“Bu, onlara sərf edir”

0
339

“Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə üzən məzənnə rejiminə keçiddən sonra insanlar arasında mənasız və yersiz təşviş var. Narahatlıq üçün heç bir əsas yoxdur”.

Bunu apa-ya açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

F. Hüseynov Azərbaycanın bank sektorunda vəziyyəti sabit qiymətləndirib. Sədr əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) hər bir istiqamət üzrə banklara zəruri dəstəyi verir: “Mənim fikrimcə, valyuta bazarında baş verənlər spekulyasiyadan başqa bir şey deyil. Sadəcə olaraq, bəzi şəxslər insanların təlaşından istifadə edib pul qazanırlar. Mən hesab edirəm ki, yeni ildən sonra vəziyyət sabitləşəcək. Bunu kimlərsə sakitləşdirmək üçün demirəm. Bu, həqiqətən də boş və mənasız bir təşvişdir. Şayiələri spekulyasiya ilə məşğul olanlar yayır. Niyə? Bu, onlara sərf edir. Onlar son 3-5 gündə ömür boyu qazanmadığı pulları qazanıblar. Vəssalam! Mənim fikrimcə, təşvişə heç bir səbəb və əsas yoxdur”.

Bankir deyib ki, bu gün korreksiya olunmuş manatın məzənnəsi reallığa tam uyğundur.

F. Hüseynov deyib ki, o, spekulyasiyaların qarşısını almaq üçün valyutadəyişmə məntəqələrinin yalnız bankın filial və şöbələrində fəaliyyət göstərməsinin tərəfdarıdır: “Sizə bir misal çəkim: gəmi batan zaman bir çox insan məhz təşvişə görə batır. Təşvişin qarşısını almaq üçün düzgün addım atmaq lazımdır. Həmçinin də dünyanın bir çox ölkələrində siz küçələrdə valyutadəyişmə məntəqələrini görə bilməzsiniz. Orada valyutadəyişmə məntəqələri məhz bank filialları və şöbələri daxilində olur. Əgər qeyri-iş günü pul dəyişmək lazımdırsa, bu məqsədlər üçün plastik kart var. Bankomatların hər birində həm manat, həm də dollar var. Hansı valyuta lazımdırsa, onu çıxarmaq mümkündür”.

F.Hüseynov əlavə edib ki, “Unibank” ilk növbədə valyuta əməliyyatlarını yalnız bankın müştəriləri ilə aparmağa üstünlük verir: “Təbii ki, biz xarici valyutanın alqı-satqısına heç bir məhdudiyyət tətbiq etməmişik”.