Əhali üzrə elektrik enerjisinin iki aylıq istehlak limiti artırılıb

0
134

Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində də bir sıra sosial tədbirlər həyata keçirilməkdədir. Vətəndaşlarımız bütün bunları dövlətimizin onlara qayğısı kimi dəyərləndirirlər. Yeri gəlmişkən, dünən  2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyev çox haqlı olaraq vurğulayıb ki, bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir.

Artıq vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində daha bir tədbir də həyata keçirilir. Nazirlər Kabinetinin qəbul etdiyi “Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında”  Qərara əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovatt-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovatt-saat artırılaraq 400 kilovatt-saata çatdırılıb. Bu da xüsusi karantin rejiminə uyğun olaraq əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalması ilə əlaqədardır.

Məlumat üçün qeyd edək ki, qərarda bildirilən 2 aylıq müddət aprel və may aylarını əhatə edir. Apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovatt/saat nəzərə alınacaq. Həmçinin iyunda may ayı ilə bağlı veriləcək bildirişlərdə də 400 kilovatt/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovatt/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunur.

Qərara əsasən, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin İqtisadiyyat və Maliyyə nazirliklərinə təqdim olunmasını təmin etsin.

Qeyd edək ki, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq belə bir qərar qəbul edib.

Bütün bunlar isə bir daha sübut edir ki, həqiqətən də vətəndaşlarımızın layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir.

Qvami Məhəbbətoğlu, “İki sahil”