Görkəmli şair Ələkbər Salahzadənin anım günüdür. Bu münasibətlə görkəmli şairin yazdığı bir neçə şeirini təqdim edirik.
Qum,
Havaxt ovulmusan ki,
Sonra da qum olmusan?
Sən qummu doğulmusan?
Qum adında gömülmüsən.
Üyünüb qum olmusan!
Qum, dönüb nə olacaqsan?
Sən qummu qalacaqsan?!
Qum,
Sən qəmmi olmusan?
Sən qəmmi doğulmusan?
Hər nə imişsənsə
Dəyişib qəm olmusan.
Qəm,
Sən dönüb nə olacaqsan?
Sən qəmmi qalacaqsan?
Süd
Hardasa
Bir quzu süd əmir,
Hardasa bir qurd balası…
Hərəsinin öz anası,
Hələ, hələ ikisi də süd balası!
Böyüyəcək bu balalar;
Quzu qırpıb ot yeyəcək,
Süddən bezən qurd əniyi
Ot yox,
ət istəyəcək!
Hardasa hələ
Qurd balası da süd əmir,
Qoyun balası da…
Düzəlmədi
Gözlədim –
Bu dünya düzələ bəlkə,
Otuzumda düzəlmədi.
Otuz yazı otuz qışa
Uduzdum da düzəlmədi…
Döz, dedim,
Bu dünya bəlkə düzələ;
Yolum boyu düz getməyə
Bir yerində düzəlmədi.
Qırxımda düzəlmədi,
Qırx birimdə düzəlmədi.
Yüz dedim,
Bircə gün düzələ bəlkə,
Düz ilə, doğruyla düz gələ bəlkə;
əyildi ki, əyildi,
əllimdə də düzəlmədi.
Bildim, bala, düzəlmədi,
Qaldım, baba, düzəlmədi,
Öldüm, dədə, düzəlmədi!..
***
Qarlı qış günü
Kürkü elə qucaqlamışdı onu,
Elə qucaqlamışdı –
Bir dəstə gül kimi
Yığıb şax saxlamışdı…
***
Bu da dən-dən qara saçlar,
Düşdü qışa saçlar,
Qara saçlar!
Çox da ki, sayrışandı –
Pərişandı sıxlığı.
Qayçı işıldatdı,
Göz qaraltdı ağlığı.
Saçınamı ağ oldu
Uzanmağı yaşının?
His çəkdi barmaqların
Tüstüsündə başının.
Ağ bir tükün tərpənmir
Ürəyin sancsa belə.
Ağ saçlar qan qaraldır
Lap işıq saçsa belə…
…Nə tez ötdü bu payız,
Qışdı, qışdı, qar yağır.
İçində bir sobasan,
Başından tüstü qalxır…
Tənhalıq
Təkəm, deyib deyinincə
Təkliyini duyursan.
Sən özünü niyə belə
Tək yürinə qoyursan?
İçində yaşadıqca
Təklik ürkəkliyini
Tünlüyə çox bürünüb
Gizlətmə təkliyini.
Təkəm, deyib hər yetənə
Axı tən ha deyilsən.
Təksən – təkliyinləsən,
Onda tənha deyilsən!..
“Qobustan” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə uzun sürən xəstəlikdən sonra 72 yaşında vəfat edib.
Ələkbər Baba oğlu Salahzadə 1941-ci il martın 15-də Quba rayonunun Cimi kəndində doğulub.
Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb, mətbuatda çıxış edib.
«Azərbaycan» jurnalının ədəbi işçisi, «Tərcürmə saatı» radio jurnalının ştatdankənar redaktoru olub, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, «Gənclik» nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.
Ə. Salahzadə «Ulduz» jurnalında poeziya şöbəsinin müdiri, redaktor vəzifəsində çalışıb.
Sonuncu iş yeri «Qobustan» jurnalı idi.
60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. «Kölgədən qorxan», «Yayın qış gecələri», «Nağaraçı naxırçı» pyesləri tamaşaya qoyulub.