“Əhalinin onkologiya sahəsində maarifləndirilməsi aşağı səviyyədədir”

Bütün dünyada, eləcə də Azərbaycanda insanların ən çox əziyyət çəkdikləri xəstəliklərdən biri də xərçəng xəstəliyidir.
 Bu xəstəlik insanlar tərəfindən də ən böyük bəla kimi qəbul edilir. Xərçəngə tutulmuş insanlar az qala ölü elan edilir. Ancaq həkimlər belə düşünmürlər. “Hamının adından belə, qorxduğu bu xəstəlik bir o qədər də qorxulu deyil”. Bunu Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli sözügedən məsələ ilə bağlı suallarımızı cavablandırarkən dedi. Onun sözlərinə görə, xərçəng xəstəliyinin yaranma səbəbi hələ elmə məlum deyil: “Müəyyən faktorlar var ki, onları səbəb kimi qəbul etmək olar. Məlum deyil demək, o demək deyil ki, bu xəstəliyə tutulanlar artıq ölümə tərk edilməlidir. Əksinə, 5 il və 5 ildən çox yaşayan onkoloji xəstələr var. Yəni 5, 8, 15, 22 il yaşayan xəstələr də olub”. A. Kərimli xəstələrin belə uzun yaşamalarının bir neçə səbəbinin olduğunu bildirdi: “Birinci əsas səbəbi xəstəliyin vaxtında, 1-ci və 2-ci mərhələsində aşkar edilməsidir. İkinci səbəbi isə xəstələrin öz sağlamlıqlarına qarşı laqeyd qalmamalarıdır. Bu xəstələr müntəzəm olaraq müayinədən keçməlidirlər. Belə olduqda xəstələr uzunömürlü olurlar. Demirəm, onlar dünyalarını dəyişmirlər. Ancaq elə xəstələr var ki, xərçəng diaqnozu qoyulub, amma illərdir yaşayır. Sonda isə başqa bir xəstəlikdən dünyasını dəyişir. Yəni o demək deyil ki, xərçəng xəstəliyindən əziyyət çəkən insan mütləq dünyasını dəyişəcək. Belə vəziyyət ancaq xəstəliyin 3-cü, 4-cü mərhələsində baş verə bilər. Erkən müşahidə edilən xəstəlik isə müalicə edilir və sağalır. Xəstəliyi vaxtında aşkarlamaq üçün Milli Onkologiya Mərkəzinin iki səyyar diaqnostik kompleks maşını vasitəsilə rayonlardakı əhali arasında da müayinələr keçirilir. Həmin müayinələr zamanı səyyar briqadalar insanlarda xərçənglə yanaşı, xərçəngyönlü xəstəlikləri də aşkarlayırlar.”“Xalqın maarifləndirilməməsi onların həkimə gec müraciət etməsinə səbəb olur”

Xəstələrin vaxtında müraciət etmədiyini deyən həkim bildirdi ki, xəstələrin həkimə xəstəliyin 3-cü 4-cü mərhələlərində müraciət etməsi təkcə Azərbaycanda deyil, bütün dünyada böyük bir problemdir. Buna səbəb xalqın maariflənməməsi və xəstəliyinin fərqində olmamasıdır: “Mən baş onkoloq kimi sizə deyə bilərəm ki, Azərbaycanda əhalinin səhiyyə sahəsində, xüsusilə onkologiya sahəsində maarifləndirilməsi çox aşağı səviyyədədir. Hazırda dünyada ən geniş informasiya vasitələri nədir? Təbii ki televiziya və mətbuat. İndi televiziyada, sadəcə, özəl xəstəxanaların, xaricdən gələn həkimlərin reklamları gedir. Ancaq onkologiya təbabətin elə bir sahəsidir ki, o, xəstəliklə mübarizəni ancaq onkoloq aparmalıdır. Hər hansısa bir cərrah, terapevt və ya digər sahənin həkimi bu xəstəliklə mübarizə apara bilməz”. A. Kərimli xəstələrin xaricdən gələn həkimlərin reklamlarına inanıb, onlara daha müraciət etdiyini bildirdi: “Xaricdən gəlibsə yaxşıdır” fikri ilə xəstələr çarəni əcnəbi həkimlərdə axtarırlar. Ancaq bu, yalnlış fikirdir. Hazırda respublikamızda çoxlu sayda savadlı həkimlər var. Mən təkcə onkologiya sahəsini nəzərdə tutmuram, elə bütün sahələrdə var. Bu vaxta qədər bizə dərs deyən müllimlər alman olublar? Yoxsa İsraildən gəlmişdi?  Onların hamısı bizim öz professorlarımız, öz milli kadrlarımız olublar. Azərbaycanda onkologiya sahəsində olan irəliləyiş heç xaricdə yoxdur. Bunu xaricdən gələn mütəxəssislər də deyib və təsdiqləyiblər”. Baş onkoloq onu da vurğuladı ki, xarici ölkələrə üz tutan xəstələr çox ağır vəziyyətdə geri qayıdırlar: “Xəstələrin əksəriyyəti müalicə almaq üçün xaricə üz tutur. Bu xəstəlik daimi nəzarət altında olmalıdır. Çox vaxt maddi imkansızlıq ucbatından müalicələri yarımçıq qalır. Belə olduqda isə vəziyyət daha da ağırlaşır”.

“Xəstəliyin azalması üçün birinci növbədə əhalinin maarifləndirilməsi lazımdır”

“Azərbaycanda onkoloji xəstələrin sayı çoxdurmu?” sualına baş onkoloq belə cavab verdi: “Bəzən deyirlər ki, Azərbaycanda onkoloji xəstələrin sayı baş alıb gedir. Bu əsla belə deyil. Doğrudur, qəbul otağındakı insanların sayı-hesabı yoxdur. Ancaq onların hamısı xəstə deyil. Bəlkə də onlardan, sadəcə, biri xəstədir. Bir xəstənin yanında 8 nəfər gəldikdə mənzərə belə görünür. 9 milyon yarımdan çox əhalinin yaşadığı ölkədə insanın sayı artdıqca xəstəliklərin də artması təbiidir. Ancaq onkoloji xəstəliklərdən ölüm halı o qədər də çox deyil. Buna görə də bu xəstəliyi qabardıb insanları qorxutmaq lazım deyil. Onkologiyanın adı belə, təhlükəli hallandırılmamalıdır. Onkoloji xəstəlik təbiətin xəstəliyidir. Canlı aləm yarandığı gündən digər xəstəliklər kimi, onkoloji xəstəliklər də mövcud olub. Yəni bu xəstəlik yalnız insana xas deyil, bütün canlılarda müşahidə olunur. Heyvan və bitki aləmində də var. Ancaq insanlarda şüur və təkamülün inkişafına görə xəstəliyə daha çox rast gəlinir. Mən hesab edirəm ki, xəstəliyin azalması üçün birinci növbədə əhalinin maarifləndirilməsi lazımdır”.

Süd vəzisi xərçəngi

Xərçəng xəstəliyinin ən geniş yayılan növü isə qadınlarda daha çox rast gəlinən süd xəzisi xərçəngidir. Milli Onkologiya Mərkəzinin Ümumi onkologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Samir Qurbanov bildirdi ki, qadınlar 35 yaşdan sonra ildə bir dəfə mamaqrafiya olunmalı, yaxud mütəmadi olaraq 3-6 aydan bir ultrasəs müayinəsindən keçməlidirlər. Süd vəzisi xərçənginin ilkin simptomatikasında qadınlar əsasən gilənin içəri batıb-batmamasına, dartılıb-dartılmamasına, süd vəzində düyünlü törəmənin olub-olmamasına, gilədən qanlı ifrazatın və ya tünd rəngli ifrazatın gəlib-gəlməməsinə, süd vəzisinin dərisində qızartı olub-olmamasına diqqət yetirməlidirlər”. S. Qurbanovun sözlərinə görə, ümumiyyətlə, süd vəzisi xərçənginin müayinəsi zamanı qadınlar daha çox qoltuqaltı limfa düyünlərinin vəziyyətinə diqqət etməlidirlər: “Süd vəzisinin regional zonası qoltuqaltı körpücük zonası sayılır. Əgər qoltuq altındakı limfa düyünlərində böyümə varsa, həmin qadın mütləq süd vəzisi xərçənginə görə müayinədən keçməlidir. Bu zaman birinci istisna olunan xəstəlik süd vəzisi xərçəngidir. Ancaq bu o demək deyil ki, qoltuq altındakı limfa düyünü böyüyübsə, o, xərçəng xəstəsidir. Limfa düyünləri hər hansısa bir iltihablı xəstəlikdən və yaxud istifadə edilən antipesperantlara qarşı bədənin reaksiyası nəticəsində də böyüyə bilər. Yəni qoltuqaltı limfa düyünlərinin böyüməsinin bir neçə səbəbi var. Onlardan, sadəcə, biri süd vəzisi xərçəngidir. Süd vəzisi xərçəngində cərrahi əməliyyatın olunması xəstəliyin erkən, yəni 1-ci, 2-ci mərhələsi üçün nəzərdə tutulur”.

Ekspert süd vəzisi xərçənginin müxtəlif müalicə texnikalarının olduğunu dedi: “Bunlar tək və ya birlikdə tətbiq edilə bilər. Bunlar aşağdakılardır:

1.Cərrahi müalicə.

2.Radioloji terapiya (şüa müalicəsi).

3.Xemoterapiya (dərman müalicəsi).

4.Hormonoterapiya (hormon müalicəsi).

Xəstəliyin erkən aşkar edilməsi daha yaxşıdır. Bu zaman xəstəliyin müalicəsi yaxşı effekt verir və tez sağalır”.

 

“Kişilərdə də süd vəzisi xərçənginə rast gəlmək mümkündür”

S. Qurbanov kişilərdə də süd vəzisi xərçəngi xəstəliyinə rast gəlindiyini bildirdi: “Bu xəstəlik kişilərdə də müşahidə olunur. Ancaq kişilərdə xəstəliyə tutulma tezliyi qadınlara nisbətən çox aşağıdır. Kişilərdə süd vəzisinin xərçənginin gedişatı qadınlara nisbətən daha aqressivdir. Yəni xəstəlik sürətlə inkişaf edir. Ancaq onlar da müalicə edilir və lazımdırsa, əməliyyat olunurlar. Əməliyyat isə xəstəliyin gedişatına əsaslanır”.

Statistik göstəricilərə əsasən, 2013-cü ildə Azərbaycanda 1519 qadın süd vəzisi xərçənginə yoluxduğu üçün qeydiyyata alınıb. Ümumilikdə 2013-cü il ərzində ölkədə süd vəzisi xərçəngindən əziyyət çəkən qadınların sayı 9043 nəfər olub. Həmin xəstələrin 4221-i 5 il və daha çox yaşayan xəstələrdir. Bu xəstələrdən 530 nəfəri profilaktik baxış zamanı müəyyən edilib. Ümümilikdə isə Azərbaycanda 34 681 onkoloji xəstə var.

Xəyalə Sadıqova, Nərmin Haqverdiyeva