Əli Həsənov: “Xaricdə təhsil alan gənclərimiz qrup halında təşkilatlanmalıdırlar”

640
“Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. 
1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu. Bütün bunlar gənclərin hərtərəfli inkişafına imkan yaratdı”. Bu sözləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumunda çıxışında deyib.

Ə. Həsənovun sözlərinə görə, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə stimul verdi. Ölkə başçısı Azərbaycan gənclərinin mükəmməl təhsil alması, davamlı inkişafının təmin edilməsi, ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil alması nəzərdə tutuldu. Bu gün artıq proqram çərçivəsində dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır. Bütün bunlar bir daha onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər”.

Ə. Həsənov qeyd edib ki, xarici ölkələrdə təhsil alan gənclərin təhsili ilə yanaşı, onların ictimai həyatı və təşkilatlanması Azərbaycan üçün önəmli məsələlərdəndir: “Bu baxımdan gənclərimiz olduqları ölkənin dilini öyrənməyə üstünlük verməli, mədəni dəyərlərinə hörmətlə yanaşmalıdırlar. Xaricdə təhsil alan gənclərimiz oxuduqları ali məktəblərdə, şəhərlərdə və ölkələrdə şəbəkələşməli, qrup halında təşkilatlanmalıdırlar. Həmin qruplar ASAİF-in tərkib hissəsi kimi fəaliyyət göstərməli, vahid mərkəzdən koordinasiya edilməlidir. Sözügedən qrupların əsas işi diaspora və lobbiçilik olmalıdır. Bu gün Azərbaycan Respublikası öz tarixinin şərəfli və mürəkkəb dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad olunması, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. Xaricdə təhsil alan və məzun olmuş gənclərimiz bu işdə səfərbər olmalı, Azərbaycanın haqq səsini dünyaya bəyan etməlidirlər. Onlar oxuduqları ali məktəblərdə, olduqları auditoriyalarda hər fürsətdə faktlara əsaslanan təbliğatla məşğul olmalıdırlar. Gənclərimizin təbliğatının əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması dayansa da, xalqımızın mədəni-tarixi irsinin zənginliyinin də əcnəbilər tərəfindən tanınmasına xüsusi diqqət yetirilməlidir. Xarici auditoriya ölkəmizi yalnız münaqişə yaşayan ölkə kimi yadda saxlamamalı, onun mədəniyyətini, incəsənətini, görkəmli şəxsiyyətlərini və s. tanımalıdır. Xaricdə təhsil alan Azərbaycan gənclərinin təhsil aldığı ölkələrdə ictimai rəyə təsir imkanlarının artırılması, olduqları ölkələrin siyasi xadimləri, liderləri, elm-fikir adamları ilə görüşlərinin təşkil edilməsi vacibdir. Bu, Azərbaycanın müsbət imicinin formalaşdırılmasına ciddi təsir edə bilər. Eyni zamanda, xaricdə təhsil alan gənclərimiz olduqları ölkələrin yerli mediasına çıxış əldə etməli, Azərbaycanın müsbət imicinə təsir edən məqamları işıqlandırmalı və ölkəmizi tanıtmalıdırlar”.