Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı mümkün olacaqmı?..

471

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasının başa çatmasına təxminən bir ilə yaxın vaxt qalsa da, bəzi məhsulların istehsalında nəzərdə tutulan hədəfə artıqlaması ilə nail olunub. Ötən 7 il ərzində ət, yumurta və meyvə istehsalında yüksək artım tempi qeydə alınıb. Bəzi məhsulların istehsalı isə artımlara rəğmən, Dövlət Proqramında nəzərdə tutulan hədəfdən aşağı olub.

Bu il Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icra müddəti başa çatır. Dövlət Proqramında müvafiq qurumlar qarşısın bir sıra hədəflər qoyulub. Xüsusilə də Proqramda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı mühim tapşırıqlar yer alıb. Bəs görəsən, ötən 7 il ərzində Dövlət Proqramının icrası hansı səviyyədə yerinə yetirilib və qarşıya qoyulan hədəflərə çatmaq mümkün olubmu?

 Ət, yumurta və meyvə istehsalında hədəfin üzərinə çıxılıb

Dövlət Proqramında nəzərdə tutulan səviyyəyə çatmaq üçün ötən 7 il ərzində ət, yumurta, həmçinin meyvə istehsalında artım tempi qənaətbəxş olub. 2008-2014-cü illərdə ət istehsalı 2,2 dəfə artaraq 232,3 min tondan 505,5 min tona çatıb. Nəticədə, ət istehsalı Dövlət Proqramında nəzərdə tutulan 340 min tonluq hədəfi üstələyib. Eyni zamanda yumurta istehsalı da nəzərdə tutulan rəqəmin üzərinə çıxıb. Dövlət Proqramında hədəf olaraq qeyd olunur ki, 2015-ci ildə ölkədə 1,3 milyard ədəd yumurta istehsal olunmalıdır. Ötən 7 il ərzində isə yumurta istehsalı nəzərdə tutulan hədəfdən çox olunub. 2008-ci ildə 1 milyard 101 milyon ədəd yumurta istehsal olunduğu halda, 2014-cü ildə bu göstərici 42% artaraq 1 milyard 563 milyona çatıb. Meyvə istehsalı isə ötən 7 il ərzində 19,2% artıb. Nəticədə, meyvə istehsalı 712,8 min tondan 849,9 min tona yüksəlib. Bu isə o deməkdir ki, ötən il ərzində istehsal olunan meyvə Dövlət Proqramında bu il üçün istehsalı nəzərdə tutulan hədəfdən 49,9 min ton çoxdur.

 Kartof və taxıl istehsalında hədəfə çatmaq mümkün olmayıb

Dövlət Proqramının icra olunmağa başladığı 2008-ci ilin əvvəlinə olan məlumata görə ölkədə illik kartof istehsalı 1 milyon 77 min ton olunub. Ancaq 7 il sonra 2015-ci ilin əvvəlinə olan məlumata görə kartof istehsalı 24% azalaraq 819,3 min tona düşüb. Bu məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb. Rəqəmlərdən də göründüyü kimi əsas kənd təsərrüfatı məhsullarından olan kartofun istehsalı Dövlət Proqramının icra olunduğu ilk 7 il ərzində artmaq əvəzinə azalıb. Halbuki Dövlət Proqramında xüsusi olaraq qeyd edilir ki, insanlarımızın ərzaqla tam təminatını ödəmək üçün 2015-ci ildə illik kartof istehsalı 1 milyon 120 min tona çatdırılmalıdır. İstehsalı aşağı düşən məhsullardan biri də dənli bitkilər hesab olunur. Dənli bitkilərin istehsalı 2008-ci ildə 2,49 milyon ton olub. 2014-cü ildə isə bu göstərici 2,38 milyon tona enib. 7 il ərzində 4,4% azalma baş verib. Halbuki bu il dənli bitkilərin istehsalını 2,8 milyon tona çatdırmaq lazımdır. Bundan başqa tərəvəz və bostan məhsullarının istehsalı da 2008-2014-cü illər ərzində cüzi də olasa azalıb. Son 7 il ərzində 0,4% azalan tərəvəz və bostan məhsullarının istehsalı 1 milyon 636 min tondan 1 milyon 628 min tona düşüb. Dövlət Proqramında isə tərəvəz və bostan məhsullarının istehsalının 2015-ci ildə 1 milyon 720 min tona çatdırılması nəzərdə tutulub. Yəni, bu il tərəvəz və bostan məhsullarının istehsalı ötən illə müqayisədə 5,6% artırılarsa hədəfə çatmaq mümkün olacaq.

 Artım var, ancaq…

Bənzər vəziyyət digər kənd təsərrüfatı məhsullarının istehsalında da müşahidə edilir. Düzdür kartof, dənli bitkilər, tərəvəz və bostan məhsullarından fərqli olaraq son 7 ildə əksər kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Ancaq artım tempinə nəzər saldığımızda açıq şəkildə görünür ki, bəzi məhsulların istehsalında Dövlət Proqramında nəzərdə tutulan hədəflərə çatmaq çox çətin olacaq. Məsələn, çay yarpağının istehsalı 2008-2014-ci illərdə 48% artaraq 320 tondan 474 tona yüksəlib. Dövlət Proqramında nəzərdə tutulan 3 min ton səviyyəsinə çatdırmaq üçün qarşıdakı bir il ərzində çay yarpağı istehsalını 6,3 dəfə artırmaq lazımdır ki, bu da bir o qədər inandırıcı görsənmir. Eyni zamanda süd istehsalının da bu il ərzində Dövlət Proqramında nəzərdə tutulan səviyyəyə – 2,4 milyon tona çatdırılması inandırıcı görsənmir. Çünki, 2008-ci ildə cəmi 1 milyon 381 min ton, 7 il sonra isə 1 milyon 855 min ton süd istehsal olunub. Nəticədə son 7 il ərzində süd istehsalı 34,3% artıb. Dövlət Proqramında nəzərdə tutulan hədəfə çatmaq üçün süd istehsalının qarşıdakı bir ildə 29,4% artırılması lazımdır.

 Məhsuldarlığın aşağı olması istehsalının gözlənilən səviyyəyə çatmasına mane olub

Məlumat üçün onu da bildirək ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda məhsul istehsalı ilə bərabər əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması barədə müddüalar da  yer alıb. Dövlət Proqramında göstərilir ki, 2015-ci ilə qədər dənli bitkilərin əkin sahələri 900 min hektara, yem bitkilərinin əkin sahələri 500 min hektara, şəkər çuğundurunun əkin sahəsi isə 20 min hektara, çatdırılmalıdır. Qeyd edək ki, Dövlət Proqramının başa çatmasına cəmi 1 il qalmasına baxmayaraq dənli bitkilərin əkin sahələri nəzərdə tutulan səviyyəyə çatdırılmayıb. Əgər 7 il əvvəl 831,9 min hektar sahədə dənli bitkilər əkilibsə, bu il bu göstərici 875,9 min hektara çatıb. Ancaq onu da qeyd edək ki, ötən il bundan daha çox – 979,1 min hektar sahədə əkin aparılıb. Lakin məhsuldarlığın aşağı olması məhsul istehsalının gözlənilən səviyyəyə çatmasına mane olub. 2008-ci ilin məlumatında məhsuldarlığın 27,9 s/ha, 2014-cü ilin məlumatında isə 22,8 s/ha olduğu göstərilir. Halbuki 2015-ci ilə qədər bu göstəricini 32 s/ha çatdırmaq lazımdır.

 MBD ölkələri ilə müqayisədə…

Adambaşına düşən kənd təsərrüfatı məhsullarının istehsalına görə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sıralarda yer alırıq. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricidə qeyd olunur ki, adambaşına düşən ət istehsalına görə MDB-də yalnız Ermənistan və Tacikistandan, süd istehsalına görə Moldova və Tacikistandan, tərəvəz istehsalına görə Moldova və Rusiyadan, taxıl istehsalına görə isə Ermənistan və Tacikistandan öndəyik. Bunlardan başqa kartof istehsalında yalnız Moldovadan irəlidəyik. Yumurta isehsalında isə 2 ölkəni – Qırğızıstan və Tacikistanı qabaqlayırıq. Ən yaxşı göstərici meyvə istehsalında qeydə alınıb. MDB-yə üzv olan ölkələr arasında adambaşına düşən meyvə istehsalına görə yalnız Moldova və Ermənistandan geri qalırıq.

Allahverdi Cəfərov