Ələsgər Talıboğlunun könül dünyası

54

Ələsgər Talıboğlu və qırxbeş illik bir zaman kəsimi. Bizi bir-birimizə bağlayan məhz bu sanılı illər deyil, hər şeydən öncə yaradıcılıq bağları olub. İlk öncə rayon qəzetinin səhifələrindən imzasını tanımışam, sonra isə özünü. “Şərur qönçələri ədəbi” dərnəyinə ayaq açdığı bir gündən qələminə dərin hörmətim olub. Bakı şəhərinə yerləşdikdən sonra bir-birimizdən uzaq düşsək də, birinci kitabının çıxdığı sorağını alan kimi, onu mən yenidən axtarıb tapmışam və yenidən daha sıx yaradıcılıq əlaqələri qurmuşuq. Bu gün könül tellərimiz bizi bir-birimizə daha dərin bağlarla bağlayır. Bu isə son dərəcə sevindiricidir.
Ələsgər Talıboğlu otuz il susduqdan sonra şairimiz  Adil Mirseyidin təbirincə desək, yenidən “vulkan kimi püskürərək” daha dolğun formada ədəbi aləmə qayıtmışdır. Elə bunun da nəticəsində on bir kitabın müəllifi olmaqla bərabər bir şair kimi,  dərin düşüncəyə malik və yüksək poetik tutumu olan şeiləri ilə söz sahibləri arasında özünə məxsus yer tutmuş, könülləri fəth etmişdir. Müasir poeziyamızın söz sərkərdələri olan Ə. Talıboğlu təkcə M.Müşfiq, S.Vurğun, B.Vahabzadə, M.Araz, M.Yaqub kimi şairlərimizin yaradıcılığından qidalanmamış, eyni zamanda, aşıq şeimizin söz sərrafları olan Qurbani, Abbas Tufarqanlı, Dədə Ələsgər, Mikayıl Azaflı kimi azman saz-söz bulaqlarının da suyundan coşqunla içmiş, ürəyini o, cür əvəzsiz ustadlara söykəməklə ilhamının gücünə qat-qat qüvvət vermişdir. Özümün bir şeirində dediyi kimi:
Çalın-çarpaz dağlar çəkilən sinəm,
Qəm ilə şumlanıb, ləklənib mənim.
Qorqud qopuzundan yoğrulub mayam,
Ruhum saz üstündə köklənib mənim

Ana laylasına hopub gəlibdi,
Ağıdan, nəğmədən qopub gəlibdi.
Nə qədər yağıdan sapıb gəlibdi,
Ruhum saz üstündə köklənib mənim.

Yunus Əmrə, Aşıq Veysəl köküydü,
Daşıdığı Türkün sevgi yüküydü.
Bu saz Türkdən insanlığa görküydü,
Ruhum saz üstündə köklənib mənim.

Babalar nə yazsa saz dilindəydi,
Tufarqan Abbasın söz dilindəydi.
Dirili Qurbanın öz dilindəydi,
Ruhum saz üstündə köklənib mənim.

Coşar bulaq kimi damarda  qan da,
Dədə Ələsgərin ruhu var onda.
Alqışlayar sazı bütün cahan da,
Ruhum saz üstündə köklənib mənim.

Sazın-sözün böyük vurğunu olan Ələsgər müəllim aşıq şeirimizə olan

sevgisinin nəticəsidir ki, qoşma, cığalı qoşma, təcnis, cığalı təcnis, gəraylı, dodaqdəyənlər qəraylı, dodaqdəyməz qoşma, qıfılbənd, mükəmməl ustadnamə, nəsihətnamə və s. kimi aşıq şeiri formalarında qələmini sınamış və uğurlu da nəticələr əldə etmişdir. O iki hecalı şeirdən tutmuş, on altı hecalı şeir də daxil olmaqla müxtəlif çeşidli hecalarla şeirlər yaratmışdır. Aşıq Xalıqverdi və Aşıq Mikayıl Azaflı kimi ustadlardan qidalanmaqla, qəraylının qafiyələnmə Azərbaycan ədəbiyyatında öz işlənmiş formasında iki hecalı, üç hecalı, dörd hecalı, beş hecalı və hətta adlarını qeyd etdiyim ustadlarda belə olmayan altı hecalı gəraylılar yaratmışdır ki, bu da şairin qələminin kəsərindən, müxtəlifliyindən soraq verir. Bu gödək hecalı gəraylılardan yalnız ikisiini—üç hecalı və altı hecalı gəraylıları nümunə kimi göstərmək istəyərdim:

                Bağlıyam                              Tək sənin xətrinə


                Anama,                                  Gözlədim ay-ili,
Sonama,                                 Tək sənin xətrinə.
Qanıma                                  Susmaz eşqin dili
Bağlıyam.                              Tək sənin xətrinə.

Atama,                                    Bu nə dərdi-sərdi,
Atıma,                                    Gəlib də gedərdi.
Qoluma                                   Unutdum hər dərdi,
Bağlıyam.                               Tək sənin xətrinə.

Kökümə,                                  Uydum hər çağrıya,
Börkümə,                                 Dözdüm min ağrıya.
Görkümə                                  Ağlaya-ağlaya,
Bağlıyam                                 Tək sənin xətrinə.

Bölgəmə,                                  Həsrətim kök atdı,
Bəlğəmə,                                  Altın üstə qatdı.
Ölkəmə                                     Necə xoş ovqatdı,
Bağlıyam.                                 Tək sənin xətrinə.

Ələsgər,                                     Talıboğlu, anla,
Qızılsər,                                     Eşqini yaz qanla.
Bir əsgər                                    Min bir həyəcanla,
Bağlıyam.                                  Tək sənin xətrinə.

Mən bu məqalədə daha çox Ələsgər Talıboğlunun açılmayan, üstüörtülü cəhətlərini-yaradıcılığının özünəməxsus xüsusiyyətlərini göstərməyi qarşıma məqsəd qoymuşam. Müasir ədəbiyyatımızda doqquz hecalı şeir yazanların sayı çoxdur. Lakin bu şairi başqalarından fərqləndirən əsas cəhət odur ki, o, doqquz hecalı qoşma belə yarada bilmişdir.
Ayaq aldı bunca dərd-qəmim,
Yeridi….üstümə yeridi.
Od tutub yandı içim, hamı
Yürüdü….üstümə yürüdü.

Bir kor dumana saldı məni,
Neçə gümana saldı məni.
Ahu-amana saldı məni,
Yıxıb bir yol yerlə sürüdü.

Əsdirdiyi bu, nə sazaqdı,
Demə, gəlbi, buzdu-buzlaqdı…
Talıboğlu dərddən uzaqdı,
Baxma ki, bir sümük-dəridi.

Ələsgər müəlliminin–bu söz adamının “Əsl insan haqqında elegiya” adlı şairi vardır. Şair bu şeiri onu böyüdən və tərbiyə edən atalığına ithaf edibdir. Bu da səbəbsiz deyil axı, hamınız yaxşı bilirik ki, o, anadan olmamışdan üç ay öncə atası rəhmətə getmiş, Ələsgərin iki yaşı olanda anası onu böyütmək üçün məcburən Dərələyəzli birisinə ərə getmiş və həmin o kişi də ona bir ata qayğısı göstərmişdir. Həmin o insan haqqnda şair bu şeirində belə yazır:

Ayaqlarım yerin üstündə
duruş tapar-tapmaz,
mayası paklıqdan
halallıqdan yoğrulmuş
sənin oduna, ocağına sığındım,
doğma atam kimi açdığın
isti qucağına sığındım.
O kətə-kötür əllərinin
sığalıyla sığallandım
tumarıyla xoşallandım….
…Sən məni doğma balan kimi
elə hey qucaqlayıb öpə-öpə,
mənsə sənin o sevgini
gözlərimə təpə-təpə
beləcə şad-kürrəm yaşadıq…
…Mənə gərəkəni anında,
zamanında verdin.
Sevdiklərinə qəlbini verənlər kimi…
Adıma, boyuma sevginlə,
atalıq məhəbbətinlə
min bir çələng hördün.
Bu dünyanı dədələr tək
yaşayıb, görənlər kimi…

və sonda şair əlavə edir ki:

…Nə yaxşı ki, bu həyatda
sənin kimilər də varıymış.

Ələsgər Talıboğlu atalığına ithaf etdiyi bu şeiri Dərələyəzdən yazdığı “Yurd həsrəti” poemasına da daxil etmişdir. O, on illik yaradıcılığı boyu atalığı haqqında yazdığı onlarla şeirində atalığını sevə-sevə vəsf etmişdir. Bu tipli şeirlər haqqında mənim deyəcəyim ən önəmli fikir isə budur ki, Ə.Talıboğlu Azərbaycan ədəbiyyatında atalığı bu dərəcədə yüksək sevgi ilə qələmə alan və müsbət atalı obrazı yaradan ilklərdən biridir. Bu da şairin yaradıcılığında qazandığı ən təqdirəlayiq uğurdur.
Yeri gəlmişkən onu qeyd edim ki, Ə.Talıboğlu hər hansı bir qəlibə sığınıb qalan şair deyil. O, daima axtarışda olan sənətkardır. Ayrı-ayrı janrlara müraciət edir və hər janrda da mükəmməl əsərlər yaratmaq gücünə qadirdir. Gah hecada, gah sərbəstdə dolğun poetik nümunələr yaradır. Gahdan esse, mənsur şeir janrlarına müraciət edir, gah da elə təmsillər yaradır ki, inana bilmirsən. Onun yazdığı bir-birindən gözəl uşaq şeirləri isə hər bir oxucunu valeh edir. Və körpə balalarımızın da qəlbini oxşayır.
Görürsünüz bu qızı,
Onun adı Süsəndi.
Çox sevdiyi çiçəklər
Bənövşədi, süsəndi.

Baxma ki, beş yaşı var,
Hər iş gəlir əlindən.
Hey yüyürə-yüyürə
Nəğmə düşmür dilindən.

Ana işdə olanda
O yuyur qab-qacağı.
Silib-süpürür evi—
Kim sevməz bu qocağı….

….Gəl ki, bircə eybi var,
Tez coşandı, əsəndi….
Xətrinə kimsə dəysə,
Anındaca küsəndi.

Bu şair qardaşım tək uşaq şeirləri yazmaqla kifayətlənmir. O, uşaq şeirinin ayrı-ayrı janrlarında da qələmini sınayır. Onu biri-birindən ürək açan yanıltmacları, tapmacaları, öcəşmə və sataşmaları, nazlama və oxşamaları, anaların dilindən yazdığı laylaları hər bir oxucunu heyrətləndirir.

Hadı, Bıdı—
Tanrıdan budu.    ( yanıltmac )
Bıdı, Hadı–
Atam qoyub bu adı.

Laylay evim, eşiyim,
Boş qalmasın beşiyin.       ( layla )
Şirin-şirin yatqınan,
Mənsə çəkim keşiyin.

Balama qurban dayısı,
Balam qızıl mayası.  ( Nazlama və oxşama )

Bu cür nümunələrin sayını istənilən qədər artırmaq da olar. Nə gərək…Ələsgər müəllimin uşaq ədəbiyyatına məxsus yaratdığı belə nümunələr onun yaradıcılıq təkəyyülünün  genişliyindən və uşaq dünyasına dərindən bələd olmasından xəbər soraq verir.
Ələsgər Talıboğlumın poetik duyğularını bir coşqun bulağa bənzətmək olar. Çağladıqca çağlayaraq könülləri coşdurmaqdadır. Özümün dediyi kimi hətta o “donuq gözlərdən” bol ilham almaq gücündədir.

Gələsi deyiləm onsuz da….
yaxanı cırmağa
nə gərək var torpaq…
Sökülsəm də ilmə-ilmə,
tökülsəm də torpaq-torpaq…
Hələ bir az da
gücüm var yaşamağa….
Şələmdəki dərd yükünü
daşımağa.

Onun yaradıcılığının ana xətti Vətəndən keçsə də, əsas mövzusu Vətən torpağına böyük məhəbbət, Vətənə ülvi sevgi olsa da, o öz yaşadığı dövrün, zamanının proseslərini də anında qələmə alır, dünyanın, bəşəriyyətin dərdlərindən də söz açmağı unutmur. Könül çırpıntılarını ustadcasına dolğun poetik tutumda cilvələndirir. Bu yolda şair qardaşıma yalnız və yalnız uğurlar arzulayıram.

Gəzdiyim bu yer, göy
Sıxır məni, sıxır məni…
…İçimdəki sərt yanqılar
Yaxır məni, yaxır məni…

Talıboğlu, bu bir gerçək
Çək Vətənin dərdini, çək….
Aşkar-gizlin öldürəcək
Axır məni, axır məni….

20-24 dekabr 2021-ci il
Budaq Təhməz
Şair, AYB-nin üzvü, Məmməd
Araz mükafatı laureatı.