Əli bəy Hüseynzadənin şəxsi əşyalarından ibarət sərgi-təqdimat keçiriləcək

0
462

Sabah Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Muzey Mərkəzinin akt zalında Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq, tanınmış mütəfəkkir və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalardan ibarət sərgi-təqdimat keçiriləcək. Məlumata görə, 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti Azərbaycana hədiyyə olunub. Onu da qeyd edək ki, Azərbaycan muzeylərinə ilk dəfə belə dəyərli əşyalardan ibarət kolleksiyanın hədiyyə olunması çox əhəmiyyətli hadisədir. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndəsi və digər türkdilli ölkələrin səfirliklərinin nümayəndələri, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının tədqiqatçısı Yavuz Akpınar, əsərlərin Azərbaycana hədiyyə olunmasının təşəbbüskarı Teymur Rzayev, Feyzavər xanımın ailə dostu İbrahim Yıldırımın çıxışları nəzərdə tutulub. Mütəfəkkir ədibin ailəsi adından tədbirdə Cəmilə Hüseynzadəyə söz veriləcək.

Feyzavər xanımın xahişi ilə onun nümayəndəsinə Azərbaycan Respublikasının üçrəngli bayrağı cənab nazir tərəfindən təqdim olunacaq.

Sonda müğənni, Azərbaycan Respublikasının Xalq artisti Azərinin ifasında “Çırpınırdı, Qara dəniz” (musiqisi Üzeyir Hacıbəyli, sözləri Əhməd Cavad) mahnısı ifa olunacaq.

Xatırladaq ki, Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) Kürün sahilində Salyan şəhərində Qruzma bəylərindən olan Molla Hüseynin ailəsində 1864-cü il fevralın 24-də dünyaya göz açıb. Əli bəyin tərbiyəsində, türkçülüklə bağlı fikirlərinin formalaşmasında babası Qafqazın Şeyxülislamı Axund Əhməd Hüseynzadənin böyük rolu olub. Əli bəy Hüseynzadə Peterburq Universitetində fizika-riyaziyyat, İstanbul Universitetində Hərbi tibb fakültəsində ali təhsil alıb. O, ömrünün böyük hissəsini Azərbaycan xalqının milli oyanışı və özünüdərkinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli istiqlal mücadiləsinə həsr etmişdir və çoxsahəli fəaliyyətinin təməlində turançılıq məfkurəsi dururdu. Bu işdə Əli bəyin redaktoru olduğu “Füyuzat” jurnalı və onun Azərbaycanın tanınmış ziyalı-ədiblərindən ibarət redaksiya heyətinin böyük rolu olub. Çünki onlar füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistika məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.

Geniş yaradıcılıq diapazonuna malik mütəfəkkir alim və yazıçı Əli bəy Hüseynzadə müxtəlif sahələrdə çalışıb, tibbə, musiqiyə, fəlsəfəyə, tarixə, sosiologiyaya, ədəbiyyatşünaslığa dair zəngin irs yaradıb. O, həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Əli bəyin rəsm əsərləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan dövləti və xalqı Əli bəy Hüseynzadə şəxsiyyətini, onun zəngin irsini yüksək qiymətləndirir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2014-cü il yanvarın 21-də görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi barədə və cari ilin 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında verilən sərəncamları xüsusi qeyd etmək lazımdır.