Məlum, yoxsa naməlum müəmmalar?..

0
452

Elm və texnikanın inkişafı ilə əlaqədar alimlər insanlara sirli görünən hadisələrin üstünü açmağa çalışırlar.

Çünki ola bilsin ki, bu hadisələrdən hər hansı birinin sirri açılsa, bəşəriyyət sürətli inkişaf dövrünə qədəm qoya bilər. Bu baxımdan, hazırda alimlərin diqqətini daha çox cəlb edən məsələ müxtəlif dövrlərdə insanların başına gələn hadisələrin demək olar ki, sonralar olduğu kimi təkrar olunmasıdır. Ancaq hələlik insan təfəkkürü bu cür qəribə hadisələrin sirrini açmaqda çətinlik çəkir. Görəsən, üst-üstə düşən bu sirli hadisələrin arxasında nə və ya nələr gizlənir? Hələlik bu suallara cavab tapılmasa da, diqqətinizi onlardan bəzilərinə cəlb etmək istəyirik.

Oxşar taleli insanlar

1900-cu il iyul ayının 28-də İtaliya kralı I Umberto Monza şəhərindəki restoranlardan birinə şam yeməyinə gedir. Burada krala xidmət edən ofisiantlarla söhbətdə məlum olur ki, restoran sahibinin də adı Umbertodur və o da kral kimi eyni ildə, eyni ayda, eyni gündə və eyni şəhərdə anadan olub. Ancaq iş bununla bitmir və bir az da dərinə gedəndə məlum olur ki, restoran sahibinin həyat yoldaşının da adı kralın həyat yoldaşının adı ilə eynidir. Üstəlik, onların toyları da eyni gündə olub. Hələ bu az imiş kimi, restoranın açılması da I Umbertonun tacqoyma mərasiminin keçirildiyi gündə baş verib. Bunu öyrənən kral xeyli gülür və restoran sahibi ilə ömürlük dost olacağını deyir. Hətta onunla söhbətində zarafatla birgə həyatdan gedəcəklərini də ifadə edir. Söhbətdən sonra onlar ertəsi gün görüşməyi və birgə stadiona getməyi qərara alırlar. Ancaq səhər krala xəbər verirlər ki, dünən restoranda tanış olduğu adaşı qəflətən ölüb. Bundan çox təəssüflənən kralın birdən ağlına dünən ona dediyi söz gəlir. Və düşünür ki, o da restoran sahibi ilə eyni taleyi yaşaya bilər. Bir də niyə düşünməsin ki, onların həyatında baş verən hadisələrin çoxu üst-üstə düşür. Kral ürəyinə daman bu şübhəni ətrafındakılarla da bölüşür. Ancaq onlar krala ürək-dirək verərək bunun ancaq bir “təsadüf” olduğunu bildirirlər. Ancaq bir neçə saat sonra kralın ürəyinə damanlar başına gəlir. Kralı çoxdan öldürmək istəyən anarxistlərdən biri, heç kimin gözləmədiyi halda, ona yaxınlaşaraq qəribə bir soyuqqanlilıqla atəş açır. Nəticədə isə kral I Umberto da restoran sahibi olan adaşı kimi onunla eyni gündə ölür. Bu “təsadüf” idi, yoxsa qanunauyğunluq? Təəssüf ki, o gün olduğu kimi, bu gün də bu qəribə hadisəni təsadüf kimi izah etmək o qədər də inandirici görünmür.

“Krossvord” əməliyyatı

Başqa oxşar bir hadisə isə 1944-cü ildə baş verib. ABŞ və Böyük Britaniya hərbi qüvvələri Normandiyaya desant çıxarmaq barədə gizli bir əməliyyat hazırlamışdılar. Bu əməliyyatdan cəmi bir neçə adamın xəbəri var idi. Normandiyaya desant çıxarmağa bir neçə gün qalmış İngiltərənin “Deyli Teleqraf” qəzetində bir krossvord dərc edildi. Nə qədər qəribə olsa da, bu krossvordda İkinci Dünya Müharibəsinin taleyini həll edə biləcək bu əməliyyatın adı (yəni “Overlord”), həmçinin bu əməliyyatın tərkib hissələriini təşkil edən əməliyyatların adları (yəni “Yuta”, “Omaxa” və “Neptun”) olduqca dəqiq yazılmışdı. İngiltərə Müdafiə Nazirliyi bundan şoka düşmüşdü. Çünki bu, həm desant əməliyyatının iflasa uğraması, həm də sirrin düşmən əlinə keçməsi demək idi. Dərhal xüsusi xidmət orqanları məsələni araşdırdılar. Məlum oldu ki, krossvordu hərb sənətindən heç bir xəbəri olmayan adi bir orta məktəb müəllimi hazırlayıb və bu vaxt o sadəcə olaraq öz təxəyyülünə əsaslanıb. O dövrdə ingilislərin bəxtindən almanlar “Deyli Teleqraf”dakı krossvorda əhəmiyyət verməmiş və ingilislər əməliyyatı uğurla basa vurmuşdular.

“Titanın məhvi” və “Titanik”in taleyi…

Digər üst-üstə düşən bir hadisə isə məşhur “Titanik” gəmisi ilə bağlıdır. Belə ki, “Titanik” suya buraxılmamışdan 16 il əvvəl, yəni 1896-cı ildə fantast yazıçı Morqan Robertson Londonda hamının dərhal diqqətini cəlb edən “Titanın məhvi” adlı romanını çap etdirir. Əsərdə “Titan” adlı böyük gəmidən və onun aysberqlə toqquşması nəticəsində faciəli şəkildə məhv olmasından bəhs edilir. Eyni şəkildə 1912-ci ildə dünyanın ən böyük gəmisi olan “Titanik” də suya buraxılır və romanda təsvir edilən hadisələr olduğu kimi onun da başına gəlir. Hətta çox qəribədir ki, “Titanik”də həlak olanların sayı da romanda həlak olanların sayı ilə eyni idi.

Oxşar taleli prezidentlər

Üst-üstə düşən qəribə hadisələr ABŞ prezidentlərinin də həyatından yan keçməyib. Nə qədər qəribə olsa da, faciəli şəkildə ölən ABŞ prezidentlərinin bəziləri axırı “sıfır” olan illərdə prezident seçiliblər. Məsələn, prezident Avraam Linkoln 1860-cı, prezident Ceyms Qarflid 1880-ci, prezident Uilyam Mak-Kinli 1900-cu, prezident Con Kennedi isə 1960-cı ildə prezident postunda oturublar. ABŞ prezidentlərinin oxşar taleləri yaşaması və bunun səbəbləri də indiyə qədər açılmayıb. Məsələn, Avraam Linkoln 1846-cı ildə Konqresə seçilmişdi, Con Kennedi isə 1946-cı ildə, Avraam Linkoln 1860-cı ildə prezident seçilmişdi, Con Kennedi isə 1960-cı ildə. Hər iki prezident cümə günü həyat yoldaşlarının gözləri qarşısında arxadan başlarına açılan atəşdən həlak olmusdular. Hər iki prezidentin ailə həyatında baş verənlər də oxşar olub. Linkolnun və Kennedinin bir oğlu seçkilərə kimi, bir oğlu isə prezidentlikləri dövründə ölüb. Linkoln “Ford” teatrinda, Kennedi isə “Ford” avtomobilində sui-qəsdin qurbanı olub. Həlak olan prezidentlərin varisləri də oxşar soyadlara malik olublar və 100 il “fasilə ilə” eyni ildə anadan olublar. Linkolnun prezident postuna keçən Endryu Conson 1808-ci, Kennedini prezident postunda əvəz edən Lindon Conson isə 1908-cu ildə anadan olub. Prezidentlərin digər işlərində də qəribə oxşarlıqları olub. Məsələn, Linkolnun şəxsi katibinin adı Kennedi, Kennedinin şəxsi katibinin adı isə Linkoln olub. Hər iki prezident həlak olduqları gün iş qrafikində dəyişiklik etmək istəyiblər, ancaq köməkçiləri buna razılıq verməyiblər. Hər iki prezidentin qatilləri də eyni ildə (təbii ki, yenə də 100 illik fasilə ilə) anadan olublar. Belə ki, Linkolnu öldürən Con Uilks But 1839-cu, Kennedini öldürən Li Harvi Osvald isə 1939-cu ildə anadan olub. Hər iki qatil məhkəməyə çıxarılmamış öldürülüblər. Con Uilks But Linkolnu teatrda öldürüb anbarda yaxalanmaışdı. Li Harvi Osvald isə anbardan Kennediyə atəş açıb kinoteatrda ələ keçirilmişdi. Linkoln da cənublular tərəfindən öldürülmüş və yerinə cənublular oturmuşdu. Kennedi də cənublular tərəfindən öldürülmüş və yerinə cənublular əyləşmişdi. Prezidentlərin və onların varislərinin soyadlarındakı hərflər də eynidir. Belə ki, “Lincoln” və “Kennedy” sözləri 7, “Andrew Johnson” və “Lyndon Johnson” sözləri isə 13 hərfdən ibarətdir. Hələ bu az imiş kimi prezidentlərin qatillərinin soyadlarındakı hərflərin də sayı eynidir. Belə ki, həm Linkolnun qatili “John Wilkes Booth”-un, həm də Kennedinin qatili “Lee Harvey Oswald”-ın adındakı hərflərin sayı 15-dir.

Təbii ki, bütün bunlar üst-üstə düşən hadisələrin bəlkə də heç on milyonda biri deyil. Ancaq bunların sirri hələlik açılmır ki, açılmır. Məşhur Avstriya fiziki, Nobel mükafatı laureatı Volfqanq Pauli və məşhur İsveçrə psixoloqu, analitik psixologiyanın banisi Karl Yunq belə sirli hadisələrin üstünü açmaq üçün uzun illərdir ki, tədqiqat aparırlar. Onlar hətta bu barədə apardıqları tədqiqatları kitab kimi də çap etdiriblər. Hər iki tədqiqatçının fikrincə, bu qəribə hadisələri bir-birinə bağlayan hansısa bilmədiyimiz prinsiplər var və o prinsiplərin mahiyyətini açmaqda hələlik elm acizdir.