Əcəlini bəsləyən zalım

612
Firon yeni doğulmuş uşaqları öldürdürdü. Bilirdi ki, onlardan birinin əli ilə həlak olacaq. Hamilə gəlinlər bilmirdilər ki, doğduqları uşağa sevinsinlər, ya yas tutsunlar. Çünki fironun adamları qapıda güdürdülər. Çağa səsi eşidən kimi içəri cumub yenicə doğulmuş bəbəni anasının əlindən alır və öldürürdülər. Analar dərd doğurdular, göz yaşı doğurdular, sinələrinə dağ doğurdular… Azğınlığın son həddinə gəlmiş, özünü allah elan etmiş firon qarşısında baş əyməyən hər kəsi ortasından ikiyə böldürürdü.
 

Musa da həmin günlərdə doğuldu. Əslində öldürülən körpələr ona görə öldürülürdü. Anası onu bir sandığa qoyub Nilin dalğaları arasına buraxdı. O axın Musanı fironun sarayına qədər apardı. Məsum körpələrin qətlinə fərman vermiş zavallı firon öz qatilini tanımır və onun şəxsində öz əcəlini sarayda bəsləyib böyüdürdü.

Nə qədər də miskin, zavallı bir mənzərə: axtardığın öz yanında, sənin sarayında naz-nemət içində böyüyür, amma sən onun yerinə başqalarının yenicə doğulmuş məsum balalarını qətl edirsən.

Allah-Təala bir zalımı ələ salanda onun qatilini onun özünə yükləyir, belində daşıtdırır.