Ən böyük problemlər çox vaxt “heç nə”dən başlayır…

0
520

Bəzən insanların adi bir işi, əməli şişirdib böyük hadisəyə çevirmələri, başqasının qəlbini qırmaları, dava-dalaşa səbəb olmaları olduqca təəccüblü gəlir. Axı buna dəyərdimi? Axı buna ehtiyac var idimi? Guya qazancları nə oldu? Bəlkə də aləm bir-birinə dəyəndən sonra “qəhrəmanlar” peşman olurlar, lakin bunun fərqinə əvvəldən varsaydılar, daha yaxşı olardı.

Məsələn, tutaq ki, birisi gəlib bir söz soruşur. Qarşı tərəf də cavab verir, amma o biri dəqiq başa düşmədiyi üçün yenə sual verir. Səbirsiz, əsəbi olan birinci şəxs ondan geri qalmayan həmsöhbətinə bir qədər kobud cavab verir və qarşı tərəf də bunu cavabsız qoymur. Beləcə, heç nəyin üstündə onlar bir-birilərinin qəlbini qırır, incik düşürlər.

Heç nəyin üstündə düşmən olanlar

Heç nəyin üstündə ailəsindən incik düşənlər, heç nəyin üstündə evdən qaçanlar, heç nəyin üstündə düşmən olanlar, heç nəyin üstündə boşananlar sizcə, azdırmı? Münasibətlər gərginləşəndən sonra, vəziyyət pisləşəndən sonra, bəlkə də, həmin adamların yadına da düşmür ki, ilk başda problemlər heç nəyin üstündə yaranmışdı…

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, boşanmaya gətirib çıxaran səbəblər sırasında da “heç nə”lərin sayı az deyil. Onun sözlərinə görə, qayınana-gəlin münasibətlərində də belə hallara rast gəlinir: “Bəzən olur ki, gəlinin dediyi adi bir söz qayınananın xoşuna gəlmir, adi bir sözün üstündə, xırda bir səhvin üstündə böyük münaqişələrin təməli qoyulur. Tam tərsinə, qayınananın dediyi adi bir söz bəzən gəlinə toxunur”.

“5 qəpik üstündə dava”

Təbii ki, ilk başda buna əhəmiyyət verilməsə, ciddi yanaşılmasa, mənfi heç nə olan deyil. Səbirli, uzaqgörən, mehriban insanlar “heç nə”lərə diqqət etmir və hər hansı problem də yaşanmır. Amma səbirsiz, emosional, münasibətlərin pisləşməsinə meyilli olanlar əksini edir və sonradan bunun peşmançılığını da çəkirlər”.

Azərbaycanda boşanmaların sayı ilbəil artır. Görəsən, bu artımda heç nədən başlanan mübahisələrin təsiri nə qədərdir? Hər halda yəqin ki, az deyil.

Adi bir şeyin üstündə dava düşməsi, kriminal hadisələrin baş verməsi, ölümlərin olması barədə məlumatlara mətbuatda da tez-tez rast gəlirik. Bu məlumatlarla tanış olmaq üçün internetdə uyğun bir sözü yazıb, axtarış vermək lazımdır. “Əsgər yoldaşını söyüş üstündə öldürdü”, “Qonşusunu söyüş üstündə qətlə yetirdi”, “Toyda mahnı üstündə qanlı hadisə”, “Avtobusda yer üstündə dava”, “Toyda yemək üstündə dava”, “5 qəpik üstündə dava”, “Su üstündə dava” və ilaxır və sair. Belə xəbərlər birdirmi, ikidirmi? Görəsən, heç nəyin üstündə adam öldürüb həbsdə yatanlar, onlardan həbsə niyə düşdükləri soruşulanda hansı hissləri keçirirlər?

Nəyi necə edəcəyini və nə vaxt edəcəyini bilmək

Əsəbiləşməyən insan yəqin ki, yoxdur. Amma bir var, o əsəbi daha da körükləyəsən, bir də var, üstünə su tökəsən. Ola bilər ki, hansısa məqamda haqlı olasan, lakin bu o demək deyil ki, qarşındakı insanı gözüm çıxdıya salmalısan. Bəs insanlıq? Bəs səbir?

Keçmiş zamanlarda iki odunçu var imiş. Onlardan biri dayanmadan işləyir, haradasa, bütün gününü meşə də keçirirdi. O biri isə arabir dincəlir, axşam da hava qaralmamış evinə gedirdi.

Bir həftə sonra ikisi də kəsdikləri odunları bir yerə yığdılar. Ancaq nəticə təəccüblü idi. İkinci odunçu birincidən çox kəsmişdi. Çox işləyən odunçu heyrətlə dedi: “Bu necə ola bilər? Axı mən səndən çox işləyirdim?” O biri odunçu isə gülümsəyərək izah etdi: “Düzdür, sən məndən çox işləyirdin. Ancaq mən arabir dincəlir, hər dincələndə də baltamı itiləyirdim”.

Bəli, həyat da belədir. Nəyi necə edəcəyini və nə vaxt edəcəyini bilmək çox önəmlidir…

“Əvvəl düşün, sonra danış” prinsipi

Əksər problemlərin kökündə bir məsələ durur: insanlar öz səhvlərini görmür və bu səhvləri daha çox qarşı tərəfdə axtarmağa çalışırlar. Ekspertlərin qənaətinə görə, bir insanın bütün hallarda “mən haqlıyam” iddiasına düşməsi gələcək problemlərin bünövrəsinin qoyulmasına səbəb olur. Ailədə də “mən haqlıyam” deməyə başlamısınızsa, deməli, bu, münasibətlərdə problem olmasından xəbər verir. Ən yaxşısı “əvvəl düşün, sonra danış” prinsipinə əməl etmək və “mən haqlıyam” ədasından xilas olmaqdır. Çünki vəziyyət gərginləşdikdən sonra, itirəndən sonra, iş-işdən keçəndən sonra artıq haqlı olmağın da bir mənası qalmır…

“Heç nə”yə görə böyük şeylər itirməyək

Mövzu “heç nə” olsa da, bu mövzuda çox şeylər yazmaq olar. Çünki ən böyük problemlər çox vaxt “heç nə”dən başlayır…

Bir gün dostu Molla Nəsrəddindən soruşur:

– Molla, dünya neçə metrdir?

Bu vaxt onların yanından bir cənazə keçirdi. Molla cənazəni göstərib dedi:

– Məncə, ondan soruş! Çünki ölçdü, biçdi, indi də gedir…

Mollanın sözü olmasın, ölçüb, biçib bir gün biz də gedəcəyik. Əsas odur ki, ölçüb-biçəndə “heç nə”yə görə kimlərinsə qəlbini qırmayaq, “heç nə”yə görə böyük problemlərin başlamasına imkan verməyək, “heç nə”yə görə böyük şeylər itirməyək, “heç nə”yə görə sonradan peşiman olmayaq…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here