“Quba” dedikdə alma, “alma” dedikdə Quba yada düşür

752

Oktyabın 22-də Qubada “Alma bayramı” keçirildi. Quba rayonunda üçüncü dəfə təşkil olunmuş bu bayram qubalıların hər birində xoş əhvali-ruhiyyə oyatmışdı. Onların bu sevinci bir-biri ilə salamlaşdıqdan sonra “Alma bayramınız mübarək” söyləmələrində də özünü açıq-aydın biruzə verirdi.

… Saat 12 radələrində ctimaiyyətin nümayəndələri dəstə-dəstə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkına axışırdılar. Hamının üzündə sevinc vardı. Tədbirə ölkəmizdə ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, ətraf rayonların icra başçılarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin heykəlinin önünə tər çiçəklər qoymaqla start verildi.

 

q4“Alma bayramı”nın rəsmi hisssəsində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bütün tədbir iştirakçılarını salamladı. O, bu tədbirin ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə keçirildiyin vurğuladı. O, ənənəyə çevrilmiş “Alma bayramı”nın bu füsunkar obanın meyvəsinin – almanın daha geniş şəkildə təbliğinə, həm də Qubaya diqqəti cəlb etmək məqsədinə xidmət etdiyini söylədi. İcra başçısı onu da vurğuladı ki, belə tədbirlər yerli sakinlərdə də xoş ovqat yaradır. İstər ulu öndər Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyev tərəfindən Qubaya, qubalılara həmişə böyük qayğı göstərildiyini vurğulayan icra başçısı bir faktı diqqətə çatdırdı: “Son iki ildə Qubada 50-dən çox istirahət mərkəzi, sosial obyektlər, idman kompleksləri, səhiyyə müəssisələri, məktəblər tikilib qubalıların istifadəsinə verilib. Prezidentimiz iki ildə Quba ilə bağlı 7 sərəncam imzalayıb”. Onun sözlərinə görə, cənab Prezident Qubada yol infrastrukturunun yenidən qurulmasına da xüsusi diqqət göstərib və göstərməkdədir: “Bu yaxınlarda rayonun 10 mindən çox insanın yaşadığı 7 yaşayış məntəsini birləşdirən və 23 km uzunluğunda olan Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi başa çadırılaraq istifadəyə verildi. 12 yaşayış məntəqəsini birləşdirən və 31 km uzunluğunda olan Rustov-Xanagah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar yollarının layihə sənədləri hazırlanaraq tikiniti işlərinə başlanılıb. Quba-Qonaqkənd-Şamaxı yolunun çəkilişi ilə əlaqədar nəzərdə tutulmuş işlərin görülməsi davam etdirilib”.

“Qubaya dövlət tərəfindən belə qayğılar çoxdur”, – sözləri ilə çıxışını davam etdirən Mübariz Ağayev daha sonra dedi: “Bildiyiniz kimi, Quba aqrar rayondur. Meyvəçilik bu rayonun əsas iqtisadiyyatını təşkil edir. Bu sahə diqqətdədir. Bu il 110 min ton almanın tədarük olunması dediklərimə bariz misaldır. Onu da deyim ki, iqtisadiyyatımız keçən illərlə müqayisədə 4,5 faizə qədər yüksəlib, camaatın maddi-rifahı yaxşılaşıb”. Mübariz Ağayev cıxışının sonunda tədbir iştirakçılarını bu bayram münasibətilə bir daha təbrik etdi.

 

“Dinamik inkişafa nail olunub”

q6Qubalıların sevincinə qoşulmaqdan qürur duyduğunu vurğulayan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev mənsub olduğu nazirlik adından tədbir iştirakçılarını təbrik etdi. Daha sonra aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən söz açan İlham Quliyev bildirdi ki, ölkəmizdə aqrar sahəsinin inkişafı ulu öndərin adı ilə bağlıdır.  İstər sovet, istərsə də müstəqillik dönəmində məhz onun sayəsində bu sahə inkişafa nail olub: “Bildiyiniz kimi, sovet dönəmində ölkəmiz aqrar sahədə həmişə rekord göstəricilər əldə edib və SSRİ-nin keçici bayraqlarını alıb. Müstəqillik dövründə isə yaranmış tənəzzülün qarşısının alınması məqsədilə ulu öndər aqrar sahədə bir sıra islahatlar aparıb. Kolxoz və sovxozlar ləğv olunub, onların torpaq və mülkiyyəti istehsalçılar arasında bölüşdürülüb. Ulu öndərin bu uğurlu islahatI ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev tərəfindən daha da genişləndirilib və nəticədə kənd təsərrüfatının dinamik inkişafına nail olunub. 2003-cü ildən aqrar sənaye ilə bağlı müxtəlif sənədlər (regionların sosial-iqtisadi inkişafı, əhalinin etibarlı ərzaq təminatı, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi və sairə ilə bağlı) imzalanıb ki, onların hər biri aqrar sahənin inkişafına öz töhfəsini verib və verməkdədir. Hər bir sənəd əhalinin kənd təsərrüfatı məhsullarının istehsalçılarının dövlət tərəfindən dəstəklənməsinə xidmət edir”. Onun sözlərinə görə, “Alma bayramı” kimi tədbirlər də bu sahənin inkişafına öz töhfəsini verməkdədir.

 

“Alma bayramı” – gözəl bir tədbir

Millət vəkili Vahid Əhmədov isə çıxışına bu sözlərlə başladı: “Bir neçə gün əvvəl cənab Prezident Nazirlər Kabinetində keçirdiyi iclasda ilk dəfə olaraq belə bir ifadə işlətdi: “Azərbaycan iqtisadi cəhətdən müstəqil bir dövlətdir”. Doğrudan da, bu gün Azərbaycan iqtisadi cəhətdən çox dövlətlər arasında, mən deyərdim ki, çox az dövlətlər sırasında olan bir dövlətdir ki, iqtisadi cəhətdən müstəqildir. Bəli, iqtisadi cəhətdən müstəqil olan bir dövlət müstəqil siyasət həyata keçirməyə də qadirdir”.

Daha sonra çıxışını: “Ölkəmizin dövlət başçısı kənd təsərrüfatının inkişafına çox böyük diqqət yetirir”, – sözləri ilə davam etdirən millət vəkili dedi ki, son 7-8 ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 milyard manata yaxın vəsait sahibkarlara verilib. Bundan qubalılar da bəhrələniblər. Elə rayon üzrə aqrar sahədə əldə edilən uğurlar da bunun bariz nümunəsidir. O, son illər Qubada həyata keçirilmiş işləri də yüksək dəyərləndirib. Millət vəkili “Alma bayramı” ilə rayonda artıq gözəl bir tədbirin də əsasını qoyulduğunu vurğuladı.

 

“Alma bayramı” təkcə məhsul bayramı deyil”

q9Millət vəkili Elton Məmmədov artıq ölkə miqyasında belə tədbirlərin keçirilməsinin bir ənənəyə çevrildiyini söylədi. Onun sözlərinə görə, belə tədbirlərin keçirilməsi respublikamızda iqtisadi-siyasi sabitliyin bariz nümunəsidir: “Belə tədbirlər həm də insanları bir-birinə daha mehribanlaşdırır”. O daha sonra dedi: “Bu gün əslində təkcə məhsul bayramı -“Alma bayramı” deyil, həm də həmrəylik bayramıdır. Bu, regionda insanların dövlət siyasətinə dəstəyidir, tolerantlığın nümunəsidir”. Millət vəkili Qubanın simasının da yaxşılığa doğru çox dəyişdiyini söylədi. Onun sözlərinə görə, bu inkişafdə hər bir sakinin əməyi vardır.

 

“Fətəli xan” da vardı

Rəsmi hissədən sonra təntənəli parada – keçidə start verildi. Şən musiqi sədaları altında alma ilə dolu maşın karvanı, eləcə də Qubada fəaliyyət göstərən bir sıra kollektivlər tədbir iştirakçılarının qarşısından keçdilər. Bu kollektivlərin nümayiş etdirdikləri hər bir kompozisiya maraqla qarşılandı.

q11Qeyd edək ki, daha sonra tədbir 6 hektarlıq ərazidə düzənlənmiş stendlərə baxışla davam etdirildi. Bayram ovqatlı bu məkan iştirakçıların marağına səbəb olacaq dərəcədə gözəl tərtib olunmuşdu. Qədimliyi və gözəlliyi ilə seçilən misgərlik, nəqqaşlıq, memarlıq inciləri hamıda maraq doğururdu. Rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər də maraqla izlənilirdi. Kəndirbazların və pəhləvanların nümunəvi çıxışları tədbir iştirakçılarına daha xoş anlar yaşadırdı. Qonaqları qarşılayanlar arasıdan “Fətəli xan” da vardı. Hətta “Fətəli xan” qonaqlara öz xeyir-duasını da verdi.

 

“Gün o gün olsun ki…”

Tədbir çərçivəsində mərasim iştirakçıları ilə də həmsöhbət olduq. Quba rayonun Alpan kənd üzrə icra nümayəndəsi Tofiq Qubatovun sözlərindən aydın oldu ki, belə bayramlar insanların mənəviyyatı və psixologiyasına öz müsbət təsirini göstərir, onlarda vətənpərvərlik duyğularını, dövlətə inam və dövlətçilik ruhunu gücləndirir. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə bu bayramı həm də ünsiyyət bayramı adlandırdı. Quba rayonun Qəçrəş kənd sakini Zahəddin Ağasiyev belə bayramların hər bir sakinin ürəyincə olduğunu dilə gətirdi. Xanəgah kəndinin 75 yaşlı sakini Quliyev Sadıq belə bayramların respublika miqyasında keçirilməsinin arzusunda olduğunu söylədi: “Bir arzum isə budur ki, gün o gün olsun ki, Qarabağda da belə bayramlar təşkil edək”. Quba Rayon Rayon Ağsaqqallar Şurasının sədri Həsən Günəşli “Alma bayramı”nın bu sahəyə marağın daha da artmasında bir stimul olduğunu bir daha vurğuladı.

Malik Abbasov isə bu tədbirin tərtibatında müəyyən xidmətləri olduğunu qeyd etdi.

 

Qubanın sinonimi

Əhməd Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitunun şöbə müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Ələddin Sadıqov bizimlə söhbətində dedi ki, Qubada belə bayramın keçirilməsi təbiidir. Çünki Quba dedikdə alma, alma dedikdə Quba yada düşür. Bu mənada alma “Quba” sözünün sinoniminə çevrilib desək, yanılmarıq. Bir sözlə, Qubanı məşhur edən, təbii ki, onun almasıdır. Bu gün süfrələrin bəzəyi olan Quba almasının sorağı nəinki respublikamızın müxtəlif bölgələrindən, həmçinin dünyanın müxtəlif ölkələrindən gəlir. Onu da deyim ki, hazırda Qubada 500-dən çox alma sortu yetişdirilir. Onlardan 200-ü daha çox yayılıb. Onu da deyim ki, geni modifikasiya olunmuş sortlar Qubada, demək olar ki yoxdur”. Onun sözlərinə görə, hazırda ölkə üzrə 134 min hektar meyvə bağı vardır ki, bunun 30 min hektarı alma bağıdır. Quba rayonunda 14 min hektardan çox meyvə bağı var ki, onun da 12 hektarı alma bağlarıdır.

Qeyd edək ki, bayram konserti ilə davam edən tədbir atəşfəşanlıqla başa çatdı.