Banklar dollar satışını dayandırıblar

0
480

Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti nağd xarici valyuta – dollar və avronun satışını dayandırıb.

Hətta bəzilərində alış əməliyyatları da məhdudlaşdırılıb. Bankların rəsmi veb-saytlarında onların valyuta mübadiləsi üzrə məzənnələri qeyd olunsa da, əksər filial və baş ofislərdə proses dayandırılıb. Bir sıra banklar baş ofisdə satışı dayandırsa da, bəzi valyutadəyişmə məntəqələri və filiallarında proses məhdud sayda da olsa həyata keçirilir. Bildirək ki, bir neçə bankda səhər saatlarında valyuta satışı həyata keçirilsə də, hazırda bu, mümkün deyil.

Banklar bunun mövcud durumla bağlı olduğunu bildirir. Satışın nə vaxt bərpa olunacağı barədə isə hələlik heç bir məlumat verilmir.

Satış həyata keçirilən banklarda isə məbləğ məhdudiyyəti tətbiq olunur. Belə ki, “BTB Bank” ASC-dən bildirilib ki, hazırda satış olsa da, bu məblığ 500 dollarla məhdudlaşdırılıb. Analoji limit “Azer-Turk Bank”da mövcuddur.

”Unibank”dan isə bildirilib ki, hazırda kredit ödənişləri və pul köçürmələri məqsədləri üçün nağdsız dollar satışı davam edir: “Bundan kənar satışlar isə dolların məzənnəsindəki qeyri-sabitlik səbəbindən müvəqqəti dayandırılıb. Bank rəhbərliyinin qərarı ilə nahardan sonra dolların satışı bərpa ediləcək”.

”Zaminbank”ın baş ofisində satış dayandırıldığı, məntəqlərdə isə davam etdirildiyi deyilsə də, əksər məntəqələrdə hazırda dolların olmadığı qeyd olunub.

Qeyd edək ki, dünəndən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycandakı banklara əməliyyat günü ərzində valyuta məzənnələrini sərbəst şəkildə dəyişdirmək hüququ verilib. Həmçinin mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.