Taliban Türkmənistan üçün təhlükə mənbəyinə çevrilir

0
467
Beynəlxalq sülhməramlı güclərin Əfqanıstanı tərk etməyə hazırlaşdıqları bir vaxtda adıçəkilən ölkə ilə həmsərhəd olan bəzi dövlətlərdə  xüsusi bir narahatlıq hiss edilməkdədir. 
Bu da əsassız deyil. Belə ki, beynəlxalq sülhməramlı güclərin Əfqanıstanı tərk etməsindən sonra Talibandan qonşu ölkələr üçün gələcək təhlükənin artacağı istisna edilmir. Bu müstəvidə  beynəlxalq sülhməramlı güclərin Əfqanıstanı tərk etməsindən sonra orada nəzarətin qeyri-rəsmi şəkildə talibançıların əlinə keçməsi ehtimalı kifayət qədər yüksək hesab edilir. Bu baxımdan Orta Asiyanın ən sakit və sülhsevər dövlətlərindən biri hesab edilən, beynəlxalq aləmdə neytral dövlət statusuna malik olan Türkmənistanda da Əfqanıstanda baş verən son hadisələrlə bağlı ciddi narahatlıq özünü büruzə verməkdədir. Buna da səbəb son  bir neçə ay ərzində Əfqanıstan-Türkmənistan sərhədində gərginliyin artmaqda davam etməsidir. Demək olar ki, hər gün Əfqanıstan tərəfindən Türkmənistan sərhədinin pozulması halları baş verir. Bir neçə gün əvvəl silahlılar  Əfqanıstan ərazisindən Türkmənistan sərhədçilərini atəşə tutublar. Badgis vilayətinin Türkmənistanla sərhəddə yerləşən Marçak yaşayış məntəqəsi istiqamətindən açılan atəş nəticəsində  6 nəfər türkmən sərhədçi yaralanıb. Türkmənistan isə bununla bağlı Əfqanıstan hökumətinə etirazını bildirib. Amma belə başa düşmək olar ki, Əfqanıstan hökuməti sərhədə nəzarət etmək iqtidarında deyil. Faktiki olaraq Əfqanıstan-Türkmənistan sərhədinə nəzarət hazırda taliblərin əlindədirr. Bunu sərhəddə gərginliyin artması ilə bağlı Türkmənistan xarici işlər naziri Rəşid Meredovun ötən ayın 29-da Kabilə səfəri də bir daha təsdiq etdi. Rəşid Meredovun təcili şəkildə Kabilə səfərinə səbəb isə may ayının 24-də  Talibanın səhra komandirlərindən biri hesab edilən Qulam Dəsrgir Topanın komandanlığı altında olan silahlıların Türkmənistan sərhədini keçərək 3 türkmən sərhədçisini öldürməsi və onlara məxsus avtomatları və 2 pulemyotu ələ keçirərək geriyə qayıtmaları olub. Amma bu, iki ölkə sərhədində baş verən ilk belə hadisə deyil. Bu ilin fevral ayının 27-də gecə Badgis əyalətinin Tor Şeyx kəndi istiqamətindən Talibanın səhra komandirlərindən olan Abdulla Movlavinin rəhbərliyi altında bir qrup silahlı Türkmənistan ərazisinə daxil olaraq 3 nəfər türkmən sərhədçini öldürmüşdülər.  Sərhəddə gərginliyin davam etməsi və may ayının 24-də Taliban silahlıları tərəfindən növbəti dəfə sərhədin pozulması və  3 türkmən sərhədçinin öldürülməsi isə, öz növbəsində, Rəşid Meredovun Kabilə səfər etməsinə gətirib çıxardı. Kabildə prezident Həmid Karzai ilə keçirdiyi görüşlərdə Rəşid Meredov iki ölkə sərhədində artmaqda olan gərginliklə və türkmən sərhədçilərin öldürülməsi ilə bağlı Türkmənistanın narahatlığını qarşı tərəfin  diqqətinə çatdırdı. Karzai vəziyyətə nəzarət edilməsi üçün müvafiq addımlar atılacağını vəd etsə də, iyun ayının 7-də iki ölkə sərhədində baş verən son hadisə Kabilin bu məsələdə gücsüz olduğunu bir daha üzə çıxardı.

Əslində bu, gözlənilən idi. Çünki Karzai hökuməti faktiki olaraq ölkəyə nəzarəti itirib və onun Əfqanıstan tərəfindən Türkmənistanla sərhədə nəzarəti ələ keçirən taliblərə qarşı ciddi hərbi əməliyyata başlamaq imkanları yoxdur.

Türkmənistan tərəfi, öz növbəsində, Əfqanıstanla sərhəddə gərginliyin artması və qarşı tərəfdən silahlıların mütəmadi olaraq türkmən sərhədçiləri atəşə tutması ilə bağlı təcili təhlükəsizlik tədbirləri həyata keçirməkdədir. Bu müstəvidə də Əfqanıstanla sərhəd zonasında gücləndirilmiş hərbi sistemin tətbiqinə başladılıb və bölgəyə əlavə canlı qüvvə və hərbi texnika göndərilib.

 

Məqsəd Rusiyanı köməyə çağırmağa məcbur etməkdirmi ?

Əfqanıstan-Türkmənistan sərhədində gərginliyin artması çoxları üçün gözlənilməz olub. İş orasındadır ki, hələ Talibanın hakimiyyətdə olduğu vaxtlarda Türkmənistanla Əfqanıstan arasında xoş münasibətlər olub. Türkmənistan dəfələrlə Əfqanıstana ərzaq və digər humanitar yardımlar göstərib. Türkmənistan nəinki taliblərlə, ümumiyyətlə, Əfqanıstanda hakimiyyətdə olan güclərlə həmişə xoş münasibətlərdə olub. Ona görə də ötən ildən başlayaraq Rusiya mətbuatında Talibanın Türkmənistan üçün ciddi təhlükəyə çevriləcəyi barədə qaldırılan “şou”ya Özbəkistanla müqayisədə Aşqabadda ciddi reaksiya vermədilər. Amma hadisələrin gedişi göstərir ki, Taliban tərəfindən Türkmənistan sərhədinin pozulması artıq ciddi təhlükə mənbəyinə çevrilməkdədir.  Siyasi müşahidəçilər tərəfindən Talibançıların Aşqabada münasibətdə birdən-birə xoş münasibətlərinin dəyişməsi isə müxtəlif prizmalardan izah edliir. Belə ehtimal  edilir ki, bəzi güclər müxtəlif yollarla Əfqanıstan-Türkmənistan sərhədində gərginliyi artırmaqla Talibandan gələn təhlükə adı altında Aşqabadı yardım üçün Moskvaya müraciət etməyə məcbur etmək istəyirlər. Xatırladaq ki, məhz Taliban təhlükəsi ətrafında oynanılan “şou” Özbəkistanı Rusiya ilə özünün suverenliyinə xələl gətirə biləcək hərbi anlaşma imzalamağa məcbur etdi. Türkmənistanı da eyni oyuna getməyə məcbur edə biləcəklərmi? Bu suala birmənalı cavab vermək isə heç də asan deyil. Bununla belə, bütün hallarda Türkmənistan-Əfqanıstan sərhədində gərginliyin artması bölgəyə yaxşı heç nə vəd etmir və bunun olduqca ağır nəticələrinin ola biləcəyi istisna edilmir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here