Ədalətsiz… giley

559

QVAMİ MƏHƏBBƏTOĞLU

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Azərbaycan oyunu ərəfəsində dürlü-dürlü proqnozlar verildi. Hətta tanınmış idman mütəxəssislərindən kimi dedi ki, Bolqarıstan İtaliya səviyyəsində deyil, bir xal cibimizdədir, kimi də dedi ki, yox, Sofiyadan qələbə ilə qayıtmaq şansımız var, bəs üç xal cibimizdədir. Hətta AFFA-nın baş katibi Elxan Məmmədov bildirdi ki, “Uçduğumuz “Boinq”in baqajı vətənə dönərkən 3 xal ağırlaşmalıdır”. Millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki də dəstədən geri qalmadı. Belə bir açıqlama verdi ki, bütün komanda oyuna ciddi hazırlaşıb. Rəqib da yaxşıça analiz olunub. Yaxşı nəticəyə imza atmaq istəyirik.

Amma sən saydığını say, gör fələk, yox, yox Bolqarıstan millisi nə sayır. Bəli, bolqarlar bu oyunda nəyə qadir olduqlarını nümayiş etdirdilər və… “ikinci mərtəbə”dən qapımıza iki qol vurdular. Yəni başla vurdular… Görünür, bu oyuna hazırlaşan Prosineçki bolqarların yalnız ayaqlarına güvənərək “birinci mərtəbədə”də oynayacaqlarına əmin olub və onların baş işlədəcəklərini ağlına belə gətirməyib (Burada deyiblər də, ağlımıza gəlməyən başımıza gəldi). Bu mənada Prosineçkini həmin oyunda millinin “ikinci mərtəbə”sinə maya qoymaması bağışlanılmazdır. Əbəs yerə deyilmir ki, futbol yalnız ayaqla oynanılmır. Elə bu səbəbdən də Bolqarıstandan əlimiz ətəyimizdən uzun qayıtdıq.

Bu, həmin oyundaku məğlubiyyətimizin səbəbi ilə əlaqədar mənim yegani iradım idi. Amma mən saydığımı sayım, görün millinin oyunçuları nə sayırlar? Məsələn, millinin komandanın əksər oyunçuları ərz edirlər ki, İtaliya ilə oyundan sonra çox güc itirdik, ardınca səfərə çıxdıq. Yəni həm oyun yorğunu olduq, həm də yol yorğunu. Onların sözlərindən belə məlum olur ki, komanda elə bu yorğunluğun zibilinə düşüb. Amma kimsə onlardan soruşmur ki, balam, axı siz niyə belə yorğun olursunuz? Daş daşıyırsınız məgər? Onda belə çıxır ki, bir həftə işləyən adam yorğunam deyib ikinci həftə işdən imtina etməlidir? Hələ bu bir yana e… Millimizin yarımmüdafiəçisi Rahid Əmirquliyev isə ərz edib ki, məğlubiyyəti bolqarların bizim millidən üstün oynaması ilə əlaqələndirməzdim. Şəxsən mən onun bu fikrinə qatılıram və deyirəm ki, Bolqarıstan yığması yaxşı oynamadı, sadəcə, bizimkilər pis oynadılar.

Mən bu sətirləri yazarkən həmin oyunla bağlı aparılan müzakirələrdə iş yoldaşlarımdan birinin: “Bolqarıstanla oyunda bəxtimiz gətirmədi” deməsi məni lap özümdən çıxardı. Nə yaxşı ki, elə həmin dəm məhşur bir Şəki lətifəsi yadıma düşdü. Yəqin, siz də bilirsiniz.

Bir dəfə Əhmədiyyə üzünü göyə tutub yalvarır:

– Ay qurban olduğum, nolar, elə eylə ki, mən lotoreya bileti ilə bir maşın udum.

Bir həftə keçir, maşın-zad olmur. Əhmədiyyə yenə yalvarır:

– Ay qurban olduğum, axı mən saa yalvardım, bir maşın nə olan şeydir ki, sən onu maa qıymırsan?!

Bir həftə də keçir, maşın-zad nə gəzir. Əhmədiyyə yenə yalvarır:

– Ay qurban olduğum, axı mən saa nağarmışam, sən niyə mənə kömək eləmək istəmirsən, bir maşın nə olan şeydir ki?! Yalvarıram, nolar, kömək elə. lotereya ilə bir maşın udum…

Bu dəfə yuxarıdan səs gəlir:

– Ay Əhmədiyyə, ay sənin canuvu yiyim, mən saa kömək eləmək istəyirəm, özü də çox istəyirəm, amma sən də mənə bir balaca kömək eylə də, heç olmasa, bir dənə lotoreyni bilet al…

Hə indi qurban olduğumun sözü olmasın, məgər bizim oyunçular Bolqarıstan komandasının qapısı qarşısında heç olmasa bir əməlli-başlı təhlükəli vəziyyət – qol epizodu yarada bildimi? Yox, elə isə, niyə bəs biz üstəlik elə bir bəxtimizdən də gilyeylənirik?