“Əllini keçəndə gözü yüzdədir”

0
428

Rejissor ad gününü Musiqili Teatrda qeyd etdi

 

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov 53 yaşını teatrda, sənət yoldaşları ilə birlikdə qeyd etdi.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqsimət Lalayev, yaradıcı mühitdə sevginin, qayğının önəmini vurğuladı: “Mənim üçün iynənin ucu qədər bu teatra sevgisi, qayğısı olan hər kəs sevilməyə layiqdir. Bu baxımdan teatrın qapıçısından tutmuş, yaradıcı insanına, texniki işçisinə qədər hər bir kəsi sevirəm. Ümumiyyətlə, sevgi olmayan yerdə işləmək qeyri-mümkündür. Sizə də məsləhətim odur ki, daim bir-birinizi sevin, həm xoş, həm də kədərli günlərdə bir-birinizə dəstək, dayaq, ürək-dirək olun…”.

Respublikanın xalq artisti Afaq Bəşirqızı isə kollektiv arasındakı münasibətin rəhbərlikdən qaynaqlandığını bildirdi: “Müsbət və mənfi auranın mənbəyi əsasən direktordır. Rəhbərlik necədirsə, bu münasibət işçilərə də sirayət edəcək. Bizim də borcumuz bir-birimizə olan sevgini qorumaqdır”.

Respublikanın əməkdar artisti Ələkbər Əliyev məclisin səbəbkarına arzusunu şeirlə ifadə etdi:

“Yaşamaq istəyir insan həyatda.

Əllini keçəndə gözü yüzdədir.

Saç-saqqal ağarıb ağırlaşsa da, yüzə yetişəndə

deyir boy, sən allah o yana elə, yüz nədir!”.

Teatrın quruluşçu rəssamı Nabat Səmədova, Əsgər Əsgərovun yüksək zövqə, intellektə, fantaziyaya malik həqiqi dost olduğunu bildirdi: “Əsgər müəllim çox pozitiv insandır. Ən kədərli vaxtımda onunla qarşılaşanda müsbət enerji alıram. Bir rəssam kimi onunla yaradıcı tandemimiz də çox uğurlu alınır…”.

 

Əsgər Əsgərov, bu kiçik, amma səmimi, xoş yığlıncağa görə sənət yoldaşlarına təşəkkürünü bildirdi: “Sağ olun ki, yanımdasınız, hər halımı hiss edirsiniz, məni anlayır və mənə inanırsınız. Var olun!”

 

Ad günündə həmçinin aktyorlardan Gülcahan Salamova, Gültac Əlili, Hüseyn Əlili, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, rejissor assistenti Tamilla Aslanova xoş arzu və diləklərlə Əsgər Əsgərovu təbrik etdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here