“Ən böyük kommunal problemi qazdır”

411

Paytaxtda eləcə də bölgələrdə əhaliyə təbii qazın verilməsində tez-tez fasilələr olur. “Azəriqaz” QSC bunun səbəbini aparılan təmir işləri ilə əsalandırır. Bəs payızda adıçəkilən qurum qış mövsümünə hazır olduğunu bəyan edir, o zaman hər gün mavi yanacaq niyə fasilələrlə verilir? “Azəriqaz”ın bu əsaslandırılması nə dərəcə doğrudur, əhalinin istehlakçı hüquqlarını pozurmu? Kommunal xidmətlərlə bağlı problem nə zaman sona çatacaq?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, soyuq hava ilə bağlı qurum bir çox işləri təxirə salıb: “Əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma havaların qarlı keçməsinə görə bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb. Hazırda respublika ərazisində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı bir əvvəlcədən planlaşdırılmış təmir işləri həyata keçirilmir. Əhalinin təbii qaza olan tələbatı təmin edilir. Təbii qaza olan tələbat artdıqca qazın verilişində də artım olur. Onu da qeyd edim ki, zərurət yarandıqda hər hansı qəza olduqda təmir işləri aparmaq məcburiyyətində qalırıq. Axı Bakı və Abşeron qaz təchizatı şəbəkəsinin xeyli hissəsi SSRİ-dən, 60-70-ci illərdən qalıb. “Azəriqaz” 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib. Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır. Qazın olmaması barədə məlumat düzgün deyil. Hansısa evdən və ya binadan xəbərdarlıq olursa, bu zaman biz bu işə baxırıq və həmin ərazini qaz ilə təchiz edirik”.

Kommunal məsələlər üzrə ekspert Nüsrət İbrahimov bizimyol.info-ya açıqlamasında bildirib ki, əhaliyə qazın verilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında olur: “Müqavilədə bütün şərtlər göstərilməlidir. Təchizatın hüquq və vəzifələri, alıcının və satıcının hüquq və vəzifələri həmin müqavilədə qeyd olunur. Qaz hansı təzyiqlə verilməlidir, onun keyfiyyəti necə olmalıdır, ödənişləri necə olmalıdır, hüquq pozuntusu olduqda hansı cərimələr tətbiq olunur və s. Bu qaydalar müqavilədə qaz alıcıya verilməmişdən öncə öz əksini tapır. Müqavilələri əsas götürüb məhkəmələrə müraciət etmək olar. Qarşı tərəfin cəzalandırılmasını tələb etmək lazımdır”.

N.İbrahimov özü də son zamanlar qaz xidmətindən şikayətçi olduğunu bildirir: “Bunun başqa yolu yoxdur. Dəfələrlə qaynar xəttə zəng vurmuşam, ancaq heç bir tədbir görülmür. Ən yaxşı halda məsələyə baxıldığını deyirlər. Bu problem məhkəmə yolu ilə həll olunmalıdır. Başqa yolu yoxdur”.

İqtisadçı ekspert Natiq Cəfərli də son günlər yaranan problemdən şikayətçidir. Ekspert sosial şəbəkədə yazdığı statusda bildirib ki, evdə su, qaz, arada işıq kəsilir, bir çox insanlarda da eyni problemlər var: “Dövlətin inhisarçı qurumların belə şəraiti təmirlə əlaqələndirirlər. Bu ölkədə bütün müqavilələr vətəndaşı yükləmək üçün tərtib edilir, ancaq vətəndaşın məsuliyyəti nəzərdə tutulur, inhisarçı dövlət təhcizatçı qurumların heç bir məsuliyyəti yoxdur. Necə ola bilər ki, vətəndaş ödənişi gecikdirəndə işığını-suyunu-qazını kəsirlər, amma dövlət şirkətlərinin günahından vətəndaşın kommunal xidmətlərdə təchizatı dayananda, onlar heç bir məsuliyyət daşımır?! Bir gün qazımı kəsdin, həmin ay mənə 10% güzəşt et, 5 gün işıq olmadı, həmin ay ödəniş alma, suyum 3 gün gəlmədi – həmin ay 50% güzəşt ver! Sxem belə olmalıdır, dövlət iqtisadiyyatda ən pis menecerdir, dövlət bu sahədən çəkilməli, özəl şirkətlərlə vətəndaş arasında normal, işlək müqavilələr bağlanmalıdır. Bu həm dövlətin xərclərini azaldacaq, həm də vətəndaşa keyfiyyətli xidmət almağa şərait yaradacaq. Bacarmır bu işləri dövlət şirkətləri, qabiliyyətləri çatmır buna…”

Facebook səhifəmizdə apardığımız sorğu ilə hansı bölgələrdə qazın verilməsində problem olduğunu soruşduq. İzləyicilərimizin fikirlərini təqdim edirik:

İmran Sadıqov deyir ki, qazı birdəfəlik kəssələr, bilərdik ki, qaz yoxdur: “Çarəmizə baxardıq. Şam bizim qazdan yaxşı yanır. Bu gün isə heç şam kimi də yanmır”.

İxtiyar Əliyev deyir ki, Kürdəxanıda hər gün qaz problemi yaşanır: “Bizim əraziyə kim baxırsa, Allah onun bəlasını versin. Qazın təzyiqini parniklərə verir, yaşayış evləri isə soyuqdan donur”.
Əjdər Əsədov deyir ki, artıq yaranmış vəziyyətdən beziblər: “Sabunçu rayonu Ramana kəndində bu ay üçüncü dəfədir ki, qazı kəsiblər. İndi də həmçinin. Həftədə azı 2 dəfə kəsirlər. Bəhanələri də odur ki, təmirlə əlaqədardır”.

Gülarə Aslan deyir ki, bununla 2-ci dəfədir ki, Naftalanda qazı kəsirlər: “Heç vaxt qaz problemimiz olmayıb. Onsuz da qızdırıcılar ilıq idi, evlər güclə isinirdi. İndi də qaz yoxdur deyə sönüb, buza dönüb. Millətin evində körpəsi, qocası, xəstəsi var. Niyə əhaliyə zülm edirlər axı?”

Ülviyyə Həsən deyir ki, Əhmədlidə yaşayır və həftədə azı bir gün səhərdən axşamadək qaz kəsintisi olur: “Ayrıca xətt çəkdirmişik 1 aydır. Hələ o qazı da vermirlər. Bilmirsən, məqsəd nədir”.

Bəykişi Cabbarlı deyir ki, Azərbaycanın ən böyük kommunal problemi qazdır: “Dollar qalxır, qazın qiyməti də qalxır. Dollar düşsə belə, qaz eyni qiymətdə qalacaq. Hələ artım da ola bilər. Qaldı ki yaşadığım yerə, qar yağan zaman gediş-gəliş çətin olur. İcra hakimiyyəti heç bu rayonla maraqlanmır. Büdcədən ayrılan pulu mənimsəyirlər “.

Yalnız Naxçıvandan yazan izləyicilərimiz indiyə kimi hər hansı kommunal problemlə qarşılaşmadıqlarını bildiriblər. Bundan başqa, izləyicilərimiz tərəfindən Bakının Xətai, Xəzər, Binəqədi, Nəsimi rayonlarında qaz probleminin olduğu bildirilib. Lənkəran, Şəmkir və İmişlidən yazan izləyicilərimiz bölgənin müxtəlif yerlərində qazın zəif və ya heç olmadığını yazıblar.