“Əgər mənə nəsə olsa…”

31

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə dövlətimizin nə qədər qüdrətli olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız haqlı olaraq bu cür ordu və onun vətənpərvər, qorxmaz, qeyrətli əsgər və zabitləri ilə fəxr edir. Belə oğullardan biri də düşmənə qarşı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək əbədi ölməzlik zirvəsinə yüksələn gizir Murtuzov Mehdi Muxtar oğludur.

Mehdi Murtuzov 1997-ci il iyul ayının 10-da Quba rayonunun Alpan kəndində anadan olub. O,  Quba rayon 103 saylı Peşə Liseyində   rabitəçi-elektrik ixtisasına yiyələndikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra  Bakı şəhərində bir neçə şirkətdə çalışıb. Amma  əsgərlik dövründə uşaqlıq arzusu olan hərb sənətinə yaranmış marağı onu yenidən ordu sıralarına qaytarıb. Belə ki, o, qısa müddətli təlimlərdən sonra müddətdən artıq hərbçi kimi Daşkəsən rayonundakı “N” saylı hərbi hissəyə göndərilib.

…Sentyabrın 27-də işğalçı Ermənistanın cəbhəboyu ərazilərimizdə törətdiyi təxribatlara cavab olaraq ordumuzun əks-hücum əməliyyatında fəal iştirak edən Mehdi Murtuzov sentyabrın 29-da döyüş tapşırığını yerinə yetirərkən qolundan yaralanır. O, yaralanmasına baxmayaraq öz təkidi ilə yenidən döyüşlərə atılır. Oktyabrın 2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən ağır döyüşlər Mehdinin son döyüşü olur. O, həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlir. Mehdinin nəşini isə şəhid olduğu ərazidən çıxarmaq mümkün olmur. Ordumuzun şanlı Zəfərindən sonra, daha doğrusu, noyabr ayının 23-də onun nəşi şəhid olduğu ərazidən götürülür və bir gün sonra boya-başa çatdığı kəndindəki Subaba qəbiristanlığında torpağa tapşırılır.

Atası Muxtar kişi “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, oğlum ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlamışdır: “Xoş əhval-ruhiyyədə idi.  Onun zəngi bizə toxtaqlıq versə də, ürəyimizdə narahatlıq var idi. Amma şəhid olacağını və səsini bir daha eşitməyəcəyimizi əsla düşünmədik. O həmin gün anası ilə də danışdı. Ona dedi ki, ana, narahat olma, düşmənə qan uddururuq, hər şey yaxşı olacaq. Sən sadəcə əsgərlərimiz üçün, mənim üçün dua et. Allah anaların dualarını daha tez eşidir. Əgər mənə nəsə olsa, mənimlə fəxr et, başını dik tut. O gündən sonra onunla əlaqə saxlaya bilmədik. Az sonra Mehdinin itkin düşməsi barədə xəbərlər  yayıldı. Amma 52 gün sonra bizə bildirəndə ki, Mehdi şəhid olub, onda sanki qol-qanadımız qırıldı. Buna baxmayaraq, fəxr edirəm ki, mən şəhid atasıyam. Onu da deyim ki, biz onun toyuna hazırlaşırdıq. Hər dəfə də bu barədə düşünəndə oğlumun bu sözləri yadıma düşür: “Hər nəyi xəyal etsən belə xəyalımızda olanlar deyil, qismətimizdə olanlar gələcək başımıza”. Bu da onun taleyi imiş. Vətən sağ olsun!”

Müsahibimiz fikrini bu sözlərlə tamamladı: “Vətən torpağı şəhidləri ilə ucalır. Şəhidlik isə əbədiyyət zirvəsidir. Qanı ilə, canı ilə dastan yazan oğlum artıq təkcə doğma kəndinin, rayonunun deyil, bütün Azərbaycanın qəhrəman oğluna çevrilib. Digər şəhidlərimiz kimi, onun da əziz xatirəsi  ehtiramla yad edilir. Oğlum yağı düşmən üzərində Qələbəni görə bilməsə də, bu gün onun da ruhu şaddır. Çünki uğrunda canını verdiyi tarixi yurd yerlərimiz işğaldan azaddır. Allah oğlumla bərabər bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Məhz onlar 44 gündə bütün şəhidlərimizin, soyqırımına məruz qalan həmvətənlərimizin qisasını aldılar, ərazi bütövlüyümüzü təmin etdilər. Bir sözlə, onlar üzərimizdən qara ləkəni götürdülər. Bəlkə də, başqa vəziyyətdə oğul itirsəydim, çox pis olardım. Vətən, müqəddəs torpaq uğrunda şəhid vermək isə çox qürurvericidir.”

Qeyd edək ki, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Murtuzov Mehdi Muxtar oğlu Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə başçısı tərəfindən “İgidliyə görə” və “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qvami Məhəbbətoğlu, “İki sahil”