“Əmlak bazarında ciddi qiymət artımları proqnozlaşdırılmır”

539

Hazırkı mərhələdə daşınmaz əmlak bazarında alğı-satqı etmək çox risklidir”. Bu sözləri bizimlə söhbətində daşınmaz əmlak üzrə ekspert Şamo Mikayılov dedi. Onun sözlərinə görə, hazırda istirahət mövsümü olduğundan daşınmaz əmlak bazarında durğunluq yaşanır: “Qiymətlər son vaxtlar xeyli ucuzlaşıb. Avropa Oyunlarından öncə fikirlər haçalanmışdı, bir qisim insan qiymətlərin ucuzlaşacağını, bir çoxları isə oyunlar bitəndən sonra daşınmaz əmlakın qiymətinin kəskin bahalaşacağını söyləyirdi. Ona görə də həmin dövrdə, demək olar ki, bazarda alğı-satqı minimuma düşdü. İndi də eyni vəziyyətdir, nəticədə qiymətlər xeyli ucuzlaşdı. İndiki mərhələdə daşınmaz əmlak bazarında alğı-satqı etmək ona görə risklidir ki, qiymətlərin bahalaşacağı, yoxsa ucuzlaşacağını təxmin etmək mümkün deyil. Yəni bu gün daşınmaz əmlaka pul qoyarsan, sabah ucuzlaşa bilər və ya daşınmaz əmlakını satışa çıxararsan, sabah qiymətlər kəskin qalxa bilər. İndiki vəziyyət elə bir vəziyyətdir ki, heç nəyi proqnozlaşdırmaq olmur”.

“Kim hansı qiymətə istəyir, mənzilini satışa çıxarır – stabil qiymət yoxdur”

Müsahibimiz son dövrlər daşınmaz əmlak bazarında qiymətlərin təxminən 20 faiz ucuzlaşdığını dedi: “Qiymətlər bundan sonra da ucuzlaşa bilər. Lakin heç nəyə qarantiya vermək olmur. Ona görə ki, bazarda alıcı aktivliyi olanda qiymətlərdə artım ola biləcəyini təxmin edirsən, amma indi durğunluq olduğuna görə vəziyyət hər iki mənada dəyişə bilər”.

Ekspertin dediyinə görə, hazırda daşınmaz əmlak bazarında stabil qiymət də yoxdur: “Dolların devalvasiyasının da bazara ciddi təsirləri oldu. İndiki halda bazarda stabil, konkret qiymət yoxdur. Kim hansı qiymətə istəyir, mənzilini satışa çıxarır. Adi bir misal deyim: eyni binada, təmiri eyni vəziyyətdə olan, eyni mərtəbədə yerləşən 2 mənzil satışa çıxarılır. Bir mənzilin sahibi 110 min qiymət deyirsə, digəri 120 min qiymət qoyur. Təbii ki, heç kim də heç nə deyə də bilmir. Dediyim odur ki, indiki anlaşılmaz vəziyyət daşınmaz əmlak bazarında qiymət özbaşınalığına gətirib çıxarıb”.

“Torpağın qiyməti isə ucuzlaşmayıb”

Ş. Mikayılov hesab edir ki, istirahət mövsümü bitdikdən, insanlar istirahətdən qayıtdıqdan sonra daşınmaz əmlak bazarında “sular qismən durulacaq”: “Hər halda biz elə düşünürük. Əgər onda da bazarda vəziyyət dəyişməzsə, nə olacağını bilmək olmur”.

Ekspertdən həyət evləri ilə bağlı vəziyyəti də soruşduq: “Eyni vəziyyət həyət evlərinə də aiddir. Alan azdır, qiymətlər son vaxtlar ucuzlaşıb, bundan sonra nə olacaq bilinmir. Amma boş torpaq sahələri ilə bağlı eyni vəziyyətin olduğunu deməzdim. Çünki durğunluğa, xaotik vəziyyətə baxmayaraq, son vaxtlar torpağın qiyməti ucuzlaşmayıb”.

“Daşınmaz əmlak axtarışına

çıxanlar kimlərdir?”

Ş. Mikayılovun dediyinə görə, bazarda passivliyin yaşanmasında insanların tərəddüdü də az rol oynamır: “Bir çoxları daşınmaz əmlakını satışa çıxarmağa tərəddüd edir”.

“Hazırda bazarda daşınmaz əmlak axtarışına çıxanlar kimlərdir?” sualımıza müsahibimizin cavabı belə oldu: “Qeyd etdiyim kimi, bazarda real alıcı kütləsi azdır. Əvvəl bazarda Rusiyadan gəlib daşınmaz əmlak almaq istəyənlərin sayı çox olardı. Hazırda, demək olar ki, yoxdur. Ümumiyyətlə, “mən bu il işləyib pul qazanmışam, ev almaq istəyirəm” deyənlər demək olar ki, yoxdur. İndi ev axtarışına çıxanlar ipoteka götürə bilənlər, çoxotaqlı evini satıb uşaqları üçün ayrıca ev almaq istəyənlər, obyektini satıb, ev axtarışına çıxanlardır”.

Nicat İntiqam