“Ən böyük arzum yenidən “Qəbələ”nin formasını geyinməkdir”

0
235

2005-2010-cu illərdə “Qəbələ”nin şərəfini qorumuş, bu komandanın heyətində 96 oyun keçirmiş Həşimov artıq 4 ildir ki, I Diviziondan çıxa bilmir. Son klubu “Karvan” olan 29 yaşlı yarımmüdafiəçi müsahibə verib.

“I Diviziona düşən oyunçu bir daha elitaya qayıda bilmir”

– Son mövsümü “Karvan”da keçirdin. İndi nə işlə məşğulsan?

– “Karvan”la müqaviləm başa çatdığı üçün hazırda heç bir komandaya məxsus deyiləm. Komandanın gələcək taleyi müəmmalıdır. Fəaliyyətini dayandırıb-dayandırmayacağı bəlli deyil. Biz də bir xəbər gözləyirik. Açığı, digər komandalardan təklif gözləyirəm. Xüsusən də, Premyer Liqadan.

– Bir vaxtlar ən güclü komandalardan olan “Karvan” indi ağır günlərini yaşayır. Vəziyyətin düzələcəyinə heç ümid yoxdur?

– Hazırda komanda İcra Hakimiyyəti tərəfindən maliyyələşir. Bir ara deyildi ki, klubu götürmək istəyən iş adamları var. Amma bu yöndə heç bir yenilik olmadı və mövsümün sonuna qədər İcra Hakimiyyəti kluba baxdı.

– Təklif gözlədiyini dedin. Dəvət varmı?

– Birinci divizionun 3 komandasından təklif olub. Amma tələsmək istəmirəm.

– Yəqin ki, Premyer Liqa ilə I Divizion arasındakı fərq müqayisəedilməzdir…

– Tamamilə doğrudur. Bu barədə danışmağa heç ehtiyac da yoxdur. Təkcə onu deyim ki, oyunlar zamanı paltardəyişmə otağına girəndə heç əynini dəyişmək istəmirsən. Meydançaların da vəziyyəti acınacaqlıdır. Halbuki Türkiyənin 3-4-cü liqalarında da peşəkarlıq yüksək səviyyədədir. Ən pisi də odur ki, I Diviziona düşən oyunçu bir daha elitaya qayıda bilmir. Sanki bataqlığa düşürsən, nə qədər çabalasan da, çıxa bilmirsən. Özünü ən yaxşı tərəfdən göstərsən belə, xeyri olmur. Çünki nə çəkiliş var, nə elita klubları, nə futbol ictimaiyyəti, nə də mətbuat I Diviziona fikir verir. Premyer Liqada isə oynamayanda belə, gündəmdə qala bilirsən.

“Hamı da mənə deyirdi ki, hansı ağılla “Qəbələ”ni qoyub gəlmisən I Diviziona?”

– “Qəbələ”nin əvəzedilməz oyunçusu idin və birdən-birə I Diviziona yuvarlandın. Həmin vaxt hansı yanlış addımı atdın ki, bu vəziyyətə düşdün?

– Açığı, elitada çıxış edən vaxtlar ağlıma da gətirməzdim ki, nə vaxtsa I Divizionda oynayaram. “Qəbələ”nin heyətində ən çox oyun keçirən yerli futbolçu mənəm. Düzü, orada oynayanda 2-3 iddialı klubdan təklif almışdım. Amma Qəbələni doğma evim kimi gördüyüm üçün təklifləri qəbul etmirdim. 2010-cu ildə Toni Adams baş məşqçi postuna gələndə məni komandada saxlamaq istəyirdi. Amma sonra gördüm ki, daha çox əcnəbilərə üstünlük verir və məni tez-tez əvəzedici heyətə göndərir. Həmin əcnəbilərdən heç də zəif deyildim. Mən də bunu qəbul edə bilmədim və vitse-prezident Fariz Nəcəfovdan xahiş etdim ki, məni sərbəst buraxsınlar.

– Bəs hansısa Premyer Liqa klubuna keçə bilməzdin?

– İnanın ki, təklif var idi. Həmin vaxt elitada oynayan “Kəpəz”dən təklif almışdım. Bildiyiniz kimi, “Qəbələ” klubunun kökü Xanlar “Göy Göl”ündən gəlir. Həmin komandanı I Diviziondan Premyer Liqaya Faiq Cabbarov çıxarmışdı. Bilirsiniz ki, hansısa komanda elitaya çıxanda heyətini tamam dəyişir, əcnəbiləri yığıb gətirir. Amma Faiq müəllim heyətin 80 faizini qorumuşdu. Həmin futbolçulardan biri də mən idim. “Qəbələ”dən ayrılmağa hazırlaşanda həmin vaxt Premyer Liqada çıxış edən “Kəpəz”dən və I Divizionun qalibi olan “Abşeron”dan təklif almışdım. Amma Faiq müəllim zəng vurub dedi ki, Şəmkirdə iddialı komanda qururam, məqsədimiz yüksək liqaya çıxmaqdır, mənə kömək et. Faiq müəllimin mənə yaxşılığı dəydiyi üçün onun dəvətini qəbul etdim ki, yaxşılığının əvəzini çıxım. Amma bu addım məni çox geri atdı. Hamı da mənə deyirdi ki, hansı ağılla “Qəbələ”ni qoyub gəlmisən I Diviziona? “Şəmkir”dən gedəndə MOİK-ə keçdim ki, bəlkə yüksək liqadan təklif gələr. “Rəvan”dan təklif gəlmişdi də. Amma danışığımız baş tutmadı. 6 aydan sonra “Rəvan” birbaşa müqaviləyə dəvət etdi, getmədim. Çünki rəhbərlik söz vermişdi ki, Premyer Liqaya çıxacağıq. İkinci peşmanlığım da bu oldu.

“İlk 6 ayda oynaya bilməsəm, gözləmərəm kimsə “get” desin”

– Çoxdandır I Diviziondasan. İndi Premyer Liqaya qayıtsan əziyyət çəkməzsən?

– Heç bir çətinlik çəkmərəm. Elitada rahatlıqla oynaya bilərəm. Təklif olsa, inanın ki, ilk 6 ayda oynaya bilməsəm, gözləmərəm kimsə “get” desin, özüm çıxıb gedərəm.

– Son illər Premyer Liqada əcnəbilər “at oynadırlar”. Bizdə yerli futbolçu zəifdir ki, əcnəbilərə möhtac qalırıq?

– Mən oynayan vaxtdan misal gətirim. Elə əcnəbilər gəlirdi ki, bizdən də zəif olurdular, amma onlara üstünlük verilirdi. İndi həm yüksək liqada yerlilərə çox şans verilmir, həm də I Divizionda elə limit qoyulub ki, təcrübəli yerli oyunçular orada da oynaya bilmirlər, futbolu atırlar. Legioner gəldi-gedərdir. Onlar buraya sırf pul üçün gəlirlər. “Qəbələ”də oynayan vaxt uduzanda əsəbimizdən danışmırdıq da. Amma baxırdıq ki, əcnəbilərin vecinə də deyil.

– Premyer Liqanın hazırkı səviyyəsinə kənardan necə qiymət vermək olar?

– İnanın ki, “Karvan”ın, “Xəzər Lənkəran”ın təzə yarandıqları vaxtdakı mübarizə daha gərgin olurdu, nəinki indi. İndi tək-tük oyun olur ki, yüksək tempdə keçir. Təəssüf ki, Azərbaycan klubları öz oyunçularına güvənmirlər. Deyirlər ki, yerli oyunçu yetişmir. Şans vermədikdən sonra necə yetişsin? Məsələn, Qara Qarayev nəyin hesabına güclü futbolçu oldu? Qurban Qurbanov daim ona dəstək verdi, oynatdı, nəticədə Qara indi Azərbaycanın ən güclü oyunçularından biridir. Bizdə yerli futbolçu bir oyunu zəif keçirən kimi, heyətdən çıxarırlar. Amma eyni cəza əcnəbiyə tətbiq olunmur. “Qəbələ” və “Bakı”nın akademiya açmaları ondan xəbər verir ki, gələcəkdə öz oyunçularımıza üstünlük veriləcək. Kaş bütün klublarımız akademiya aça bilsinlər.

“Nakoneçnı oyunumu bəyənsə də, yerli olduğum üçün məni almadılar”

– Bayaq I Diviziondakı limitdən söz açdın. Qoyulan bu limitə münasibətin necədir?

– Necə olacaq, çox pis. Elə uşaqlar var ki, 22 yaşda karyeralarını bitirirlər. Çünki qoyulan limit bunu tələb edir. Onsuz da, U-17 liqamız, əvəzedicilərin çempionatı var da. Güclü oyunçu oradan da çıxa bilər. İnanıram ki, limit məsələsinə yenidən baxılacaq və qərar dəyişdiriləcək.

– I Divizionda Premyer Liqada oynaya biləcək futbolçular varmı?

– Əvvəla onu deyim ki, I Divizionda oynamaq elitada çıxış etməkdən qat-qat çətindir. Çünki peşəkarlıq deyilən şey yoxdur. Bəzən görürsən ki, rəqibin bir oyunçusunun üstünə 4 nəfər gedir, uşaqlar mövqelərini düz seçmirlər. O ki qaldı sizin sualınıza, “Karvan”ın hücumçusu Əli Bağırov elitada rahatlıqla oynayar. Onun kimi futbolçu çoxdur. Amma baxan, maraqlanan yoxdur. Deyirlər ki, I Divizionda oynayan futbolçunun səviyyəsi nə olacaq e? 27-28 yaşlı futbolçuya deyirlər ki, sən qocasan. Amma gedib 33-34 yaşlı əcnəbi gətirirlər. Bununla bağlı bir maraqlı hadisəni danışım. “Qəbələ”də oynayanda “MKT-Araz”ın o vaxtkı baş məşqçisi Nakoneçnı mənim oyunumu çox bəyənmişdi. Transfer edilməyimi istəmişdi. Amma sonra söhbət edəndə mənə dedi ki, elə bildim sən əcnəbisən. Yerli olduğuma görə məni almadılar. O vaxt Pokora da məni istəyirdi. Amma həmin il “Qəbələ”dən 10 futbolçu ayrıldığı üçün mən getmək istəmədim ki, komandanı pis vəziyyətdə qoymayım.

– Premyer Liqada formasını geyinmək istədiyin bir komanda varmı?

– Mənə “Qəbələ”dən heç kim “get” deməmişdi. Məndə yaltaqlıq yoxdur. Amma həqiqətən də, “Qəbələ”dən ayrılmağıma peşmanam. Çünki bu klubun çox gözəl rəhbərliyi, Fariz Nəcəfov kimi vitse-prezidenti var. Onlar heç vaxt futbolçunun haqqını kəsmirlər. Ən böyük arzum da elə “Qəbələ”yə qayıtmaqdır. Bu klubla heç pul söhbəti də eləmərəm. Allaha şükür, azdan-çoxdan pulum var. Sırf karyeraya görə, Premyer Liqaya, xüsusən də, “Qəbələ” klubuna qayıtmaq istəyirəm. Bu komandada 95-96 oyun keçirmişəm. Çox istərdim ki, 100-ü də keçim. Yenidən oraya qayıdacağıma çox inanıram. “Qəbələ” olmasa belə, Premyer Liqada oynamaq üçün alışıb-yanıram. Yetər ki, dəvət gəlsin.

Ruslan SADIQOV

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here