Əli Həsənov Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşüb

561
ali_hasanov_001Mayın 29-da Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli.Az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, Baş nazirin müavini Ə.Həsənov Böyük Britaniya parlamentinin nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.
Ermənistanın Azərbaycan ilə qonşuluqda yaşamalı olduğunu vurğulayan Ə.Həsənov deyib ki, təcavüzkar dövlət ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb. Bu 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb.
Komitə sədri vurğulayıb ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub. Müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar.
Baş nazirin müavini bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri K.Pinçer bildirib ki, 80 nəfər üzvü olan dostluq qrupu ilk dəfədir Azərbaycana belə böyük tərkiblə səfər edir. Bu da onu göstərir ki, Böyük Britaniyada Azərbaycana getdikcə maraq daha da artmaqdadır. Böyük Britaniya parlamentində Azərbaycan haqqında fikirlər müxtəlifdir və buna görə də digər deputatlara Azərbaycan ilə bağlı obyektiv məlumat vermək dostluq qrupunun üzvlərinin borcudur.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disklər təqdim edilib.