirdləri, maddi-texniki imkanlarl ilə müəllimin gözləri önündə canlanır, yazdığı ssenari daha real vəziyyəti əks etdirir. Plansız dərs isə təsadüdflərin xaotik cərəyanından başqa bir şey ola bilməz. Gələcək  şəxsiyyətin memarı yaradacağı abidənin bütün çizgilərini təsəvvür etmədən nə yarada bilər?  “Hara gedirsən” təkcə gediləsi konkret məkan haqqında deyil, həm də geniş mənada işlənir. Başqa sözlə desək, sən bu fəaliyyətinlə cənnətini qazanırsan, yoxsa əksini?

***

Öz müqəddəs missiyasını layiqincə yerinə yetirən müəllim dünyanın ən xoşbəxt insanıdır. Çünki, əsl müəllim təlim-tərbiyəsi ilə məşğul olduğu şagirdləri üçün yaşayır. Özü üçün yaşayanlar yazda göyərib payızda yalnız yarpaqlarını sayan söyüd ağacı kimi faydasız bir ömür sürürlər.

Əsl müəllim məktəbə sevgi ilə yoğrulmuş bilik aparıb, könül rahatlığı, daha yeni ideyalar, şövq gətirməlidir iş otağına. Bəli, bəli, şövq… İllər dərimizi, şövqsüzlük isə ruhumuzu qırışlandırır deyirlər.

Müəllimin həyat  yolu da mürəkkəbdir. O, uzaqgörən olmaqla bərabər, həm də tez-tez arxaya, keçmişə baxaraq davam etməli olur yoluna. Birindən soruşurlar ki, nə var, nə yox? Necəsən? Digəri cavab verir: – Dünəndən yaxşı, sabaha görə isə pis. Yəni hər ötən günümüzün əvvəlkindən yaxşı olmasına çalışmalıyıq ki, yaşamağımıza dəysin. Cümlə təhlili üçün -“Sara xala səhər-səhər həyətdəki sarı inəyi sağırdı”. – cümləsi ilə nəsilləri yola salan müəllimimiz də olub.

Bu gün dərs dediyi şagirdlər dünənkilərin eyni deyil, ona görə də zamanla ayaqlaşmaq, onun nəbzini tutmaq, təzələnmək müəllimə nəfəsi qədər vacibdir. Vaxtında öz səhvini görmək və onu düzəltmək lazımdır ki, üzün həmişə ağ olsun. Necə deyərlər, səhv etmək bəşəri xüsusiyyət olsa da, səhvini düzəltməmək, ondan ibrət almamaq yeni bir səhvə yol vermək deməkdir.

Müəllim adını almaq müəyyən mənada asan ola bilər, lakin illərin yaddaşında, şagirdəlrinin qəlbində heykəlləşən MÜƏLLİM olmaq çox çətindir.

Bir sonsuz yol gedər, çatmaz müəllim,

Ürfan gəmisidir, batmaz müəllim.

 

Gecəni bələyib kirpiklərinə,

Şirin yuxusunu yatmaz müəllim.

 

Şığıyar qələmi səhvin üstünə,

Doğrunu yalana satmaz müəllim.

 

Yaxşı oxuyanı, lap tənbəli də,

Sevər balasıtək, atmaz müəllim.

 

Şam kimi əriyb süzülə, Rahib,

Nuruna bir qırpım qatmaz müəllim.

 

Ömrümün qırx beş ilini həsr etsəm də, əlim çantasız, çantam ən azından təbaşir və qələmsiz olmasa da, hələ təsəvvür etdiyim kimi müəllim ola bildiyimə şübhə ilə yanaşıram, çünki mənim üçün bu sənət yaxınlaşdıqca uzaqlaşan bir zirvədir.

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi