Əflatun Amaşov: KİV-lərin maliyyələşməsi üçün başqa yollar da var

“Artıq bir müddətdir ki, ayrı-ayrı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Prezidenti yanında  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondundan (KİVDF) maliyyə alır. Maliyyəni ayırmaqda məqsəd ondan ibarət deyildi ki, qəzetlərimiz “göz”lərini ancaq dövlət tərəfindən ayrılan maliyyəyə diksinlər”. Bunu “İki sahil” qəzetinə Azərbaycan Mətbuat Şurasının sədri (MŞ), Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

MŞ sədri vurğulayıb ki, KİV-lərin maliyyələşməsi üçün başqa yollar da var: “Buraya abunə, reklam gəlirlərini aid etmək olar. Artıq Azərbaycanda unudulub ki, abunə ilə bağlı hansı kampaniya keçirilir. Məsələn, Ukraynada, Rusiyada, Türkiyədə və digər ölkələrdə qəzetlərin əməkdaşları ilə oxucuların görüşləri olur və həmin görüşlərdə çoxsaylı abunələr yazılır. Digər tərəfdən,  qəzet də futbol komandası kimidir, futbol komandalarındakı kimi, qəzetlərin də fanatları olmalıdır. Lakin  təəssüf ki, bizim baş redaktorlarımız bu məsələyə əhəmiyyət vermədilər. Onların bəziləri də dövlətdən aldıqları maliyyəyə arxayın oldular”.

Ə. Amaşov, eyni zamanda, KİVDF-nin Müşahidə Şurasının qəzetlərə maliyyə yardımının ayrılması barədə qərarının əhəmiyyətindən də bəhs edərək onun qəzet rəhbərləri arasında rəqabət mühiti yaradacağını qeyd edib:  “Nəticə etibarilə  bu gün birinci kateqoriyada olan nəşr sonrakı dövrdə tələbləri ödəmirsə, ikinciyə, daha sonra isə üçüncü kateqoriyaya düşə bilər. Tərsinə də ola bilər. Bu gün üçüncü kateqoriya ilə maliyyələşdirilən nəşr digər sahələrdən də vəsait cəlb etməklə tirajını, yayımını artıraraq ikinci və birinci kateqoriyaya qalxa bilər. Ona görə düşünürəm ki, maliyyənin bu cür bölünməsi nəşrlərin rəhbərlərində rəqabətə maraq yaradacaq. Əgər kim rəqabətdən dözümlü çıxacaqsa, dövlətdən vəsaiti də o alacaq.

Ümid edirəm ki, KİV rəhbərləri baş verənlərdən nəticə çıxaracaqlar. Onlar yalnız bu yardıma arxayın olmayacaq, yayım, abunə, reklamla  bağlı konsepsiyalarını hazırlayacaqlar”.   

Ceyhun Piriyev, “İki sahil”