“Əksər insanların sosial və psixoloji yaşı uyğun gəlmir”

502

“Sosiallaşmaq prosesi insanın cəmiyyətə adaptasiyası deməkdir. Yəni o, artıq cəmiyyətin fəal bir üzvünə çevrilir. Sosiallaşma üçün, ilk növbədə, mühit – cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosiallaşmaya olan ehtiyac kimi amillər mühüm rol oynayır”. Politoloq Günel Abdullayeva “Siyasi sosiallaşma və bu prosesə təsir edən amillər” adlı məqaləsində mövzunu belə şərh edib. G. Abdullayeva ölkəmizdə siyasi sosiallaşma və bu sahədəki problemlərə toxunub. Lakin bu da acı reallıqdır ki, sosiallaşa bilməmə, sosiallaşmada problem yaşama bir çox sahələrdə özünü büruzə verir. Küçədə, iş yerlərində, bir sözlə, cəmiyyətimizdə yaşanan problemlərin bir qisminin kökündə həm də bizim sosiallaşa bilməməyimiz və ya bunu doğru-düzgün anlaya bilməməyimiz durur. Bəs bunun səbəbi nədir? Bu mövzuda ailələrin, valideynlərin üzərinə düşən nələrdir? Mövzunu “Zaman-Azərbaycan” qəzetinə sosioloq Cavid İmamoğlu şərh etdi: “Sosiallaşmaq özü bir keyfiyyətdir. Bu keyfiyyət zaman-zaman uşağa verilən tərbiyədən irəli gəlir. Bu gün Azərbaycan insanının – hər birimizin 3 yaşımız var. Birincisi, xroniki yaşımız. Yəni bizim şəxsiyyət vəsiqəsi ilə olan yaşımız. İkincisi, bizim mental yaşımız. Yəni psixoloji yaşımız. Üçüncüsü isə, sosial yaşımız. Aparılan sorğular, təcrübələr göstərir ki, Azərbaycanda bu üç yaş arasında kifayət qədər fərq var. Yəni bu gün tutaq ki, hər hansı birinin xroniki, yəni şəxsiyyət vəsiqəsi ilə 30 yaşı varsa, sosial yaşı, haradasa, 22-23-dür. Psixoloji yaşı isə, bəlkə də, 60 yaşlı insanın təfəkkürünə sahibdir. Bu düzgün olmayan tərbiyənin, düzgün olmayan həyat tərzinin nəticəsidir. Yəni, məsələn, valideynlər övladlarını tərbiyə edərkən yaşlarına uyğun, lazım olan bilik və bacarıqlara, o cümlədən dünyagörüşünə sahib olmalarına şərait yaratsaydılar, belə olmazdı. Məsələn, müəyyən yaş dövründə uşaqların həyatında teatrın da öz rolu olur, parkın, xarici ölkələrə səfərlərin öz rolu.

Bu gün Azərbaycanda insanlar var ki, 18-20 yaşları var, ancaq bu günədək 10-15 yaşlı gənclərin görə biləcəkləri yerləri görməyiblər, həyat tərzlərini yaşamayıblar. Yəni valideyn onu özü ilə heç bir yerə aparmayıb, maraqlanmayıb və s. Ataların üzərinə bu məsələdə böyük məsuliyyət düşür. Məsələn, özlərinin getdikləri yerlərə övladlarını da aparsınlar, onların sosiallaşmasına çalışsınlar. Sosial bacarıqlar insanlara sosial mühitdə olanda formalaşır. O mühitdən kənarda qalanda isə bunları görmür və sabah müstəqil olanda, təhsillə bağlı ailədən ayrılıb gələndə görürsən ki, özünə qapanır, bacarıqlarını göstərə bilmir. Bizdə çox vaxt valideynlər
uşaqların tərbiyəsinə bu baxımdan diqqət ayırmırlar. Biz deyirik ki, uşaq çölə çıxmasın, sözə baxsın, siqaret çəkməsin, sanki bununla iş həll olunur. Uşaqların mədəni, sosial dünyagörüşünü artırmaq üçün onların asudə vaxtlarını düzgün təşkil etmək lazımdır. Bu gün Azərbaycan şagirdi yay tətilinə buraxılanda onun yay proqramı haqqında nə dövlət fikirləşir, nə də valideyn və uşaq qalır aralıqda. Uşağın günü ancaq evdə və həyətdə keçir. Ən yaxşı halda valideynləri göndərirlər ki, get rayonda qal. Təbii ki, bu halda uşaq biz deyən kimi formalaşmır. Normal cəmiyyətlərdə belə imkanlardan valideynlər istifadə edirlər, uşaqların dünyagörüşünün artırılması istiqamətində işlər görürlər. Uşaqların mədəni və mənəvi dünyagörüşlərinin artırılması üçün müxtəlif yerlərə aparırlar. Bunu Avropa ölkələrində məktəblərin özləri çox yaxşı edirlər. Orada bizdəki kimi deyil ki… 5 dərsin 45 dəqiqə müddəti keçsin və valideyn uşağı götürüb aparsın evə. Məktəb deyəndə, orada kampus nəzərdə tutulur. Səhər uşaq ora girir və birdə axşam çıxır. Burada söhbət yalnız dərsdən getmir; əylənmək, öyrənmək metodundan da istifadə olunur. Deyək ki, dərsin biri sinif otağında ola bilər, digəri dəniz kənarında, bir başqası meşəlikdə və s. Yəni uşaq əhatəsində olan hər şeyi başa düşməlidir, o məntiqi tutmalıdır və s. Müəyyən yaş dövründən sonra uşağın dini təfəkkürü formalaşır. 10-11 yaşından sonra artıq uşaqlarla din barəsində danışmaq lazımdır. Bizim valideynlər çox vaxt övladları ilə danışmaqda çətinlik çəkirlər. Söhbət sosial bacarıqlardan gedir – bununla bağlı danışmırlar. Valideynlərin üzərinə böyük vəzifə düşür ki, övladlarının sosial bacarıqlarının formalaşması üçün lazım olan tərbiyəni versinlər. Verməyəndə artıq biz şəxsiyyət olaraq gəlib 30 yaşına çatsaq belə, təfəkkürümüz, sosial bacarıqlarımız, haradasa, 20-25 yaş arasında dəyişir. Çünki biz yaşımıza uyğun sosial mühitlər görməmişik, görmürük. 18 yaşına qədər ev, sonra birdən-birə institut, ondan sonra ailə həyatı. Avropa reallığında 13-14 yaşlarından sonra uşaqlar artıq müstəqil həyat tərzinə meyil edirlər, çətinliklərlə üzləşirlər, müxtəlif sosial mühitlərdə olurlar, ancaq bizdə elə deyil. Bizdə ailə həmişə mühüm rol oynayır, hətta 18 yaşından sonra da insanın üzərindən nəzarət əskik olmur. Ona görə də bəli, ailə daxilində bizim çoxumuzun yaxşı bacarıqlarımız olur, tutaq ki, məişət problemlərini yaxşı həll edə bilirik, amma sosial məsələlərə gələndə – müxtəlif məclislərdə, konfranslarda, hansısa bir ümumi yerlərdə görürsən ki, insanlarımız özlərinə qapanırlar, ünsiyyətə gec girirlər, ortaq mövzu tapmırlar, müəyyənləşdirə bilmirlər. Bu da hamısı sosial bacarıqların zəif olmağından irəli gəlir. İnsanlarımız bu məsələlərə diqqət etsələr, daha çox əhəmiyyət versələr, vəziyyət dəyişər”.

Nicat İntiqam