Əfqanıstandakı prezident seçkiləri ABŞ üçün başağrısına çevrilib

Əfqanıstanın siyasi dairələrində prezident seçkilərinin nəticələrinin ləğv edilməsi və yaxın bir il üçün müvəqqəti keçid hökumətinin qurulması ilə bağlı müzakirələr gedir. Əfqanıstanda hazırda əmələ gələn siyasi vəziyyət ABŞ-ın belə bir ssenariyə əl atmasını qaçılmaz edə bilər.
2002-ci ildən bölgədə sülhməramlılar funksiyasını həyata keçirən beynəlxalq güclərin tədricən Əfqanıstandan çıxarıldığı bir vaxtda adıçəkilən ölkədə siyasi vəziyyət qeyri-müəyyən olaraq qalmaqda davam edir. Bu baxımdan Əfqanıstanda keçirilən son prezident seçkilərinin nəticələrinin düyünə düşməsi ölkədə siyasi vəziyyətin heç də ürəkaçan olmadığını bir daha sübut etməkdədir. Belə ki, Əfqanıstanda keçirilən prezident seçkilərinin ikinci mərhələsində namizədlərdən Abdulla Abdullanın  Əşrəf Qəni  Əhmədzaya məğlub olması qarşı tərəfin etirazları ilə qarşılanıb. Buna da səbəb prezident seçkilərinin birinci mərhələsində Abdulla Abdullanın  öz rəqbini 14 faiz səs çoxluğu ilə üstələməsi, ikinci mərhələdə isə ona 13 faiz səslə məğlub olmasıdır. Abdulla Abdulla məsələ ilə bağlı seçkilərdə qarşı tərəfin saxtakarlıq etdiyini və səslərin sayılması zamanı fırıldağa əl atıldığını bəyan edib. Nə qədər qəribə olsa da,ABŞ onun bu etirazını nəzərə alaraq,Əfqanıstan Mərkəzi Seçki Komissiyasına səslərin yenidən sayılmasını tövsiyə edib. İş orasındadır ki, seçki bülletenləri NATO gücləri tərəfindən qorunur və hərbçilərin nəzarəti altındadır. Əvvəlcə,seçki bülletenlərinin Ramazan ayının sonuna kimi sayılıb qurtarması və onun nəticələrinin bu müqəddəs bayramdan sonra elan ediləcəyi gözlənilirdi. Amma bu,mümkün olmadı. Avqust ayının əvvəllərində seçki bülletenlərinin sayılmasına başlanıldı və nəticədə məlum oldu ki, Əşrəf Qəni Əhmədzay bu dəfə rəqibini 13  faiz səs çoxluğu ilə qabaqlayıb. Təbii,ki qarşı tərəf də bunun arxasında saxtakarlıq olduğunu bəyan edərək son nəticəyə qarşı çıxdı. Belə bir gərgin vəziyyətdə məsələyə müdaxilə edən ABŞ dövlət katibi Con Kerri Abdulla Abdulla və Əşrəf Əhmədzay arasında vasitəçilik missiyasını öz üzərinə götürdü və tərəflər arasında olan  anlaşılmazlığı aradan qaldırmağa cəhd etdi. İş orasındadır ki, ABŞ bu ölkədə yenidən prezident seçkilərinin keçirilməsini istəmir. Bütün hallarda prezidentliyə namizədlər fərqli dünyagörüşlərinə malik olsalar da,onların hər biri müəyyən qədər Vaşinqtonu qane edir. Bu müstəvidə də  namizədlərdən hansının prezident seçilməsindən asılı olmayaraq, ABŞ bu prosesi yekunlaşdırmağa çalışır və onlar arasında gələcəkdə əlavə problemlərin və narazılıqların meydana çıxmasını istəmir. ABŞ-da ehtiyat edirlər ki, namizədlərdən hər hansı birinin məğlub olması digərində onun ABŞ-ın dəstəyi ilə seçilməsi barədə rəy formalaşdıraraq ,bölgədə sabitliyin pozulmasına və gərginliyin artmasına gətirib çıxara bilər. Bunu nəzərə alaraq Abdulla Abdullanın etirazları və Con Kerrinin tövsiyəsi ilə MSK səslərin yenidən sayılması barədə qərar qəbul edib. Buna paralel olaraq,Abdulla Abdulla və Qəni Əşrəf Əhmədzay səslərin yenidən sayılmasından sonra kimin qalib gəlməsindən asılı olmayaraq,əməkdaşlıq etmək və koalisiyalı hökumət qurulması barədə razılığa gəliblər. Lakin ötən gün səslərin yenidən sayılması prosesinin uzanmasından narahat olan Abdulla Abdulla Qəni Əşrəf Əhmədzay düşərgəsini  saxta səslərdən əl çəkmək niyyətində olmamaqda günahlandırıb. Bu isə o deməkdir ki, ABŞ dövlət katibi Con Kerrinin səylərinə baxmayaraq,seçkilərdə uduzan tərəflə qalib gələn tərəf arasındakı ziddiyyətləri və qarşıdurmanı aradan qaldırmaq mümkün olmayacaq. Qeyd edək ki, prezidentliyə namizədlərin hər ikisi ABŞ-ın regiondakı maraqlarını müdafiə edən Kərzai hökumətində ən məsul vəzifələr tutublar. Abdulla Abdulla Əfqanıstanın keçmiş xarici işlər naziri, Qəni Əşrəf Əhmədzay isə maliyyə naziri vəzifələrində çalışıblar. Yəni faktiki olaraq,onların hər biri, xüsusilə Abdulla Abdulla ABŞ-ın bölgədəki maraqlarının qorunub saxlanılmasının müdafiəçisi kimi çıxış ediblər.  Ona görə də seçkilərin birinci mərhələsində Abdulla Abdullanın qələbə çalması siyasi müşahidəçilər tərəfindən ABŞ-ın keçmiş xarici işlər nazirinə “stavka” etməsi kimi dəyərləndirildi. Amma seçkilərin ikinci mərhələsində  Əhmədzayın qələbə çalması göstərdi ki, ABŞ Abdulla Abdullanın prezident olmasına münasibətdə tərəddüd edir.  Belə ehtimal edilir ki, ABŞ peşəkar siyasətçi olan və regiondakı vəziyyətdən yaxşı baş çıxaran Abdulla Abdullanın gələcəkdə sözəbaxan prezident olmayacağından və ağalarının üzünə ağ olacağından ehtiyat edir. Buna paralel olaraq, maliyyə naziri olan və siyasətdən daha çox iqtisadi sahədə ixtisaslaşan Əhmədzayın siyasi ambisiyası olmayacağı və Vaşinqtonun çaldığı oyunlara oynayacağı ehtimal edilir. Ola bilsin ki məhz bu amil Əhmədzayın növbəti mərhələdə rəqibini 13 faiz səs çoxluğu ilə üstələməsində önəmli rol oynayıb. Amma bütün hallarda ABŞ namizədlərin hər ikisini öz nəzarətində saxlamaq üçün onları barışdırmağa və tərəflərdən hansının seçkilərdə qalib gəlməsindən asılı olmayaraq,hər iki cəbhəni təmsil edənlərin iştirakı ilə  koalisiyalı hökumət qurmağa cəhd edir. ABŞ dövlət katibi Con Kerrinin təcili şəkildə Kabilə səfər edərək tərəfləri barışdırmağa cəhd etməsinin də məhz bu amillə bağlı ola biləcəyi istisna edilmir. Lakin Abdulla Abdullanın komandasında istənilən halda Qəni Əşrəf Əhmədzayın qələbəsini həzm etməyənlərin  sayı kifayət qədərdir. Məsələn, Abdulla Abdullanın komandasında  Bəlx vilayətinin qubernatoru Atta Məhəmməd Nur Əhmədzayın qələbəsinin tanınmasının qəti şəkildə əleyhinə çıxır.  Bununla bağlı Əfqanıstandakı bəzi siyasi müşahidəçilər belə hesab edirlər ki, Abdulla Abdulla Atta Məhəmməd Nurdan faktiki olaraq asılı vəziyyətdədir və onun iradəsinin əleyhinə gedə bilmir. Tərəflərin öz aralarında razılığa gələ bilməməsi isə Əfqanıstanı yeni toqquşmalar meydanına çevirə bilər. Ona görə də ABŞ üçün qalibin müəyyən olunması prosesinin uzanması qəbuledilməzdir. Bu baxımdan Con Kerrinin Əfqanıstana gözlənilməz səfəri və tərəflər arasında kompromiss əldə edilməsinə nail olmaq istəyini təsadüfi hesab etmək olmaz.  Belə ki, sentyabrın 4-5-də Uelsdə keçirilməsi nəzərdə tutulan sammitdə Əfqanıstan Prezidenti də iştirak etməlidir. Buna da səbəb sammitdə əsas müzakirə hədəflərindən birinin məhz Əfqanıstandan beynəlxalq sülhməramlı güclərin çıxarılmasından sonra orada əmələ gələ biləcək hərbi siyasi vəziyyət, “Taliban”dan gözlənilə bilən təhlükə və onlara qarşı mübarizənin davam etdirilməsi olacaq. Eyni zamanda sentyabrın 3-nə kimi yeni prezidentin seçilməməsi və onun inauqurasiyasının keçirilməməsi Ulesdə Əfqanıstanla NATO arasında təhlükəsizliklə bağlı strateji əməkdaşlıq haqqında anlaşmanın imzalanması haqqında anlaşmanı da təhlükə altında qoyacaq. Hadisələrin gedişi isə göstərir ki, sentyabrın 3-nə kimi səslərin yenidən sayılıb başa çatdırılması və qalibin elan olunmasına nail olmaq çox çətin olacaq.

Kərzai vaxtı uzadır

Rusiyanın tanınmış siyasi şərhçisi, Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin eksperti Andrey Serenko isə belə hesab edir ki, bütün hallarda hazırda Əfqanıstanda yaranan qeyri-müəyyən vəziyyət Prezident Kərzaiyə sərf edir. Çünki tərəflər arasında seçkilərdə kimin qələbə çalması barədə gedən mübarizə və onların bir-birilərinin qələbə çalmasını qəbul etməmələri faktiki olaraq Kərzainin  ölkəyə daha bir müddət rəhbərlik etməsi demək olacaq. Bununla bağlı Serenko: Artıq Əfqanıstanın siyasi dairələrində prezident seçkilərinin nəticələrinin ləğv edilməsi və yaxın bir il üçün müvəqqəti keçid hökumətinin qurulması ilə bağlı müzakirələr gedir. Əfqanıstanda hazırda əmələ gələn siyasi vəziyyət ABŞ-ın belə bir ssenariyə əl atmasını qaçılmaz edə bilər”, – deyir.

Yeni keçid hökumətinə isə rəhbərliyin Kərzaiyə tapşırılacağı istisna edilmir. Kərzai son illərdə ABŞ üçün nə qədər başağrısı olsa da bir-biri ilə didişəcək Abdulla Abdulladan və Əşrəf Qəni Əhmədzaydansa o,Vaşinqton üçün daha sərfəli fiqur ola bilər.

ƏZIZ MUSTAFA