Əks halda, çox şeylər də qalxa bilər

0
313

Milli Məclisin bu günkü növbəti plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi çərçivəsində deputat Yevda Abramovun çıxışı Nəbi Xəzrinin “Günəşin bacısı” poemasının qəhrəmanı – Sevilin dilindən səslənən bu misraları yadıma saldı:

Qoy pambıq dağları ucalsın göyə,

Vətən başdan-başa bir bahar olsun.

Maşınlar tarlaya, kətmən muzeyə!

Bu söz dilimizdə bir şüar olsun.

Yəqin deyəcəksiniz, bu misralarla Yevda müəllimin çıxışı arasında bir əlaqə yoxdur axı… Məncə, var… Elə isə bir qədər səbirli olun.

Bəli, son günlər hər kəlməsinə quzu kəsmək istədiyim Yevda müəllim deyib ki, ilin-günün bu çağında ölkədə kommunal xidmət haqlarının artırılması düzgün deyil. Yox, deyəsən mən onun dediklərini təhrif etdim. O belə deyib: “məsələn, Qubada qarın 20 sm yağdığı vaxtda qazın və işığın qiymətini qaldırmaqla, xalqın boğazından yapışmaqla, bu məmurlar nə əldə etmək istəyirlər?” Üstəlik, deputat Tarif Şurasının qərar qəbul edərkən hansı arqumentləri əsas götürdüyünü anlamadığını da söyləyib. Vallah, mən bu kişinin cəsarətinə bir daha valeh oldum.

Bəzi ağzıgöyçəklər deyirlər ki, bəs deputatlarımız xalqın dərd-sərini dilə gətirmirlər, yalnız özlərinə gün ağlamaqla məşğuldurlar. Amma, əzizlərim, gördüyünüz kimi bu heç də belə deyil. Yevda Abramov sizin orada-burada pıçıldaşdıqlarınızı birbaşa Mili Məclisimizdə dilə gətirmədimi? Gətirdi axı… İcazə versəydiniz, elə buna görə sizin də adınızdan bu kişiyə minnətdarlığımı bildirərdim. Doğrudan da o, buna layiqdir. Bəli, deputatımız bilavasitə bildirib ki, ölkədə bəzi məmurların sayeyi-mərhəmətindən korrupsiya baş alıb gedir. Deputatın öz sözləi ilə desək: “Məmurların bahalı villaları haradandır? Dağda, bağda, hər yerdə villaları var”. Mən də deputatımızın bu çıxışından cəsarətlənib bu sözləri də əlavə etmək istəyirəm: səhər evdən bir maşınla çıxırlar, günorta başqa maşında görünürlər, axşam isə evə tamam alayı maşında qayıdırlar. Təbii ki, xarici markalı ən bahalı maşınlarda. Bəli, bu hamıya gün kimi aydındır ki, adi maaşla belə şeylərə nail olmaq olmaz. Şübhə yox ki, bu kimi işlərdə xalqın dərisinin soyulması, eləcə də dövlət əmlakının mənimsənilməsi önəmli rol oynayır. Elə bil ki, onlara məhz bu kimi işlər üçün vəzifə verilib. Bəzi məmurların kreslosundan ayağa qaldıran kimi, daha doğrusu, ayrılan kimi bu kimi dəhşətli faktların ortaya çıxması artıq adi hala çevrilməyibmi?

Bəli, deputatımızın vurğuladığı kimi, belə işlər Prezidentin siyasi kursuna ziddir və əhalinin ölkə rəhbərliyinə qarşı qaldırmağa bərabərdir. Zənnimcə, bütün bunların qarşısını almağın bircə yolu var. O yol da… Hə, burada qayıdaq yazının əvvəlində qeyd etdiyim misralara. Bəli, pambıq ustamız Sevil Qazıyeva maşınları tarlaya çəkməklə, kətmənləri muzeyə göndərməklə əmək cəbhəsində xarüqələr yaratmağa səsləyirdi. Mən isə deyirəm: çox hörmətli Yevda müəllim, o dediyiniz, daha doğrusu, korrupsiyaya bulaşmız bəzi məmurları arxivlərə göndərməklə, yalnız xalqını düşünənləri vəzifəyə gətirməklə bu kimi haqsızlıqlara son qoymaq olar. Əks halda, çox şeylər də qalxa bilər.

Qvami Məhəbbətoğlu