Əli Əmirli məktəblilərlə görüşüb

569

Bakının 267 saylı məktəb-litseyində yazıçı-dramaturq Əli Əmirli  ilə görüş keçirilib. Müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən görüşü məktəb-litseyin direktoru Adilə Orucova giriş sözü ilə açaraq yazıçını salamlayıb və kollektivə təqdim edib.

Görüşün  təşkilatçısı, dil-ədəbiyyat müəllimi  Südabə Abdullayeva Əli Əmirlinin yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verərək, diqqəti yazıçının son iyirmi beş ildə daim gündəmdə olan dramaturji fəaliyyətinə yönəldib. Görüş iştirakçılarında dramaturqun teatr yaradıcılığı haqqında əyani təsəvvür yaratmaq üçün şagirdlərin internet resurslarından istifadə yolu hazırladıqları videoçarx nümayiş etdirilib. Videoçarxda  dramaturqun müxtəlif illərdə, müxtəlif teatrlarda tamaşaya qoyulmuş “Bala – başabəla”, Şah Qacar”, “Mən səni sevirəm – M.S.S”, “Mesenat” və sair  əsərlərindən parçalar əksini tapıb. Daha sonra məktəbin fəal şagirdləri dramaturqun “Mən səni sevirəm – M.S.S” əsərindən bir parçanı  öz ifalarında səsləndiriblər.

Görüşün sonunda Əli Əmirli  müəllimlərin və şagirdlərin Akademik Milli Dram Teatrında birgə baxdıqları “Şah Qacar” tamaşası ilə bağlı çoxsaylı suallarını cavablandıraraq Azərbaycan mədəniyyətində, o cümlədən ölkəmizin teatr həyatında gedən coşqun yaradıcılıq işlərindən və sürətli inkişaf prosesindən danışıb.