Ədalət gözləyən cinayət

376
Erməni cəlladlarının xalqımıza qarşı ən böyük cinayəti olan Xocalı soyqırımının 23 ili tamam oldu.
Xocalı soyqırımı tarixdə nadir görünən elə bir vəhşət nümunəsidir ki, hər il o günləri yaşayanda eyni duyğular adamı alıb götürür. O günləri yaşamayan bilməz. Dünyaya özünü məzlum kimi sırıyan erməninin nə qədər alçaq və qəddar olduğu Xocalıda bütün detalları ilə üzə çıxdı.

1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə Rusiyanın o zaman Xankəndidə olan 366-cı motoatıcı alayının iştirakı ilə əliyalın Xocalı üzərinə hücuma keçən ermənilər qoca-cavan, qadın-kişi, çağa-əlil demədən rast gəldikləri hər kəsi qanına qəltan elədilər.

Düşmənçiliyin də bir ölçüsü, bir ədəbi olar. İnsan döyüşdə düşmənini öldürər, amma beli bükülmüş qoca, bələkdəki çağanı düşmən hesab eləmək hansı insanlığa sığar? Hansı insanlığa sığar ki, məsum körpələrin meyitlərini parçalayasan, nə qədər vəhşi olmalısan ki, ölülərin bədən üzvlərini kəsəsən? Bunları bacarmaq üçün erməni olmaq lazımdır.

Statistika göstərir ki, o gecə 613 Xocalı sakini qətlə yetirilib, yüzlərlə insan yaralanıb, əsir götürülüb, itkin düşüb… Əslində isə o gecə o dəhşəti yaşayan hər kəs neçə dəfə ölüb-dirilib. Ağlasığmaz vəhşətlərə şahid olan Xocalı sakinlərinin əksəriyyəti o gecə aldıqları mənəvi travmanı çox daşıya bilmədilər. Təkcə Xocalı sakinləri deyil, o gecə baş verənləri əks etdirən bəzi şəkilləri, lentləri görən neçə soydaşımız infarkt keçirdi.

Xocalı bizim alınmamış qısasımız, qanı damlayan yaramızdır Xocalı namus məsələsidir, şərəf məsələsidir.

Erməninin kim olduğunu bilmək istəyən Xocalıya baxsın. Və həm də dostu-düşməni tanımaq üçün ən böyük ibrət məktəbimizdir Xocalı. Baxaq, öyrənək, nəticə çıxaraq və gələcəyimizi elə quraq ki, o tarix bir daha təkrar olunmasın.

Xocalı şəhidlərinin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, əlimizdən alınmış haqqımızı geri ala bilmək üçün bizə təpər, cəsarət, iman gücü verməsini təmənna edirik.