Ədəbi imzalar bolluğunda ədəbi sima – İlyas Tapdıq

848

Sovet dövründə həyatımızda bir “sakitlik” vardı. Bu əhval təbii ki, ədəbiyyatımızda öz təəssüratını yaratmamış deyildi. Baxmayaraq ki, bədii səviyyə, ilk baxışda adını “ilham” qoyduğumuz meyar öz ölçü-biçisiylə əsərlərimizdə boy göstərirdi. Amma bu, –  sakit hisslərimizin ağıla vurmaq gücü olduqca zəif idi. Ancaq əsl qələm sahiblərini nə yazmaqdan, nəyi yazmaqdan çox necə yazmaq düşündürüb. Yazıçının öz qarşısına qoyduğu bu vəzifə, ifadə edildiyi kimi də, asan gəlməsin sizə. Axı bu, sözdü! Ürək kürə deyil ki, maşanı atıb, istisini götürəsən.

Etiraf etmək lazımdır ki, illərlə, on illərlə biz uşağı öz səviyyəmizdə görə bilməmişik. Bu balaca varlığın başına əl çəkməkdən, qulağına şirin söz deməkdən, üzünə tərif söyləməkdən ayrı qabiliyyətimiz olmayıb. Balaca oxucularımızı, başından baxıb, ayağını görüncə gözləri qaralan poemalarla, mənasız, “bir gecəlik mətləbin bir sənə mabədi var”(M.Ə.Sabir) əhvalatlara çevrilən povestlərlə üz-üzə qoymuşuq.

Oxuyublarmı?! Bu qəribə sualın, nə qədər qəribə olsa da, qəribə də cavabı var; oxuyublar. Hətta seviblər də. Axı onların qisməti bu idi. Başqa nə oxuyaydılar?!

Bəlkə mən haqsızlıq edirəm?! Bəlkə mən uşaq ədəbiyatının keçmişinə qara yaxıram?!

Qaldırın küll halında şeirlərimizi, poemalarımızı, povestlərimizi tökün qabağınıza. Onların ifadə elədiyi fikirlərə baxın, ən azından, loru dillə desək “əttökən” qafiyələrə, şit dialoqlara, mənasız təsvirlərə diqqət edin.

Fikirdən-fikrə, misradan-misraya keçidlərimizə təzədən baxsanız, inanmıram ki, xəyala dalmayasınız! Göydəndüşmə fikrə söykənən şair, baxırsan ki, hazırlıqsız-filansız daha ayrı mətləbə keçir, daha ayrı misralar quraşdırır. Uşaq şairinə elə bil haqq verilmişdi; kefin  istədiyi misrada kefin istədiyi fikri de, qorxma, oxucun hələ anlaqsızdı.

Məmməd Araz köhnə qafiyələrdən çiyrinib, yeni, ən çox da qulaq qafiyələriylə şeir yazanda, biz uşaq yazıçıları bu haqda heç  fikirləşmirdik də. Siz Əli Kərimi misal gətirə bilərsiniz ki, o elə bizim vərdiş elədiyimiz, bir az da köhnə qafiyələrlə işləyirdi. Amma obrazlarına, fikirlərinə, orijinal ifadələrinə sözünüz nədi?!

Amma insafdan da çıxmaq olmaz. Dünənin uşaq şeirini sabaha aparan klassik  nümunələrimiz, çox olmasa da, var. Görkəmli şair İlyas Tapdığın azı bir neçə şeiri fikrin, qafiyənin, orijinal deyimin, ətraflı müşahidənin sayəsində uzunömürlü olub.

Nənənin

Evində

gəbə var.

Gəbənin

Üstündə

dəvə var.

Dəvənin

Belində

təpə var.

Təpənin

Üstündə

nəvə var.

(“Təpələr”)

Tapmacadırmı?! Xeyr! Yanıltmacdırmı?! Xeyr!

Bu, əslində bir dərslik səviyyəsində bədii hekayətdi, desək haqq olar. Bu şeiri dərindən  mənimsəyən uşağın zehni açılar, dili sözə yatar, xəyalı sonsuzluqlara baş vura bilər. Məgər bu günün dünyəvi təhsilinin tələbi bu deyilmi?! Nə yazırsansa yaz, təki uşağı  haldan-hala sal, düşünməyə vadar et, ənginlikləri taybatay aç, qoy qarşısına; xəyalı dünyaların sorağına çıxsın.

Diqqətlə, hərf-hərf, söz-söz şeirin mənasına vardıqca heyrətə gəlirsən; sanki ustad bu əsəri yazmayıb, iynəni götürüb sözü sözə, fikri fikrə elə calayıb, elə gözəyib, sapın düyünü belə, sıyrımı belə, ha zənn eləyirsən, gözünə dəymir.

 “Təpələr” təkcə mövzudumu, təkcə şeirdimi?! Yox, bu, həm də bir rəssamlıq əsəridi.

Fırçası – qələm, rəngləri, rəng çalarları – söz, ifadə, təsvir…

 İlyas Tapdıq bu şeirlə təkbaşına iki ustad sənətkarın – şairlə rəssamın işini görüb; söz-fikir, mənzərə-portret…

Folklor qaynaqlarından bədii yükünü tutan şair sözün gözəlini, istisini, ürəyə yatımlısını axtarıb tapıb, şeirinin binövrəsinə künc daşları eləyib. “Təpələr” əslində bir-birinə nəsb olmuş eyni mövzulu, müxtəlif çalarlı iki şeirdi. Misal gətirdiyim bu misralarla elə bilirsən şeir qurtarır. Bir hovurdan sonra duyursan ki, nəyəsə ehtiyac var. Buna isə şeirin son misralarına hazırlıqdı da deyə bilərik. Əslində hazırlıq yox, hazırlıq kimi görünən bünövrə daşlarıdı desək, yerinə düşər:

Dəvənin

Yunundan

Toxunur gəbələr.

Gəbələr

Üstündən

Boylanır dəvələr.

Dəvələr

Belində

Dayanıb təpələr.

Təpələr

Üstündə

Oynaşır nəvələr.

Ustad sanki bizi imtahana çəkir; şana barmaqlarıyla sözü düyünə sala-sala gəlir ki, bu kələfi açmaq uğrunda baş sındıraq. Ancaq səbri istəyinə güc gəlir; bu dəfə tamam başqa havayla, bükülü gəbəni diyirləyə-diyirləyə saçaqlarınacan gözümüzün qarşısına sərir.

Bəs bu şeir kimin üçün yazılıb, yaş həddi nədi?!

Birinci sinif şagirdinə də oxuya bilərsən bu bədii hekayəti; sözlərin ahəngi çəkər onu.

İnandırım, iki-üç dəfə eşidəndən sonra, görərsən ki, hansısa sözü, yarımmisranı öz-özünə vird eləyir.

Yuxarı sinif şagirdi isə gözlərinin qarşısında canlanan mənzərəyə heyran kəsilər. Ahıl da bu şeiri təbəssümlə dinləyər. Bax, “Təpələr” şeirinin gücü ondadır ki, onun yaş ünvanı yox, poeziya məramı var. Hər kəs onu özününki hesab eləyir.

Budur əsl uşaq ədəbiyyatı nümunəsi!

İlyas Tapdığın bu şeirinin taleyini yaşayan daha bir maraqlı əsərindən də yan keçmək olmaz.

Bildir uçub

bağçanı

Meşə bildi

Bildirçin.

 (“Bildirçin”)

Bu şeirin dəyərini üç eyniköklü sözlə də göstərmək olar;

Bildir…

 bildi…

 bildirçin.

 Fikir verdinizmi, bu üç söz tamam ayrı məzmun daşımasına baxmayaraq eyni bir ahəngdə birləşib tam ola bilib.

Sanki bu söz – “bildirçin”, heç lüğətimizdə yox imiş. Sanki “bildi” kökünü də şair öz xəyal dünyasından tapıb, sonra da ətə-qana doldurub; “bildi… bildir… bildirçin.”.

Bildir uçub

bağçanı

Meşə bildi

Bildirçin.

Şair üç kəlməylə sözün şəhdi-şəkərini çıxarıb. Elə bu havayla da sonrakı misraları  diqqətimizə çatdırır:

…Ötdü kolun dibində

 Bildir-bildir

 Bildirçin.

-Bildir-bildir nədi?

Təbii ki, şeiri diqqətlə dinləyən hər kəs, hər kəsdən əvvəl uşaq, bu sualla müəllimin  qarşısını kəsə bilər.

Şeirin ilk misrasının ilk sözü olan, ayrılıqda “ötən il” mənasını verən “bildir” “bildir-bildir”  deyimində tamam başqa mənaya dönür, obraza çevrilir, bədii təsvir səviyyəsinə qalxır, rəng olur, çalar olur; “Bildir-bildir bildirçin!”.

Bu misraların dalıyca şair fikri təzə, qafiyəsi təzə daha yeni misralar yazır:

Qurbağalar ağladı

Gildir-gildir,

Bildirçin!

-Gildir-gildir nədi? İzahlı lüğətdə “gilə-gilə, damcı-damcı, dən-dənə” mənasını verən “gildir-gildir” əslində el arasında daha böyük məna kəsb edib, “yağış”ın “dolusu” səviyyəsində durur. Özünüz bir fikir verin.  Fikir verirsinizmi bizi düşünməyə vadar edən nə qədər suallar doğurur bu şeir?!

Qarışqalar

Qaçdılar-

Udar bizi, ay aman!

Yekə fildir

Bildirçin!

Bu şirin nağıl bitir. Az qalır adam “Göydən üç alma düşdü!” desin.

Bu şeirlər nəylə yaddaqalandır və niyə görə təqdir edilməlidir?!  Hər şeydən əvvəl uşaqmı, məktəblimi, lap elə müəllimmi gündəlik danışıq dilində eşitdiyi sözlərdən fərqli təzə, daha çox da xalq təfəkküründən qopub gələn ifadələrlə rastlaşır. Bu sözlər, bu ifadələr ilk baxışdaca qulağa şirin dəyməsiylə, gözə təravətli görünməsiylə az qala oxucunu nağıllar aləminə alıb aparır.

İşlətdiyi sözün məsuliyyətini duymağı biz İlyas Tapdıqdan öyrənməliyik. O, heç bir sözə başdansovdu yanaşmır. O söz ki, onun yeri misrada hardadırsa, ustad həmin sözü öz yerinə də qoyur ki, söz, ifadə urvatsız olmasın. Əlbəttə bu sadəcə söz seçimi deyil, həm də istedad məsələsidir. Bu şeirləri götür qoy ən korafəhim uşağın qabağına, de ki, burda ifadə olunan fikirlərin  rəsmini çək.

İnanmıram çəkməyə.

Bu gün uşaq ədəbiyyatının qarşısına qoyulan vacib vəzifə – düşündürücü, təfəkkürə  sirayət edən əsərlər yazmaq tələbini, demə, şair İlyas Tapdıq 40 il bundan qabaq yerinə yetiribmiş. Ən çox Müşfiqin adına yaraşıq “üçlük”lərin ahəngi duyulan bu şeirlər hər zaman təzədi, orijinaldı, dəbdən düşməzdi.

Bu gün təriflə, yalançı rəğbətlə klassik elədiyimiz, dahi saydıqlarımız az deyil. Hətta qələmi əlində güclə saxlayan, hələ sözün, köhnələr demiş, künhünə varmağı bacarmayan cavanlar da az deyil ki, səxavətlə onları da “böyük” səviyyəsinə qaldırmışıq. Sözün oxunmadığı bir zamanda əsl sənətkarın qiymətini çətin vermək olar…

   80 yaşın mübarək, ustad!

Qəşəm İsabəyli