Ədəbiyyat üzrə Nobel mükafatına Abdulrazak Gurnah layiq görülü

28

2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına İngiltərədə yaşayan tanzaniyalı yazıçı Abdulrazak Gurnah layiq görülüb.

Bu barədə İsveç Akademiyasının üzvləri Stokholmda baş tutan xüsusi tədbirdə məlumat veriblər.

Tədbirdə qeyd olunub ki, Abdulrazak Gurnah “müstəmləkəçiliyin nəticələrinə və mədəniyyətlər və qitələr arasındakı uçurumda bir qaçqının taleyinə yanaşmada barışmaz və şəfqətli mövqeyinə görə” bu mükafata layiq görülüb.

Əsərlərini ingilis dilində yazan Abdulrazak Gurnah “Cənnət” və “Fərarilik” adlı romanları ilə dünyada tanınır.

Qeyd edək ki, 1901-ci ildən etibarən Nobel Fondu tərəfindən təqdim olunan ədəbiyyat üzrə Nobel mükafatı müvafiq sahədə nailiyyətlərə görə hər il verilən mükafatdır. 2020-ci ildə bu mükafata amerikalı yazıçı Louise Glück layiq görülüb.

Nobel mükafatı laureatı 10 milyon İsveç kronu (təqribən 980 min avro) məbləğində pul mükafatı, medal və digər hədiyyələrlə yanaşı, dünyaca məşhurluq və böyük diqqət qazanır. Əvvəlki illərdə laureatların adları elan edildikdə bu onların yazdığı kitabların satışlarında artıma səbəb olmuşdur.