Neftin qiyməti son 12 ilin ən aşağı səviyyəsinə enib

0
497

Dünya bazarında “Brent” markalı neftin qiyməti dünən 35 dollar/barel həddindən də aşağı enərək 34 dollar səviyyəsinə doğru hərəkət edir.

Qeyd edək ki, bu qiymət 2004-cü ilin iyul ayından sonra ən minimal səviyyədir. O zaman “Brent”in qiyməti 34,18 dollara qədər geriləmişdir. Sonradan baş verən artımdan sonra, 2008-ci ilin dekabrında 36,2 dollar/barelə qədər geriləyən “Brent” markalı neft dünən həmin səviyyədən də aşağı enib və 34,9 dollara düşüb.

Qeyd etmək lazımdır ki, “Brent” markalı neft 2008-ci il iyul ayında maksimal səviyyədə – 147,5 dollar/bareldən satılıb. Hazırda isə “Brent”in qiyməti maksimal səviyyədən 112 dollar və ya 76% aşağı satılır. Yaxın perspektivdə neftin 23 dollar/barelə qədər ucuzlaşması mümkündür.

WTI markalı Texas nefti də hazırda “Brent”ə yaxın qiymətlə (35,5 dollar/barel) satılır. Texas markalı neftin qiyməti 2008-ci ilin dekabrında 32,4 dollar/barel olub, maksimal həddi isə 2008-ci ilin iyulunda (147,27 dollar/barel) olub. Hazırda WTI nefti maksimal həddən 112 dollar və ya 76% aşağı satılır. Bildirilir ki, neft 32,40 dollar səviyyəsindən aşağı düşəcəyi təqdirdə, Texas neftin qiymətinin 20 dollar/barelə qədər azalma ehtimalı yüksəkdir.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,28 dollar yaxud 0,74% ucuzlaşıb.

Dünən “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 37,36 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

”Neftin qiymətinin azalması Çindən gələn mənfi iqtisadi göstəricilərlə bağlıdır. Çində istehsal sektorunda işgüzar fəallığın azalması yanvarın 4-də Çin fond birjalarının 7% düşməsi ilə nəticələnib. Neft qiymətləri də tələbin azalması təhlükəsi fonunda düşməyə başlayıb”, – deyə “Report”un analitikləri vurğulayıb.

Beynəlxalq ekspertlər Çin iqtisadiyyatının 2016-cı ildə 5-6% artacağını ehtimal edirlər. Bu da neftin qiymətini 20-25 dollar/barelə qədər düşməsinə səbəb olacaq. Təbii ki, neftin qiymətinin azalmasına İran neftinin dünya bazarına çıxması da mənfi təsir göstərəcək.