“Ən böyük saxta kampaniyalar güzəştli kreditlərlə bağlıdır”

485

“Vətəndaşları güzəştli kredit şərtləri ilə bağlı diqqətli olmağa səsləyirik. Çünki bu gün ən böyük saxta kampaniyalar güzəştli kreditlərlə bağlıdır. Müştərini cəlb etmək üçün təklif olunan bu cür kreditlər istehlakçını aldadır”.

İstehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq niyyəti olan şəxsdir. Cəmiyyətdəki hər bir insan dünyaya gəlişi ilə istehlakçıya çevrilir. Bu baxımdan istehlakçı hüquqlarının qorunması, insan hüquqlarının qorunması deməkdir.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, istehlakçı yüz minlərlə malın keyfiyyəti barədə biliyə malik ola bilməz: “Ona görə də istehlakçı gərək daim öyrənsin. Rusiya və digər ölkələrdə “İstehlakçı biliklərinin əsasları” fənni tədris olunur. Ancaq Azərbaycanda artıq on ildir ki, bu mövzuda yazdığımız kitabın tədrisinə hələ nail ola bilməmişik”. Eyyub Hüseynovun sözlərinə görə, istehlakçılar gərək orta məktəbdən maarifləndirilsinlər: “Çünki hər il texnologiya dəyişir, yeni texnologiyalar istehsal olunur. İstehlakçı bunun hamısını nəzəri cəhətdən izləməyə qadir deyil”.

“Alınan-mal geri qaytarılmır”sa

E. Hüseynov qeyd etdi ki, bəzi market və digər satış obyektlərində “alınan mal geri qaytarılmır” lövhələri nəzərə çarpır. Bu istehlakçı hüququna zidd olan bir şüardır: “Bir çox mallar 14 gün müddətində dəyişdirilə və ya tələbatı ödəyən mal olmazsa, qaytarıla bilər. Bu, zaman istehlakçı ödədiyi pulu geri almaq hüququna malikdir”.

İstehlakçılara aldadıcı kredit şərtləri təklif olunur

Azad İstehlakçılar Birliyinin sədri E. Hüseynov müştərilərin aldadıcı kredit şərtlərinə diqqət yetirmələrini tövsiyə etdi: “Bu gün ən böyük saxta kampaniyalar güzəştli kreditlərlə bağlıdır. Azad İstehlakçılar Birliyi bu sahədə işlər görür. Biz Baş Nazirə müraciət etmişik. Güzəştli kreditlər istehlakçıların hüquqlarını pozan, şişirdilmiş qiymətlə mal satılmasına rəvac verən və ölkədə problemli kreditlər portfelinin yaradılmasına səbəb olan amildir. Müştərini cəlb etmək üçün təklif olunan kreditlər istehlakçını aldadır, ölkənin kredit siyasətinə zərər gətirir”.

“Mal alarkən çeki tələb etməyi unutmayın”

AİB-in sədri bildirdi ki, hər bir istehlakçı mal alarkən çeki tələb etmək hüququna malikdir: “Əgər alıcı aldığı maldan razı qalmazsa, çeki yoxdursa, onu qaytarmaq və ya məhkəməyə müraciət etmək hüququndan məhrum olur”.

Saxta kampaniyalara diqqət!

Hüquqşünas İlham Məmmədov isə qəzetimizə açıqlamasında bildirdi ki, bəzi hallarda alıcılar malı qaytarmaq və ya dəyişdirmək istədikdə ciddi problemlərlə üzləşirlər: “Bəzən ciddi problemlər yaranır və alıcı məhkəməyə müraciət etməli olur. Hər iki halda alıcının çeki olmalıdır. Bu gün ölkəmizdə ümumi bazarda alıcıların əldə etdikləri məhsulu geri qaytarmaq problemi var. Buna görə də alıcılara tövsiyə olunur ki, məhsulları alverçilərdən yox, xüsusi mağazalardan alsınlar və çeki tələb etsinlər ki, gələcəkdə müəyyən problemlər yaranmasın”.

Bu gün 30, 50, hətta bəzən 70 faizə qədər endirimlərin təklif olunduğu cəlbedici kampaniyalar istehlakçıları aldadır. Məsələyə aydınlıq gətirən İ. Məmmədov bildirdi ki, ümumi bazarda saxta kampaniyalar mövcuddur: “Belə saxta endirim kampaniyaları ən çox geyim mağazalarında tətbiq edilir. Mövsüm sonu ilə əlaqədər təklif olunan endirimlər əslində şişirdilmiş qiymətlərdir və müştərini aldadır. Əgər real bazarı bilən adam süni endirimin şahidi olarsa, müvafiq orqanlara müraciət edə və şikayətlərini bildirə bilər”.

Qida məhsullarına da saxta kampaniyaların tətbiq olunduğunu deyən müsahibimiz: “Bu, prioritet məsələlərdən biridir. İstehlakçı aldığı mala diqqət yetirməlidir. Misal üçün, bu gün real bazarda ətin kilosu 8-9 manatdırsa, bəzi yerlərdə daha ucuz, 4-5 manata təklif olunur. Bu zaman alıcı ətə Baytarlıq İdarəsi tərəfindən lisenziya verilib-verilməməsinə fikir verməlidir. Yaxud süd məhsulları və ya digər məhsulların son istifadə tarixinə, keyfiyyətinə diqqət yetirilməlidir. Əgər istehlakçı aldadılıbsa, bu təsdiqini tapıbsa, həmin satış obyektləri müvafiq dövlət qurumları tərəfindən cərimələnəcək”.

“İstehlakçılar ödəniş zamanı mağaza kassalarında aldadılırlar”

“Bəzi hallarda istehlakçılar aldıqları malın qiymətini hesablamırlar. Bu zaman kassalarda aldadılırlar. Buna məruz qalmaq istəməyən istehlakçı çeki tələb etməli və aldığı malın qiymətini dəqiq hesablamalıdır”,- deyə hüquqşünas bildirdi.

Bəzi marketlər hiyləyə əl atırlar. İstehlakçı kassada malın üzərinə vurulan qiymətdən artıq pul ödəməli olur. Bunun səbəbini soruşduqda isə malın üzərində köhnə qiymət olduğunu, yeni qiymətin fərqli olduğunu əsas gətirirlər. İstehlakçılar çox zaman kassadan ayrıldıqdan sonra çekə baxdıqları zaman bunun şahidi olurlar. İ. Məmmədov bildirdi ki, bu zaman istehlakçının aldığı malı geri qaytarmaq hüququ var: “Əgər satıcı malın üzərində köhnə qiymətin olduğunu bəhanə edər və malı qaytarmazsa, həmin satış obyekti istehlakçının hüququnu tapdalamış olur. Belə halların müşahidə edildiyi satış obyektlərini müvafiq cəzalar gözləyir”.

Hüquqşünas İlham Məmmədovun dediyinə görə istehlakçı aldığı malı geri qaytara bilər: “Əgər satıcı malı qaytarmırsa, problem yaradırsa, bu zaman istehlakçı Azad İstehlakçılar Birliyi və ya İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edərək, təmənnasız hüquqi yardım ala, şikayətini bildirə bilər.

Nuranə Məmmədova, Nərmin Haqverdiyeva