Əli Rzayev: Qəlblərdə yaşayan şəhidimiz

240

Mingəçevirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması  artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini yad edərək onlarla bağlı silsilə yazılar da dərc edirik. Bu dəfə  də ənənəmizə sadiq qalaraq şəhid  Əli Nəsib oğlu Rzayevdən söz açırıq.

Onun cənnətindəki doğum gününə yaxınları, oxuduğu məktəbin müəllim-şagird kollektivi,  Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı  aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov və “Nur” dəstək qrupunun könüllüləri qatılıblar.

Əvvəlcə şəhidin təhsil aldığı  16 saylı məktəbin şagirdləri  tarix yazaraq şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının xatirəsini şeirlərlə yad ediblər və bildiriblər ki, biz fəxr edirik ki, qəhrəman şəhidimizin oxuduğu  məktəbdə təhsil alırıq. Onlar, həmçinin vurğulayıblar  ki, yaxşı oxumaqlqa Əlinin adını uca tutacalar.

Daha sonra məktəbin direktoru  Sevinc Həsənova çıxış edərək bildirib ki, biz onun əziz xatirəsii həmişə qəlbimizdə saxlayacağıq. Onun sözlərinə görə, şəhidlərin qəhrəmanlığı gənclərimiz üçün örnək olub: “Allah şəhidlərimizə rəhmət eləsin,onların qəbirlərini nurla doldursun”.

Qeyd edək ki, oktyabr ayının 6-da Ağdərə uğrunda gedən şiddətli döyüşlərdə Əli Rzayev qəhrəmancasına şəhid olub. Şəhidin nəşi neytral zonada qaldığından bir neçə gün çıxarmaq mümkün olmayıb. Həmin ayın 10-u nəşi doğulduğu Mingəçevir şəhərinə gətirilib və ertəsi gün  Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin Hüseyn adlı bir oğlu  var. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Mingəçevir şəhərində anadan olan kiçik çavuş Əli Nəsib oğlu Rzayev ölümündən sonra Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, ”Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir