Əflatun Amaşov: “Hər qəzet harada işıq üzü görürsə, oranın da salnaməsini yaradır”

939

Mingəçevirdə şəhərin salnaməsini tarixə köçürən bir qəzetin – “Mingəçevir işıqları”nın 70 illik yubleyi qeyd edilib.

Yubliley mərasimindən öncə “Mingəçevir işıqları”nın keçdiyi yol videocarx vasitəsi ilə nümayiş olunub. Daha sonra “Mingəçevir işıqları”nın baş redaktoru, “Əməkdar jurnalist” Fərman Nəbiyev qəzetin fəaliyyəti barədə ətraflı məlumat verib: “1948-ci ilin fevralında bu qəzet “Mingəçevir inşaatçısı” adı ilə işıq üzü görüb. Bir müddət sonra “Mingəçevir işçisi”nə çevrilib, ta 1962-ci ilə qədər bu adla fəaliyyət göstərib. Məhz bu ildə əksər qəzetlər bağlanıb, o cümlədən “Mingəçevir işçisi”. 1965-ci ildə isə yenidən açılaraq “Mingəçevir işıqları” adı ilə fəaliyyətə başlayıb. Bəzən soruşurlar ki, bu ad haradan götürülüb? O zaman SES silsiləsində həmin adda divar qəzeti çıxırdı. Sadəcə, bu qəzetin adını mənim o vaxtkı jurnalist həmkarlarım oradan götürüblər. 1965-ci ildən ta 1991 ci ilə qədər – sovetlər birliyi dağılana qədər qəzet fəaliyyətini davam etdirib. O zaman qəzet yerli hökümətdən maliyyələşdiyi üçün bağlandı. Onu da deyim ki, qəzetin saxlanması üçün kifayət qədər vəsait ayrılırdı. 14 min tirajla çıxan qəzet həftədə 3 dəfə işıq üzü görürdü. Hətta qəzetin 14 nəfərə yaxın işçisi var idi”.

Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçı Niyazi Bayramov qəzetin 70 illik yubleyi münasibəti ilə kollektivə təbriklərini çatdırıb. O, ölkədə azad mətbuatın inkişafında ulu öndərin və onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin xidmətləri olduğunu vurğulayıb. Bölgə mətbuatından söz açan başçı regionların həyatının işıqlandırılmasında yerli KİV-lərin danılmaz xidmətləri olduğunu vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, hər bir qəzet bir tarixdir: “Hər bir qəzet harada işıq üzü görürsə, oranın da salnaməsini yaradır. “Mingəçevir işıqları” qəzeti də məhz Mingəçevir şəhərinin salnaməsidir. Şəhərin hər bir tarixi anı, burada yaşananlar “Mingəçevir işıqları”nda öz əksini tapıb”. Daha sonra o deyib: “Bu tədbirin sloqanı – “Bəlkə də bu qəzet olmasaydı, bu şəhər də olmazdı” məndə maraq doğurdu. Mənim fikrimcə, bu, şəhərin inkişafında medianın rolunu əks etdirən bir ifadədir. Doğrudan da, “Mingəçevir işıqları” olmasaydı, Mingəçevir belə gözəl olmazdı, onun küçələrində ağaclar bu qədər çox olmazdı”.

 

Daha sonra  “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli öz çıxışlarında qəzetin 70 illik münasubəti ilə bağlı fikirlərini bölüşüb, kollektivə daha uğurlu illər arzulayıblar.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bölgə mətbuatının inkişafındakı xidmətlərinə görə 70 yaşlı “Mingəçevir işıqları”nı diplomla təltif edib. Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəzetin baş redaktoru Fərman Nəbiyevə fəxri fərman verib.

Daha sonra illərlə bu qəzetlə əmakdaşlıq edən, fikirlərini bu qəzetlə bölüşən bir neçə əməkdaşa “Mingəçevir işıqları” qəzetinin diplomları təqdim edilib. Təqdim olunanlar içərisində bu sətirlərin müəllifi də olub.

 

 

 

Tədbirdən sonra Mətbuat Şurasının sədri Ə.Amaşov saytımıza açıqlama verib: “Mən Mingəçevirə çoxdandır ki, gəlmirəm.  Mingəçevirin bu günkü füsünkarlığı başqa bir aləmdir”. O həmçinin region mətbuatı ilə bağlı da fikirlərini də bizimlə bölüşüb: “Azərbaycan Mətbuat Şurası region mətbuatı ilə bağlı müəyyən layihələr hazırlayıb. Mart ayının 10-da Azərbaycan Jurnalistlərinin Qurultayı keçiriləcək. Mən elə bilirəm ki, həmin qurultayda region mediasının vəziyyəti ilə bağlı məsələ müzakirə olunacaq. Düzdür, bu gün region mediasında problemlər var: mətbəə problemi, oxucu problemi, kadr problemi və s. Mənim fikrimcə, cəmiyyətimizdə medianı qorumaq istəyiriksə, mütləq regional mətbuatın inkişafı üçün əməli addımlar atmalıyıq. Onların çapı ilə əlaqədar müəyyən güzəştlərin olunması, oxucu marağının artması, reklam bazarının  genişləndirilməsi… bütün bunları biz həyata keçirə bilsək, nəinki “Mingəçevir işıqları”, eləcə də ölkəmizin regionlarında işıq üzü görən 100-ə yaxın qəzet də daha çox sevilər. Onu da deyim ki, region mətbuatı regionun aynasıdır. Əgər biz regionlarımızı olduğu kimi görmək istəyiriksə, o aynanı sındırmalı deylik”.

Esmira Hidayətova, Mingəçevir