“Binə” Ticarət Mərkəzində çalışanlar

0
291

Dünən “Binə” Ticarət Mərkəzinin əksər ayaqqabı mağazalarında, xüsusilə də 2 mərtəbəli mağazalar sırasında çalışanlar icarə haqlarının yüksək olmasına etiraz əlaməti olaraq mağazalarını açmadılar. Alış-veriş üçün bu ticarət mərkəzinə üz tutanlar, xüsusən də ayaqqabı almaq istəyənlər bu vəziyyəti görüb, xeyli təəccübləndilər. Biz də öz növbəmizdə satıcıların xahişi ilə bazara yollanıb, bu mövzuda yazı hazırlamaq istəyirdik. Lakin elə bazara yenicə daxil olub şəkil çəkməyə başlamışdıq ki, bir polis əməkdaşı və özünü nəzarətçi kimi təqdim edən şəxs yaxınlaşıb çəkilişi dayandırmağımızı tələb etdilər. Onlardan bunun səbəbini soruşduqda dedilər ki, bazar rəhbərliyindən icazə almalıyıq. Polis əməkdaşı və nəzarətçi bazar rəhbərliyinin iş kabinetinə getməli olacağımızı dedilər. Biz də etiraz etməyib, onlarla birlikdə həmin ünvana yollandıq. Ərazidə başqa polis əməkdaşları da var idi. Bizimlə birlikdə olan polis əməkdaşı kabinetlərdən birinə daxil olub: “Jurnalist gəlib, çəkiliş aparmaq istəyir”,-dedi. Ona bildirdilər ki, bazarın rəhbəri hələ ki iş yerində deyil, birazdan gələcək. Bir az gözləyəndən sonra polis əməkdaşı başqa bir nəfərə zəng vurub yenə eyni sözləri təkrarladı. Bir xeyli danışandan sonra polis əməkdaşı üzünü bizə tutub: “İndi rəhbərliyin nümayəndəsi gəlib sizinlə danışacaq. Hər şeyi özünüz başa salarsınız. İcazə verilib-verilməyəcəyinə onlar qərar verəcəklər”,-dedi.

“Binə” rəhbərliyi çəkilişə icazə verdi

Bir az da gözlədikdən sonra cavan bir oğlan bizə yaxınlaşıb özünü “Binə” Ticarət Mərkəzi rəhbərliyinin nümayəndəsi kimi təqdim etdi, sənədlərimizlə maraqlandı. “Zaman-Azərbaycan” qəzetindən gəldiyimizi, satıcıların xahişi ilə onları narahat edən problemləri və buna etiraz əlaməti olaraq mağazaları bağlı saxlamalarını işıqlandıracağımızı dedik. Həmin şəxsə jurnalist vəsiqəmizi də təqdim etdik. Sənədlərimizlə tanış olandan sonra həmin şəxs də kiməsə zəng vurub məlumat verdi və çəkiliş üçün icazə aldı: “Buyurun, çəkiliş apara bilərsiniz”.

Təşəkkür edib oradan uzaqlaşarkən bayaq bizi bazar rəhbərliyinin yanına gətirən polis əməkdaşı: “Çəkiliş aparın, ancaq camaatı başınıza yığmayın”,-deyib xəbərdarlıq etdi.

Yenidən satıcıların yanına qayıtdıq. Onlardan biri bizi polis əməkdaşının aparmasına hər nə qədər təəccüb etmişdisə, az sonra geri qayıdıb çəkiliş aparmağımız da ona o qədər qəribə gəldi. Odur ki, səbrini basa bilməyib: “Qardaş, deyəsən, sizi yuxarı aparıb “hörmətinizi” elədilər, yəqin daha heç nə yazmayacaqsınız”,-dedi.

Ona vəziyyəti olduğu kimi danışıb, yenidən söhbətimizə başladıq.

“İcarə haqları mağazanın harada yerləşməsindən asılı olaraq dəyişir”

Satıcılar bildirdilər ki, onlar indiki halda həm bazar rəhbərliyinə, həm də mağazaların öz sahiblərinə icarə haqqı ödəyirlər: “Bildiyiniz kimi, “Binə” Ticarət Mərkəzi inşa olunarkən buradakı mağazaların çoxu vətəndaşlara satılıb. Tutaq ki, siz gəlib buradan 100 min manat ödəyib mağaza almısınız və sonradan vermisiniz bizim kimi ticarətçilərə icarəyə. İndi biz həm mağazanın sahibinə, həm də bazar rəhbərliyinə icarə haqqı ödəyirik”. Satıcıların dediklərinə görə, icarə haqları mağazanın harada yerləşməsindən asılı olaraq dəyişir: “Məsələn, elə ərazi var ki, orada bazar rəhbərliyinə 40 kvadratmetr əraziyə görə 850 manat, elə yer var 1000 manat, elə ərazi var ki, 50 kvadratmetr əraziyə görə 1050 manat, elə yer var 1150 manat ödənilir. Hələ bundan başqa, mağazanın sahibinə də icarə haqqı ödənilir. Ən qəribəsi isə odur ki, satıcılar bazar rəhbərliyinə mağazaların sahiblərindən çox pul ödəyirlər. Məsələn, mağazanın yerindən asılı olaraq, icarəyə verən şəxsə 150, 200, 300 manat pul ödənilir”.

Onu da öyrəndik ki, satıcıların aylıq ödənişləri təkcə bununla da kifayətlənmir: “Məsələn, kondisionerə görə hər ay 40 manat pul alırlar bizdən. Bundan başqa, elektrik enerjisindən istifadəyə görə sayğac da quraşdırılmışdı. Amma indi sayğaclar işləmir. Belə ki, işıq pulunu lapma sayına görə ödəyirik. Elə mağaza sahibi var, aylıq 40 manat, eləsi var, 50 manat, eləsi də var, daha çox işıq pulu ödəyir”.

“Elə olur ki, aylıq icarə haqqını belə düzəldib verə bilmirik”

Sahibkarlara: “Mağazaları bağlı saxlamısınız, nəyə nail olmaq istəyirsiniz?” sualını verdik. Aldığımız cavab belə oldu: “Bildiyiniz kimi, bu gün (dünən-red) Azərbaycanda dollar bahalaşıb. Amma bizim bu vəziyyətə düşməyimizin dollarla heç bir əlaqəsi yoxdur. Birinci istəyimiz budur ki, icarə haqlarını azaltsınlar – aylıq 400-500 manatadək endirilsə, yaxşı olar. Bir neçə il əvvəl alış-veriş var idi, qazanırdıq, icarə haqqını da ödəyirdik, əlavə ödənişləri də edirdik, hələ ailəmizi də dolandırırdıq. Ancaq indi dünya iqtisadiyyatında baş verənlərin nəticəsi olaraq, bizim əhalinin də alıcılıq qabiliyyəti aşağı düşüb. İnanın, elə olur ki, aylıq icarə haqqını belə düzəldib verə bilmirik”.

Ən pisi isə odur ki, satıcıların bir çoxunun banklara borcu var: “Vəziyyət pisləşəndə çoxumuz bankdan kredit götürüb işimizi davam etdirdik ki, yəqin düzələr. Əksinə, vəziyyət daha da ağırlaşdı. Kredit də qaldı üstümüzdə. Bilmirsən icarə haqqı ödəyəsən, bilmirsən ailəni dolandırasan, bilmirsən kreditin dərdini çəkəsən. Bir az narazılıq edəndə isə bazar rəhbərliyi deyir ki, çıx get. Yaxşı, çıxıb hara gedək? Gedək oğurluq edək?”.

“Bizə köməklik eləsinlər”

Satıcılar icarə haqlarında endirim olmayanadək mağazalarını işlətməyəcəklərini söylədilər: “Ölkə rəhbərliyi səviyyəsində deyirlər ki, sahibkarları incitmək olmaz. Amma gəlib görsünlər burada vəziyyət necədir. Deyirlər ki, biz bilmirik, pul tapıb gətirin, icarə haqlarını ödəyin”.

Başqa bir sahibkar isə dedi ki, Rusiya və Qazaxıstanda dünya iqtisadiyyatında böhran başlayandan, alıcılıq qabiliyyəti aşağı düşəndən, devalvasiya baş verəndən sonra icarə haqlarında ciddi şəkildə endirim olub: “Ona görə də oradakı sahibkarlar vəziyyətdən az itki ilə çıxa, işlərini davam etdirə bildilər. Ancaq bizə heç bir güzəşt olmadı, bahalaşma olanda qiymətləri qaldırdılar, ucuzlaşma olanda isə aşağı salmadılar. Xahiş edirik ölkə rəhbərliyindən, xahiş edirik bazar rəhbərliyindən ki, bizə köməklik eləsinlər, icarə haqlarını aşağı salsınlar”.

“Binə” Ticarət Mərkəzinin 2 mərtəbəli mağazalar sırasında çalışan başqa bir sahibkar isə etdiyi aylıq ödənişləri belə sıraladı: “Hər ay 1000 manat bazar rəhbərliyinə, 200 manat icarədara, 10 manat mühafizəçiyə, 90 manat işığa, 6 manat kassaya görə ödəniş edirəm. Hər rübdə 167 manat isə Dövlət Sosial Müdafiə Fonduna ödəniş edirik. Xahiş edirik, bizə köməklik eləsinlər, icarə haqlarını azaltsınlar”.

Nicat İntiqam