“Əhalinin öz əmanətlərini dollara keçirməsinin qarşısını ala bilmərik”

448
Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.
 İclasda Elman Sirac oğlu Rüstəmovun, o cümlədən, Xəqani Sərxan oğlu Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi müzakirə olunub. Millət vəkilləri Elman Rüstəmovun fəaliyyətini yüksək qiymətləndirib, onun bank sistemindəki rolu barədə danışıblar. Bununla yanaşı, millət vəkilləri manatın devalvasiyası ilə bağlı Mərkəzi Bankın sədri E. Rüstəmova suallar ünvanlayıblar. Daha sonra çıxış edən E. Rüstəmov artıq 5-ci dəfə İlham Əliyev tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin sədrliyinə namizədliyinin təqdim edildiyini bildirib. “Mən bunu böyük etimad və etibar kimi qiymətləndirirəm. Bu mənim üzərimə böyük məsuliyyət qoyur”, – deyə E. Rüstəmov vurğulayıb. İclasın sonunda E. Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə namizədliyi plenar iclasda təsdiqlənməsi tövsiyə edilib.

Milli Məclisin İqtisadi siyasət komitəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib ki, manatın məzənnəsinin korreksiyası əsasən daxili bazarın qorunmasına, digər tərəfdən xaricə ixracın stimullaşdırılmasına hesablanıb.

”Azərbaycan Mərkəzi Bankı ölkədəki makroiqtisadi vəziyyəti və əsas ticarət tərəfdaşlarının öz mili valyutalarını devalvasiya edib-etmədiklərini izləyir”,-deyən Elman Rüstəmov bildirib ki, Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə tam hazır deyil: “Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil”.

Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: “Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik”.

“Dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq”

Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov həmçinin bildirib ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir: “Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır”. E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq”.

“Hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır”

Azərbaycan əhalisi banklardan götürülən kredit müqaviləsində hansı valyuta ilə kredit götürübsə, o valyutada da qaytarmalıdır”, -deyən  E. Rüstəmov bildirib ki, bununla yanaşı Mərkəzi Bank kommersiya banklarına tövsiyələr də edib: “Tövsiyə edirdim ki, banklar öz kreditlərini restrukturizasiya etsinlər və vaxtını uzatsınlar. Əgər banklar bu addımları atmasalar, onda problemli kreditlərin həcmi arta bilər. Buna görə, banklara kreditlərin vaxtını 2-5 il və daha çox müddətə qədər uzatmağı məsləhət görürəm. Bu gün banklar 15-20%-lə kredit verirlər. Burada kifayət qədər gəlirlik var”.

Mərkəzi Bank rəhbəri banklara faiz dərəcələrini aşağı salmağı da tövsiyə edib: “Bu, bankların özlərinə sərf edəcək və bankların problemli kreditlərinin həcminin artmasının qarşısını alacaq”.

Millət vəkillərinin müvafiq sualına cavab verərkən E. Rüstəmov bildirib ki, manatla götürülən krediti dollara çevirən banklarla bağlı əhali Mərkəzi Banka ünvanlaya bilər: “Mərkəzi Bank bu kommersiya bankları haqqında çox ciddi ölçü götürəcək. Bu çox ciddi qanun pozuntusudur. Əgər bank krediti manatla verib, sonradan müştərinin razılığı olmadan dollara çeviribsə, bu məlumatları bizə təqdim edin, biz bu banklar haqqında çox ciddi tədbirlər görəcəyik”.

E. Rüstəmov Mərkəzi Bank tərəfindən valyuta bazarında 1 milyard dollar satış həyata keçirməsinə dollarlaşma prosesinin hələ də davam etməsi prosesi ilə əlaqələndirib. “Aprel-may aylarında da dollarlaşma prosesi gedəcək. Əhalinin öz əmanətlərini dollara keçirməsinin qarşısını ala bilmərik. Bizim kifayət qədər valyuta ehtiyatımız var və əmanətlərin dollara çevrilməsində heç bir problem yaranmayacaq. Ona görə də valyuta bazarında bu satış edilir. Bunun bir hissəsi əhalinin tələbatlarına yönəldilib, digər hissəsi isə dövlətin ehtiyacı ilə əlaqədar sərf olunub”.