Əməkdar artist: “Heç kim heç kimin yerini doldurmamalıdır”

0
497

Əməkdar artist: “Heç kim heç kimin yerini doldurmamalıdır bu, sovet ideologiyasý idi”

– Zaur bəy, müsahibə üçün redaksiyamıza gələnədək bir neçə telekanalın qonağı olmusunuz. Şou verilişlərlə bağlı cəmiyyətdə münasibət birmənalı deyil, əksəriyyət tənqid edir. Bəs siz verilişlərə çağırılarkən həmkarınızın kim olması ilə maraqlanırsınızmı?

– Xeyr. Mən bununla maraqlansam, onlara bu barədə fikrimi bildirsəm, gələn dəfə məni çağırmayacaqlar. Bu, gəmidə gəmiçi ilə mübahisə etməyə bənzəyir. Mənim bir prinsipim var ki, səni ən pis verilişə belə çağırsalar, sən özünü orada təqdim eləməlisən. Əgər bir parıltı varsa, palçığın içərisində belə mütləq seçiləcək. Səməd Vurğunun bir şeiri var:

Qızılı udsa da qara torpaqlar,

Yenə qiymətini özündə saxlar.

Mən kiməm? Mənim üçün əsas olan budur.

– Yeri gəlmişkən, Milli Televiziya və Radio Şurası (MTRŞ) şou-biznes yönümlü bəzi proqramlarla bağlı iradlarını açıqlayıb. Buna münasibətiniz?

– Mən istəyirəm ki, şou-biznes nümayəndələri adi həyatda elədiklərini efirdə eləməsinlər. MTRŞ-yə dərin təşəkkürümü bildirirəm. Bu, çoxdan olmalı idi. Sağ olsunlar. Mən bu cür verilişləri qeyri-ciddi qəbul edirəm. Mənim xalqım bu deyil. Mənim soyum var, köküm var, mən Üzeyir Hacıbəyovun davamçısıyam, Qara Qarayevin, Fikrət Əmirovun davamçısıyam. Mən o verilişləri yaradanları, o aparıcıları özümüzdən saymıram. Mənim üçün çox çətindir. Düşünürəm ki, bunlar bir alaq otlarıdır, təmizlənəcəklər. Sağ olsunlar, düzgün addım atdılar. Hər şeydən öncə evdə övladımız böyüyür. İstəyirəm ki, övladım öz kanallarımıza baxsın və bəhrələnsin.

– Sizin beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr etdiyiniz “Əlvida” mahnınız var (sözləri Cabir Novruz, musiqisi Oqtay Kazımi). Belə bir mahnıya müraciət etməyinizin bir özəl səbəbi varmı?

– Bir jurnalist dostum təklif etmişdi. Bu mahnı çox böyük səs-sədaya səbəb oldu. İnsanları, həqiqətən, kövrəltmişdi. Təşəkkür etdilər ki, sağ olun, yad elədiniz. Yaxşı bir niyyət idi.

– İtirdiyiniz pulla dolu portmanatınız qədər sizi daha nələr yandırıb?

– Məni itirdiyim portmanat yandırmayıb. Şükür ki, itirdiyim portmanatı da qaytarıb gətiriblər mənə. Məni yandıran ən böyük şey itirdiyim vaxt və keçmişdə etdiyim müəyyən səhvlərdir. Böyük səhvlərdən söhbət gedir. Portmanatı itirmək elədir ki, su gələn arxa yenə də gəlir. Bu elə də önəmli deyil əslində. Elə şeylər var ki, zaman keçib və sən artıq o lazımsız işləri görmüsən…

– Müxtəlif dillərdə mahnılar ifa etmisiniz. Hansı dilləri bilirsiniz?

– Ana dilimdən başqa, mənim ən yaxşı bildiyim dil rus dilidir. Çox yaxşı bilirəm rus dilini. Bunu özümə böyük bir qazanc hesab edirəm. Çünki rus dili zəngin və çətin dildir. İngilis dilində isə rus dili ilə müqayisədə anlayışım var deyərdim. Oxuduğum xarici mahnılarda çalışıram ki, bütün sözləri, bütün vurğuları olduğu kimi edim.

– Zaur Əmiraslanovun çoxlu pulu olsa, nəyə xərcləyərdi?

– Çoxlu pulum olsa, xeyriyyəçilik edərdim. Amma etibar elədiyim bir yer olmalıdır ki, həqiqətən, etdiyim xeyirxahlıq getsin çatsın öz ünvanına. Bir də öz doğmalarıma, yaxınlarıma köməklik edərdim. Mənim üçün ən önəmlisi doğmalarımdır, yaxınlarımdır. İllər keçdikcə başa düşürəm ki, insanın ən yaxın dostu öz içindəki inam, öz doğmalarıdır. Təki pulumuz olsun ki, nə isə bir iş görə bilək.

– “Payız” adı çəkiləndə gözləriniz qarşısında “Bakı payızı – 2001” canlanır, yoxsa… Ümumiyyətlə, birinci olmaq sizin təbiətinizdən irəli gəlir?

– Xeyr. Həmin müsabiqədə birinci olarkən bəxtim gətirmişdi. Mən heç vaxt özüm haqqımda yüksək fikirdə olmamışam. Bizim orada birinci olmağımızın səbəbi o oldu ki, royal müşayiəti sədaları altında ifa elədik. O biri ifaçı dostlarımdan seçildim. Birinci olmağım əslində özüm üçün də gözlənilməz oldu. Amma mənim üçün “Bakı payızı” çox dəyərlidir. Həyatımın o dövründə baş verənləri çox sevirəm. O dövrdə dediyim kimi, həyatımda səhvlər də, xətalar da olub – onları çıxmaq şərti ilə.

– Qaraçılarla sizi bağlayan nədir?

– Mənim çox böyük hörmətim var onların yaşam tərzinə. Onlar həmişə maraqlı olublar. Doğrudan da, qeyri-adi istedadlı insanlar olurlar. Mən onların musiqilərini də çox sevirəm – bağlılığımız odur. Bir də qıvrım saçlarım ola bilsin ki, bağlayır bizi (gülür). Mənim İlhamə Məsiyevanın musiqisinə yazılan “Qaraçı harayı” mahnım var. Zaur Əmiraslanovun əslində kütləvi şəkildə gündəmdə olmamasının səbəbi müəyyən məsələlərə ciddi yanaşması olub. Ola bilər ki, bu mahnı mənə gəlir gətirməyəcək, bu mahnı mənə populyarlıq gətirməyəcək, ancaq mən bunu oxumalıyam. Deyir, “balığı at dəryaya, balıq bilməsə də xaliq bilər”. Mən həmişə fikirləşmişəm ki, el üçün olsun, vətən üçün olsun, hərbçilərimiz üçün olsun. Mən özüm də hərbçiyəm bildiyiniz kimi – zabitəm, Daxili Qoşunların baş leytenantıyam. Bundan da böyük qürur hissi keçirirəm. Əslində belə bir tendensiya var idi ki, məni küçədə görən insanlar uzaqdan barmaqla göstərirdilər ki, bu oğlan ciddi ariyalar, hərbi mahnılar oxuyan oğlandır. Yəni məndən bir az çəkingənlik var idi və bu mənə pis təsir eləyirdi ki, mən öz elimin, obamın, xalqımın övladıyam da. Mən istəyirəm ki, doğrudan layiq bir övlad olum bu xalqa, elə obaya.

– İndiyə qədər Qazax haqqında bir klip olmayıb. Bu həmin boşluğu doldurmaqdan ötrü bir addım idi, yoxsa…

– Nəhayət, neçə ildən sonra Qazaxa aid “Qazaxdadır” mahnısı ifa etdim. Bu mahnını biz dünya səviyyəsində bir aranjiman etdirdik. Əlbəttə, mənim yanaşmam bir az akademik oldu. Bizim el dilində mənə deyilən xoş sözlər, alqışlar, məni küçədə görüb bağrına basmaq, ağbirçək anamızın, hansısa ağsaqqalımızın mənim əlimi sıxması böyük bir qürur verdi. İnsanlar gördülər ki, Zaur tək o Zaur deyil. Mədəniyyət sahəsindən olan bəzi insanlar deyirdilər ki, gəlin Zauru çağırmayaq efirə – çünki maraqsızdır. Niyə maraqsızdır, siz onu yaxından görmüsünüz, tanıyırsınız? Deyiblər ki, kənardan təkəbbürlü görünür, oxuduqları ciddi əsərlərdir, o kimisə gəlib burada ağıllı-ağıllı tənqid edəcək, onun savadı var – gəlin onu çağırmayaq. Yaxud gəlin ondan uzaq olaq. İndi pis bir məqam yaranıb ki, ciddiliyə elə bil üstünlük azalıb. Bu ciddidir, gəlin bunu çağırmayaq. Tərs olub hər şey. Mənim atamdan, babamdan görmüşəm ki, Böyük Vətən müharibəsinin, Qarabağ döyüşlərinin iştirakçısı olublar. 75 yaşında Ağdərə döyüşündə iştirak eləyən və 92 yaşında öz ölümü ilə dünyasını dəyişən insan olub babam. Mən başqa cürə ola bilməzdim. Mən elə bil ki, uşaq vaxtlarımdan incəsənət adamı olmuşam. Uşaqlıqdan qəribə bir tipajım olub, qəribə bir uşaq olmuşam. Həmişə çalışmışam ki, ciddiliyi, əxlaqı, mənəviyyatı qoruyub saxlayım. Bu gün də onun bəhrəsini görürəm. Mən düşünürdüm ki, bu mənə çətinlik yaradacaq. Lakin 2012-ci ildə dövlət başçısı tərəfindən “Əməkdar artist” adına layiq görülməyim mənə çox böyük qürur verir, böyük stimul verir. Hə, onu da qeyd edim ki, “Qazaxdadır” mahnısı həm şəhər dinləyicisinin, həm də regionda yaşayan dinləyicilərin xoşuna gəlir.

– Müzakirələrin ən çox getdiyi ünvanlardan biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Bəli, mən sosial şəbəkələrdən istifadə edirəm. Mən sovet dövrünün – 1980-ci illərin övladıyam. Mənə çətin oldu müasirləşmək, sosial şəbəkələrdən istifadə. Deyək ki, çulumu sudan çıxarıram, amma müasir gənclər kimi, müasir istifadəçilər kimi istifadə edə bilmirəm. Sosial şəbəkələr bağlılıq yaradır. Həyatda ən pis şey bağlılıqdır.

– İtaliyada 2 aylıq vokal təcrübəsi keçmisiniz. Bugünkü vokal sənətimiz barədə nə deyə bilərsiniz.

– Bəli, İtaliyada 2 aylıq təcrübə keçmişəm. Demirəm ki, böyük bir məktəb keçdim, böyük uğurlara imza atdım. Mən orada, sadəcə olaraq, doğma Azərbaycanımda öyrəndiyim məktəbin cilalanması üçün ola bilər ki, nə isə öyrəndim. Bizdə Sovet dövründən qalan vokal məktəbi çox gözəldir. Azərbaycanın Əməkdar artisti Ağakərim Kərimovun tələbəsi olmuşam. Operanın solisti idi, qalın bas səsi var idi. İnanın ki, oxuyanda şüşələr silkələnirdi. Çox gözəl, səmimi bir insan olub. 1-ci kursdan magistraturaya qədər Xuraman və Fidan Qasımova bacılarının tələbəsi olmuşam. İnanın, mən çox sevinirəm ki, belə canlı əfsanələri görmüşəm, onlardan dərs almışam. Mənim burada öyrəndiyimi mənə heç kim öyrədə bilməz başqa yerdə. Azərbaycanda vokal məktəbi də var, operamız da var, incəsənətimiz də yüksək səviyyədədir, folklorumuz da var. Sadəcə olaraq, biz özümüz də onu dəyərləndirməliyik.

– Zaur bəy, sənətə yeni gələn gənclər korifeylərin yerini doldura biləcəklərmi?

– Mən dünənə qədər düşünürdüm ki, kimsə kiminsə boşluğunu doldurmalıdır. Amma əslində heç kim heç kimin yerini doldurmamalıdır. Mən dünənə qədər heç kimi qəbul etmirdim, özüm-özümlə mübarizə aparırdım, savadsızı qəbul etmirdim. Sonra başa düşdüm ki, dövr dəyişir, informasiyanın qəbul formaları dəyişir. İndi lazım deyil, məncə, bu cür düşünmək. Bu, sovet ideologiyası idi ki, kimsə kiminsə davamçısı olmalıdır. Hər kəs öz yolunu qoyub getməlidir. Elə bir yol qoymalıdır ki, təkrarsız bir yol olsun. Bizim xalqımız musiqi baxımından o qədər tələbkardır ki, müasir estradamızda, şou-biznesimizdə ələnmə gedir, bayağılıq deyirik – bu müvəqqəti çətinlikdir. Şou-biznesimiz getdikcə çox möhkəmlənir və gözəl ifaçılarımız var əslində.

– El şənliklərinə gedirsinizmi? Əvvəllər bəzi həmkarlarınız toya gedənlərə bir qədər qəribə baxırdılar.

– Gedirəm. Əvvəllər var idi o tendensiya. Amma indi inanın ki, elə bir duruma gəlib çıxmışıq ki, el şənliyinə getmək, əksinə, göstəricidir. İndi həmin adamlar bir-birlərinə sual verirlər ki, bu ay neçə dənə toyun olub? Mənim fikrimcə, el şənliklərində 300-400 nəfərin qarşısında çıxış etmək çox məsuliyyətlidir. Haradasa konsert vermək maliyyə tələb edir, büdcə tələb edir. Burada sənə pul da verirlər və dinləyirlər. Ayda 4 dənə toyun olursa, deməli, səni 2000 nəfər dinləyir. Əsas məsələ odur ki, sənin münasibətin necədir. Toyda əyləncə olur, rəqslər olur – hər şey yüksək səviyyədə, amma mənim şüuraltı insanlara yeridəcək bir istəyim var – klassika, klassika və yenə də klassika. Məsələn, nikah kəsiləndə fonda Qara Qarayevin musiqisi gedəndə bu şüura işləyir. Biz millət olaraq çox zövqlü millətik. Sədəcə olaraq, insanlara nə təqdim edirsən, onu da qəbul edirlər. Mən apardığım toyların açılışı “Arşın mal alan”la olur. Hər toyun sonunda sadə insanlar gəlib mənə təşəkkür edirlər ki, biz bu gün dincəldik. Əslində adi toy olub, sadəcə olaraq, toyun içərisində Müslüm Maqomayevdən, Rəşid Behbudovdan, Üzeyir Hacıbəyovun gözəl əsərlərindən ifa etmişəm. Əminliklə deyə bilərəm ki, Azərbaycan toylarında ilk dəfə klassikanı səsləndirən mən olmuşam. Müasir ifaçılardan danışıram. O klassikanı yox ha – məsələn, Rauf Hacıyevin mahnısından söhbət getmir. Mən çox sevirəm Rauf Hacıyevi. Amma ciddi bir klassik, dünya operasından əsər səsləndirməkdən söhbət gedir. Bu, ilk dəfə Zaur Əmiraslanov tərəfindən olub. Kimsə sifət turşudurdu, kimsə çölə çıxırdı, amma kimisi də dinləyirdi. Bu gün Zaur Əmiraslanovun toya çağırılmasının məqsədi odur ki, klassik mahnılardan, gözəl mahnılardan ifa etsin. Bu məni çox sevindirir. Fantaziyan olmalıdır, zövqün olmalıdır, kreativ olmalısan.

Nicat İntiqam, Pənah Abdurrahmanlı