Qohum-əqrəbaya kömək etmək haqdır

0
288
Tədricən özünü tənhalaşdıran insan üzləşdiyi problemlərin öhdəsindən gələ bilməyərək bunların altında əzilib qalır. Ancaq İslamın qoyduğu sosial yardımlaşma sistemi insanı bu yalnızlıqdan xilas edib sağlam bir cəmiyyət üzvünə çevirir. İslami cəmiyyətdə fərdlərin, xüsusilə, də yaxın qohumların bir-birinə göz-qulaq olub ehtiyaclarını təmin etmələri bu baxımdan önəmlidir. Belə ki, hər cür yardımın yaxın qohumlardan başlayaraq, möhtac insanlara qədər çatdırılması İslamda əmr edilən məsələdir.
Dolanışığını təmin edə bilən insan maddi ehtiyaclarını qarşılamaq üçün bəlkə başqalarına ehtiyac duymaya bilər. Ancaq müxtəlif şəraitdə yaşamaq məcburiyyətində olan insan bir gün həyatını qazana bilməyən və ailə üzvlərinə baxa bilməyəcək hala düşə bilər. Bu hallarda insanın ilk müraciət edə biləcəyi insanlar yaxın qohumlarıdır. Mövzumuzu təşkil edən ayədə yaxın qohuma, miskinə və yolda qalana haqqını verməkdən bəhs edilir. Çünki onlara yardım etmək bir minnət deyil, haqdır. Burada, xüsusilə, yaxın qohuma yardım etmənin xatırlanması isə sileyi-rəhmi (qohumluq bağlarını) qorumaq üçün möhtac olan qohumlara yardım etmək məqsədilədir.

Bu baxımdan qohumların ehtiyaclarını yerinə yetirmək, onlara yardım etmək o qədər önəmlidir ki, Allah-Təala, təkcə, ibadət etməyin yaxşılıq olmadığını, halal mal qazanıb onu qohumlara, yoxsullara və yolda qalmışlara xərcləməyin əsas yaxşılıq olduğunu xəbər verir (əl-Bəqərə, 2/177).

Qohumlarımızdan pislik görsək belə, heç bir zaman onlara yardım etməkdən çəkinməməliyik. Çünki ayədə fəzilətli və varlı insanların qohumlara, yoxsullara mallarından verməyəcəklərinə dair and içməmələri əmr edilir (ən-Nur, 24/22). Yenə Peyğəmbərimizin (s.ə.s) hədislərində ən fəzilətli sədəqənin düşmənçilik edən qohumlara verilən sədəqə olduğu, yoxsula verilən sədəqənin bir sədəqə yerinə keçəcəyi, qohumlara verilən sədəqənin isə iki sədəqə yerinə keçəcəyi ifadə edilir.

Qohumlara yardım etmək ehsan kimi dəyərləndirilir. Ehsanda, xüsusilə, qohumlara yardımın ön plana çıxarılması, onun önəmini bir daha göstərir. Qohumlara yardım etmək vəzifəsi o qədər önəmlə vurğulanmışdır ki, hər hansı birimizə ölüm yaxınlaşdıqda əgər bir xeyir, yəni ölümdən sonra dünyada malımız qalacaqsa, o malı yaxın qohumumuz arasında ədalətlə bölməyi vəsiyyət etməyimiz əmr edilmişdir (əl-Bəqərə, 2/180).

Uca Allah qohumlara yardım etməmizi əmr edərkən (ən-Nəhl, 16/90) onlara möhtac olduqları sahələrdə hədiyyə verməyimizi və yaxşılıq edərək yaxınlarla münasibətləri davam etdirməyimizi də istəyir. Allah-Təala qohuma haqqını verməyin Allahın rizasını qazanmağı diləyənlər üçün daha xeyirli olduğunu və o şəxslərin nicat tapanlardan olacağını bildirir (ər-Rum, 30/38).

Xülasə, qohumlarımızdan möhtac olanlara yardım əlimizi uzatmırıqsa, dinimizin önəmli hesab etdiyi bir məsuliyyəti yerinə yetirməyərək qüsur etmiş oluruq. Çünki qohumlara göz-qulaq olmağın, möhtacdırlarsa, ehtiyaclarını qarşılamağa çalışmağın İslamın önəm verdiyi məsələlər olduğunu unutmamalıyıq. Hətta qohumlarla olan əlaqəsini, yardımını və dəstəyini kəsən şəxsin cənnətə girə bilməyəcəyi xəbərdarlığının hədisdə bildirildiyini və bunun böyük günah olduğunu da unutmamalıyıq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here