Şairə sayğısızlıq

0
489

 

Ötən həftə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Əməkdar incəsənət xadimi Ələkbər Salahzadə adına “Avanqard” Poeziya Müsabiqəsinə yekun vuruldu və qaliblər mükafatlandırıldılar. Yox, mən bu tədbir haqqında uzun-uzadı söz açmaq istəmirəm. Sadəcə, bunu vurğulamağı özümə borc bilirəm ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, həmçinin Birliyin birinci katibi Fikrət Qocanın da qatıldığı həmin mərasim çox maraqlı keçdi.

Lakin mən həmin mərasimdən çox dilxor qayıtdım. Bilirsinizmi niyə? Çünki bu mükafatlandırma iki il öncə rəhmətə getmiş Ələkbər Salahzadənin vaxtilə oxuduğu Qonaqkənd (Quba rayonu) orta məktəbində keçirilməli idi. Hətta öncədən bu barədə kütləvi informasiya vasitələrində məlumat da verilmişdi. Lakin Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, daha doğrusu, elm və mədəniyyət sahəsinə cavabdeh olan məmurlar son anda nədənsə tədbirin həmin məkanda keçirilməsini, sözün həqiqi mənasında, əngəlləyiblər. Üstəlik, ilk dəfə keçirilən bu tədbirə bir məktub belə göndərməyi özlərinə sığışdırmayıblar (Şəxsən mən bunu Ələkbər Salahzadə ruhuna hörmətsizlik kimi dəyərləndirirəm).

Əcəba, görəsən, niyə Qubanın rəsmiləri öz diyarını, boya-başa çatdığı obasını həmişə tanıtmağa çalışan bir şairə bir saat vaxtlarını ayırmadılar? Olmaya, daha vacib işləri var idi? Olmaya, yeni standartlara uyğun yalanlar uydurmağa, kimlərə isə torpaq sahəsi satmağa (Yeri gəlmişkən, məhz Quba rəsmiləri şairə sağlığında Qonaqkənddə 5-6 sot torpaq sahəsi verməyi də özlərinə sığışdırmayıblar) və bu kimi daha vacib işlərə başları qarışmışdı? Hər halda, bir şairə bu qədər biganə olanlar üçün başqa bir “məşğuliyyət” düşünə bilmədim.

Bu sətirləri yazarkən sovet dönəmində Xalq şairi Sabir Rüstəmxanlının “Səttar Bəhlulzadə küçəsi haqqında Şəhər Sovetinə açıq məktub” adlı şeiri yadıma düşdü. Həmin şeirdə şair yazırdı ki, “fırçasında Bakının daşına da can verən” bir rəssamın adını daşıdığı küçənin “eni beşcə addımdır, boyu adından gödək”. Şeir bu misralarla bitirdi:

Düzü, heyrətə gəldim

bu küçəni görəndə.

Amma heyrət neyləsin?

Burda qeyrət gərəkdir.

Qoparıb qaranlıqda

darıxan lövhələri

Düzəsən yaylaqların,

çəmənlərin, çöllərin

ondan ölməzlik almış

çiçəkləri içinə.

Adına bir dalan oldu-olmadı,

Bəhlulzadənin nə vecinə?!

İndi şairin sözü olmasın, belə bir tədbirin Qubada keçirilməməsi də Ələkbər Salahzadənin heç vecinə deyil. Amma… belə işlər Quba rəsmilərinin vecinə olmalıdır axı… Belə şeylərə əhəmiyyət verilməli, “kiçik şeylər” sayılmamalıdır axı.

Görəsən, Qubanın rəsmiləri bilirlərmi ki, son illər heç bir rayon, yaxud şəhər öz qoynunda boya-başa çatdırdığı tanınmış şəxsiyyətlərinə qarşı belə mövqe nümayiş etdirmir? Əksinə, belə tədbirlərə paytaxtdan öncə özləri start verirlər. Şair demişkən, axı “sən belə deyildin əzəl, ay Quba?” Nə olub sənə? (Elə bu ilin aprelində Bakıda keçirilmiş Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 60 illik yubileyinə də heç məhəl qoymadı Quba rəsmiləri).

Yəqin Ələkbər Salahzadənin qohumları, övladları vəzifə sahibi olsaydılar, ona belə sayğısızlıq göstərilməzdi!