Əcnəbi həkim və bizim legionerlər

456

Bir gün Molla Nəsrəddin bərk xəstələnir. Həkimlərin yazdıqları dərmanlar da onun köməyinə çatmır. Dostlar-tanışlar yığılıb məsləhət görürlər ki, onu şəhərdə yenicə fəaliyyətə başlamış əcnəbi həkimə də göstərsinlər. Bəli, onu da çağırırlar. Əcnəbi həkim xəstəyə baxıb görür ki, onun halı pis yaşayışdan, kasıblıqdan, yoxsulluqdan xarablaşıb. Əcnəbi həkim ona dərman yazıb verir. Üstəlik, xəstənin balışının altına da bir qızıl beşlik qoyub deyir:

– Bu dərmanları qəbul elə, yastığının altındakını da bala-bala xərclə ye, tez sağalarsan.

Bəli, xəstə şəfa tapıb sağalır. Ətrafıana yığılan qohum-əqrəbaları bir ağızdan əcnəbi həkimə dua oxuyurlar və ona təşəkkür məktubu göndərmək istəyirlər:

– Nə yaxşı həkim idi o kişi, sənin yataqdan qalxmağına səbəb oldu. Allah onu daha da var eləsin.

Molla Nəsrəddin onların alqışların zidd gedib:

– Siz Allah, qoyun o həkim daha varlı olmasın, olsa sizin tayınız olacaq, — deyir.

Bu rəvayət noyabrın 6-da “Qarabağ”la “Dnepr” oyunundan sonra birdən-birə yadıma düşdü. Bəli, həmin gün “Qarabağ” Avropa Liqasında növbəti oyununa çıxdı. Məlum olduğu kimi, nəticə ürəkaçan olmadı. Yəni yüksək təşkilatçılığa, güclü azarkeş dəstəyinə baxmayaraq, “Qarabağ” məğlub oldu. İdman şərhçilərinin sözləri ilə desək, “Dnepr”i udmağa “Qarabağ”ın təcrübəsi çatmadı. İnsafən, bu fikirdə müəyyən həqiqət var. Lakin mənim sözüm başqadır.

Kim nə deyir desin, mənim fikrimcə, bu məğlubiyyətdə legionerlərin öz imkanlarından aşağı səviyyədə oyun nümayiş etdirmələri “Qarabağ”ı su, hava kimi lazım olan üç xaldan məhrum etdi. Bəli, bu oyunda nə Reynaldo, nə də Kiyevdə fərqlənmiş Muarrem Muarrem, sözün həqiqi mənasında, yaxşı gündə deyildilər. İnsafən, öz oyunu ilə seçilən Riçard Almeydanın təkbaşına reydləri də bu səbəbdən heç bir nəticə vermirdi. Belə məqamlarda sanki adama elə gəlirdi ki, Almeyda: “Yerin məlum, ay Çumbinyo”, — deyib fəğan edirdi. Bir daha xatırladaq ki, “Qarabağ”ın yarımmüdafiəçi Cumbinyo ayağından əməliyyat olunduğu üçün bu oyunda iştirak etmirdi. Bizim yerli oyunçular isə sanki nədənsə ehtiyat edirdilər. Müəyyən qədər azarkeş etimadı qazanmış Bədavi Hüseynov isə qapıçı İbrahim Sehiçlə sanki məşq edirdi. Elə bil ki, ona yalnız bu missiya həvalə olunmuşdu. Nə isə…

Bəli, Reynaldonun, Müarremin “Qarabağ”dakı fəaliyyətlərini o qədər şişirtdik ki… Hətta buna etiraz əlaməti olaraq, komandanın rəsmiləri də dəfələrlə həyəcan təbili çaldılar. Biz isə onları şişirtməkdə davam etməklə tamam başqa ab-havaya sürüklədik. Əslində biz onları fərqləndirməklə komandaya psixoloji təsir etdik. Yeri gəlmişkən, onu da deyim ki, mən futbolçuları həvəsləndirməyin əleyhinə deyiləm. Lakin bu həvəsləndirmə bəy tərifi səviyyəsinə qalxanda yaxşı nəticələr əldə etmək mümkün olmur. Sözümün bu yerində yadıma düşən həmin rəvayətə qayıdıram və Molla Nəsrəddinin dili ilə deyirəm: Sizi and verirəm Allaha, qoyun o əcnəbilər öz havalarında qalsınlar, onları göylərin yeddinci qatına qaldırmayın, əks halda onlar bizimkilərdən heç nə ilə fərqlənməyəcəklər. Necə ki, artıq fərqlənmirlər. Axı tərifə qədər onlar həmin əcnəbi həkim kimi bizim işimizə yarayırdılar”.

Qvami Məhəbbətoğlu