Əməli addımlar atıldıqca…

0
316

Energetiklər qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib. Növbəti səyyar görüş qəsəbədə yerləşən Tibb kollecində olub. Abdulla Şaiq, Naxçıvan, Cəmil Əliyev küçələrinin sakinlərini və burada iştirak edən ictimaiyyət nümayəndələrini, idarə və təşkilat rəhbərlərini, KİV təmsilçilərini salamlayan şəhər rəhbəri İlham İsmayılov  inkişaf yolunda inamla irəliləyən Azərbaycanın ötənilki uğurlarından danışıb.. Qeyd olunub ki, ölkəmizin hər yerində infrastruktur layihələr reallaşdırılır. Ötən il ümumdaxili məhsul istehsalı, sənaye məhsullarının istehsalı artmış, aqrar sahədə, həyatın digər sahələrində müvəffəqiyyətlər əldə edilmişdir. Ölkə prezidenti İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunur. Vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması itiqamətində davamlı olaraq tədbirlər görülür. Regionların Sosial İqtisadi-İnkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə də ardıcıl quruculuq işləri reallaşır. Belə ki, ötən il şəhərdə 3 yerdə istirahət parkının tikintisinə başlanıb, məhəllələrdə abadlıq işləri aparılıb. Onlarla yaşayış binasının blokları əsaslı təmir edilib, pəncərə çərçivələri, şüşəbəndlər, giriş qapıları qoyulub. Bir çox küçədə işıqlandırma sistemi quraşdırılıb. Bu il də əsaslı tikinti və abadlıq işləri davam etdiriləcək. Ayrı-ayrı yerlərdə istirahət parkları salınacaq, küçələr asfaltlanacaq. Sakinləri narahat edən hər bir problemin həlli diqqət mərkəzində olacaq.

Çıxış edən qəsəbə sakinləri – Ələkbər Alıyev, Məhərrəm Məmmədov, Sabir Paşayev, Nüsrət Cəfərov, Baxşəli Əzimov, Sabir Əzizov onları narahat edən problemlərdən söz açıblar. Onlar binalarda istilik sisteminin quraşdırılması, kanalizasiyaların təmizlənməsi və dərmanlanması, blokların təmiri, işıqlanma sisteminin quraşdırılması, ağacların suvarılması üçün yeni xətlərin çəkilməsi ilə bağlı təkliflər irəli sürüblər. Abdulla Şaiq küçəsindəki 4 saylı binanın sakini İslam Şirinov bu yaxınlarda binalarının zirzəmisində əsaslı təmir işlərinin aparıldığını, hazırda isə blokların təmir edildiyini bildirərək, ölkə Prezidentinə minnətdarlığını ifadə edib.

Qaldırılan problemlərin həlli üçün əməli addımların atılacağını bildirən İlham İsmayılov müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.

Esmira Hidayətova, Mingəçevir