“Türk əsgərinin bölgəyə girməsindən narahat deyilik”

0
366

Türk Silahlı Qüvvələrinin (TSQ) Mosul yaxınlığında yerləşən Başika düşərgəsinə əsgər yerləşdirməsinə etiraz edən İraqın Baş Naziri Heydər Əl-İbadi, türk əsgərlərinin 48 saat müddətində ərazidən çıxmasını istəyib: “Əgər bu müddət ərzində çıxmasalar, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət edəcəyik”.

İraqın bu xəbərdarlığından sonra rəsmi Ankara əraziyə daha çox əsgər göndərməyi təxirə salıb. İraqın şimalında yerləşən Mosula, türk əsgərlərinin göndərilməsi, İraq höküməti tərəfindən müsbət qarşılanmayıb. Müdafiə Naziri Xalid Əl-Ubeydi də, keçən həftənin cümə günü türk əsgərlərinin İraqa girməsindən xəbərlərinin olmadığını bildirib: “Əsgərlərin dərhal ərazini tərk etmələrini ifadə etdik”.

İraq hökümətinin reaksiyasından sonra Ankara, Bağdada məktub göndərib. Türkiyə Baş Naziri Əhməd Davudoğlu tərəfindən göndərilən məktubda Bağdadın narahatçılığı keçənə qədər əsgərlərin bölgəyə göndərilməsinin dayandırılacağı deyilib. Ancaq İbadinin əsgərlərin ərazidən çıxarılma tələbinə müsbət cavab verilməyib. Mosuldan 20 km şimalda yerləşən Başika şəhərində IŞİD-ə qarşı peşmərgə və sünni ərəblərə iki ildir hərbi təlimlər keçən türk birliyində keçən həftə əvəzlənmə olmuşdu. Düşərgəyə 150 əsgərin və 18 tankın göndəriləcəyi bildirilmişdi.

TSQ-nin Mosuldakı birliyini gücləndirməsinə, həm İraqın Baş Naziri İbadi, həm də Prezident Fuad Masum sərt reaksiya verib. Hətta ölkənin Xarici İşlər Naziri də türk əsgərinin bölgəyə daxil olmasını “işğal” kimi qiymətləndirib. Bundan əlavə, İraq XİN-i Türkiyənin Bağdadda olan səfirini də dəvət edərək rəsmi etiraz etmişdi. Türk əsgərlərini bölgəyə dəvət etdiyi iddia olunan sabiq Mosul qubernatoru Əsil Nuceyfi də açıqlama verib. Türk əsgərlərinin əraziyə daxil olmasını İraq hərbçilərinə təlim vermək məqsədilə olduğunu deyən Nuceyfi, bu dəvəti İbadidən şəxsən icazə alaraq etdiyini deyib: “Mosul şəhərinin IŞİD-dən geri alınması üçün aparılan mübarizədə, türk əsgərinin bölgəyə girməsindən narahat deyilik”.

“Reuters” xəbər agentliyinə açıqlama verən Amerikalı təhlükəsizlik nümayəndələri isə Vaşinqtonun əsgər göndərilməsindən xəbərdar olduğunu bildiriblər: “Bu addım ABŞ-ın liderliyində IŞİD-ə qarşı olan beynəlxalq koalisiya çərçivəsində atılmayıb”.

Qeyd edək ki, IŞİD, 2014-cü ilin iyun ayında İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirərək oradakı Türkiyə səfirliyindəki 49 personalı da girov götürmüşdü. Mosulun terrorçulardan azad olunması üçün ABŞ liderliyində əməliyyat olması gözlənilir. Ancaq bu əməliyyat İraq ordusunun başqa bölgələrdəki hərbi qarşıdurması səbəbilə təxirə salınır.