Əlillərin sağlam istirahətə ehtiyacı var…

507
Sağlam insanlar, işləyən insanlar imkan tapıb hər il bir neçə günlük də olsa istirahətə gedirlər. Harada istirahət etmək məsələsi isə maddiyyata bağlıdır. Pulu olan ürəyi istəyən kimi, az pulu olan isə ortabab bir məkanda istirahət edir. Amma cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar istirahətə nail ola bilirlər demək doğru olmazdı. Məsələn, götürək sağlamlıq imkanları məhdud olan insanları. İstirahətə yollanan tanıdığınız insanlar arasında heç əlil varmı? Şəxsən mən beləsini tanımıram, beləsini görməmişəm. Halbuki istirahət etmək, fərqli məkanlara yollanmaq elə ən birinci onların haqqıdır. Hər nə də olsa istirahət etməklə, fərqli məkanlara yollanmaqla onlar öz problemlərini müvəqqəti də olsa unutmuş olarlar. Amma bu hər vaxt mümkün olmur. Xüsusilə də bölgələrdə bu sahədə problemlər yaşanmaqdadır. Halbuki Azərbaycan qanunlarına görə, sağlamlıq imkanları məhdud olan insanların sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təmin olunmaq hüquqları var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qəzetimizə verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort putyovkaları (yollayışları) verilir.

Tələb olunan sənədlər

İmtiyazlı şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə aşağıdaki qeyd olunan sənədləri təqdim etməlidirlər.

– Ərizə;

– işləmədikləri barədə arayış;

– əlil və ya şəhid ailəsi olduğunu göstərən vəsiqələrin surəti və ya imtiyazlı şəxs olduğunu sübut edən müvafiq sənəd;

– həkimdən sanator-kurort arayışı;

– şəxsiyyət vəsiqəsinin surəti.

Sanator-kurort putyovkasından istifadə edən şəxs müalicəsini qurtardıqdan sonra istifadə etdiyi putyovkanin (yollayışın) “geriyə qaytarılan talon” hissəsini putyovkanı verən rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə (nazirliyə) təqdim etməlidir.

İnsafən qeyd etmək lazımdır ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə yeni təyinatdan sonra bu sahədə vəziyyət kifayət qədər düzəlib. Nazir Səlim Müslümov bu istiqamətdə zəruri addımlar atır. Yeri gəlmişkən, S. Müslümov bu günlərdə işçilərinə bir daha xəbərdarlıq etməsi ilə yadda qaldı: “Söz vermişəm ki, bu nazirliyin qapısından içəri beş quruş da rüşvət girməyəcək. İşçilərimə də bu barədə qəti tapşırıq vermişəm. Bildirmişəm ki, kim vətəndaşlardan rüşvət alsa, işdən çıxarılacaq. Bəzən əlilliyin təyin olunması ilə bağlı şikayətlər gəlir. Ötən şənbə günü mən bu zalda tibbi sosial ekspert komissiyalarının (TSEK) rəhbərləri ilə görüşdə təkrar onlara bu barədə xəbərdarlıq etdim”.

Nazir bildirib ki, bərbərxanada olarkən ona bildiriblər ki, bir nəfər əlilliyin təyin olunması ilə bağlı get-gələ salınır. Düzdür, məmur birbaşa rüşvət istəməsə də, dolayı yolla, vətəndaşı get-gələ salmaqla, süründürməçilik yolu ilə rüşvət istəyib. S. Müslümov TSEK rəhbərlərinə nazirliyə dəvət olmadan gəlməyin də qadağan edildiyini söyləyib: “Mən zaldan hamını çıxarıb, onlarla təkbətək söhbət etdim. Soruşdum ki, bəlkə kimsə bu nazirlikdən sizdən rüşvət istəyir? Cavabları belə oldu ki, əvvəllər istəyirdilər, amma siz bura nazir təyin olunduqdan sonra belə bir hal olmayıb”.

 Son ay yarım ərzində 627 nəfər əlil…

Bəs nazirlik əlillərin pulsuz istirahətə göndərilmələri istiqamətində son dövrlər konkret hansı addımlar atır? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, son ay yarım ərzində 627 nəfər əlilliyi olan şəxs ölkəmizin müxtəlif istirahət mərkəzlərinə göndərilib: “Bu gün isə (dünən-red) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 76 nəfərdən ibarət daha bir qrup əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salındı. Bununla da son ay yarım ərzində 627 nəfər əlilliyi olan şəxs ölkənin Lənkəran və Xaçmaz rayonlarındakı dənizkənarı istirahət mərkəzlərinə istirahətə yola salınıb.

Nazirliyin müvafiq əmri ilə təsdiqlənmiş “2014-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı”na uyğun olaraq, cari ilin yaz-yay mövsümündə ümumilikdə 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub”. Nazirlikdən qəzetimizə o da bildirildi ki, istirahət mərkəzlərində əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində musiqili-əyləncəli tədbirlər, balıq ovu, müxtəlif gəzinti turları, idman yarışları, viktorinalar və s. təşkil edilməklə yanaşı, onlar tibbi və fizioterapevtik müalicə proseduralarına da cəlb olunurlar: “Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi nəqliyyat vasitəsi ilə təşkil olunur”.