Əməkdar artist: Diqqət və qayğı məsuliyyətimizi artırır

0
316

“Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü bütövlükdə milli mədəniyyətimizə qayğının bariz nümunəsi idi. Elə bu səbəbdən də həmin görüş böyük əks-səda doğurub. İndi hamı bu görüşdən danışır. Mənə belə gəlir ki, həmin görüş hələ çox müzakirə olunacaq”. Bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında söylədi.

Bildirdi ki, həmin görüşdə irəli sürülmüş təkliflər artıq reallaşmaqdadır: “Belə ki, dövlətimizin başçısı artıq “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, həmçinin “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” Sərəncamlar imzalayıb. Dövlətimizin başçısı görüşdə teatr işçilərinin əməkhaqlarının azlığı ilə bağlı qaldırılan məsələni də nəzarətə götürərək bununla bağlı təkliflər hazırlanmasına və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasına dair tapşırıq da verib. Şübhəsiz, görüşdə qaldırılan digər məsələlərin həlli istiqamətində də müvafiq addımlar atılmaqdadır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan mədəniyyətinin ölkəmizin ictimai-mədəni həyatında önəmli yeri var. Daha doğrusu, cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanmasında mədəniyyətimizin rolu əvəzolunmazdır. Bu mənada xalqımızın, milli dövlətçiliyimizin tərəqqisi üçün mədəniyyətin, incəsənətin də hərtərəfli və davamlı inkişafı çox vacibdir”.

Müsahibimiz vurğuladı ki, ümumiyyətlə, bu diqqət və qayğının təməlini   Ulu Öndərin həyata keçirdiyi islahatlar təşkil edir: “1990-cı illərin əvvəllərində teatrda ilk addımlarımı atmağa başlamışam və ümummilli lider Heydər Əliyevin mənim çalışdığım teatr da daxil olmaqla bütün teatrlarımıza daim diqqət və qayğısının şahidi olmuşam. Milli və ümumbəşəri mədəniyyəti çox yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman əzmkarlıq, fədakarlıq, təşəbbüs və yüksək təşkilatçılıq nümunəsi göstərirdi. Prezident İlham Əliyev də bizə öz diqqət və qayğısını əsirgəmir. Azərbaycan mədəniyyəti və incəsənətinin dünyaya inteqrasiya olunması istiqamətində yorulmadan çalışan, respublikamızı sivilizasiyalı ölkə kimi tanıdan Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərini himayə etməsi isə dövlət başçısının bizə münasibətinə xüsusi çalarlar əlavə edir”. 

Həmsöhbətimiz, həmçinin qeyd etdi ki, bütün bu diqqət və qayğı mədəniyyət sahəsində çalışanların üzərinə ciddi məsuliyyət qoyur: “Odur ki, indi hər bir sənət adamı öz işini günün tələbləri səviyyəsində qurmalı, daha yaxşı işləməli, dövlət müstəqilliyinin bərpasından sonra özünün yeni inkişaf mərhələsinə qədəm qoyan mədəniyyət və incəsənətimizə öz işi ilə yeni çalarlar əlavə etməli, bir sözlə, göstərilən qayğını, etimadı doğrultmalıdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil”