“Əgər o vaxt bu kontrakt imzalanmasaydı…”

“Bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, “Əsrin kontraktı”nın müddəti daha da uzadılsın”. Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.

O, əlavə edib ki, “Əsrin kontraktı”nın əhəmiyyətini Azərbaycan xalqı görür: “Əgər o vaxt bu kontrakt imzalanmasaydı, Azərbaycana heç kim investisiya qoymazdı, biz nəhəng neft infrastrukturu yarada bilməzdik”.

Dövlət başçısı qeyd edib ki, bu yaxınlarda inşasına başlanan böyük neft qazma qurğusu artıq hazırdır, yaxın vaxtlarda istifadəyə veriləcək:

“Oraya qoyulan sərmayənin həcmi 1 milyard dollardan çoxdur. Neft-qaz əməliyyatları üçün lazım olan bütün dayaq blokları, platformaların üst hissələri Azərbaycanda istehsal edilir. On minlərlə insan bu işlərə cəlb olunur, yaxşı maaş alır, öz peşəkarlığını nümayiş etdirir. Bir neçə il bundan əvvəl bizim təşəbbüsümüzlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Nəyə görə? Əgər “Əsrin kontraktı” olmasaydı, bizə bu qədər gəmilər də lazım olmazdı və bu gün bizim gəmiqayırma zavodumuz həm SOCAR üçün, həm Xəzər Gəmiçiliyi üçün sifarişlər icra edir. Əminəm ki, Xəzəryanı ölkələr də zavodun imkanlarından istifadə edəcəklər. Yəni, “Əsrin kontraktı”nın imzalanması demək olar ki, bütün iqtisadiyyatımızı hərəkətə gətirdi. Yerli firmalar kontraktlar imzaladılar, maddi vəziyyətlərini yaxşılaşdırdılar. Hazırlıqlı kadrlar artıq Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər və biz bu müsbət dinamikanı saxlayırıq”.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanın ali məktəblərində tədris prosesi təkmilləşir:

“Biz vaxtilə gənclərimizi xaricə göndərirdik. Mənim təşəbbüsümlə minlərlə gənc Dövlət Neft Fondunun xətti ilə xaricə göndərildi. Həmçinin SOCAR da bu layihəyə qoşularaq gəncləri xaricə göndərdi. Biz bu məqsədlər üçün bəlkə də 100 milyonlarla dollar vəsait xərclədik. Yəni, bu, insan kapitalına qoyulan vəsaitdir. Ancaq sonra mən dedim ki, əlbəttə, bu proses davam etdirilməlidir. Eyni zamanda, biz Azərbaycanda müasir təhsil kompleksləri yaradaraq elə etməliyik ki, gənclər burada qalsınlar. Bax, bu gün biz bunu görürük. Bu məktəbdə həm Azərbaycan gəncləri oxuyur və yüksək biliklərə nail olur, eyni zamanda, tam əminəm ki, yaxın gələcəkdə xaricdən də buraya çox böyük axın başlayacaq. Çünki burada yaradılmış şərait inanmıram ki, hər hansı bir başqa yerdə olsun”.