“Bu iki döyüş Alpanda baş vermişdir”

0
361

Cabir Albantürk (Cabir Səbrullah oğlu Ağaoğlu) 6 may 1961 – ci ildə Quba bölgəsinin Alpan kəndində müəllim ailəsində anadan olub. Şair-publisistdir. Şeirləri və məqalələri ilə 1983-cü ildən mətbuatda və ədəbi toplularda çıxış edir. 1997-2000-ci ilərdə Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri olub.

“Qədim Alpan və alpanlar”(2007), “Yaralı varlığımız”(Qanun 2009) və “Üçüncü nöqtə”(2011) kitablarının müəllifidir.

– Siz Qubanın qədim Alpan kəndindənsiniz. Bu kəndin tarixi haqqında hansı bilgilər var?

– “Qədim Quba”, “Ermənilər və haylar” kitablarının və onlarla məqalənin müəllifi olan həmkəndlimiz, tarixçi Zabit Babayevin verdiyi məlumatlara əsaslansaq, “Azərbaycanın qədim yurd yerlərindən biri olan Alpanın məlum arxeoloji tarixi Tunc dövrünə aiddir. Ərazidən tapılmış Tunc dövrünə aid kiçik həcmli saxsı qablar Alpanın qədim yaşayış məskəni olduğuna şəhadət verir. A. Bakıxanov “Alpan” adının “Alban” adı ilə bağlı olduğunu qeyd etsə də, İran tarixçisi Bahar, Alpan adını “İllipi” tayfa adı ilə bağlayır və illipilərin qədim lullubilər olduğunu göstərməklə, illipi-ilpin-elpan-alpan deyiliş formalarının nəticəsi olaraq Alpan adının meydana gəldiyini söyləyir. Buradan belə bir nəticə çıxır ki, “Alban” sözü yaranana qədər “Alpan” toponimi mövcud olmuş və “Albaniya” adı da İllipi-Alpan-Alban deyiliş formasının nəticəsi olaraq yaranmışdır. Azərbaycan Ensiklopediyasında da qeyd edildiyi kimi, e. ə. I minillikdə kənddə, “Qalacıq” ətrafındakı ərazidə Alpan-Albana “şəhərgahı” meydana gəlmişdir. Daha sonrakı dövrlərdə alpanlılar Xəzər dənizi ətrafı ərazilərə tədricən yayılmış və hazırda Dərbənd, Xudat ərazisində alpanlılarla eyni ləhcədə danışan türkdillilərin mövcud olması buna sübutdur.

Qədim lullubilərin türk mənşəli olduqları ehtimal edildiyi kimi, alpanlılar da türkdilli xalqlar qrupuna mənsubdur. Roma tarixçisi Dion Kassi də albanların türk-massagetlərlə eyni mənşədən olduğunu yazmışdır.

Mənşəcə türk olan alpanlılar tarixin ayrı-ayrı dövrlərində fars və ərəb təsirinə məruz qalsalar da, öz dillərini unutmamışlar. Xınalıq, Buduq, Qırız, Ləzgi və s. bu kimi müxtəlif dilli tayfalarla əhatələnmiş alpanlılar hal-hazıra qədər öz dillərini qoruyub saxlamaqdadırlar. Alpan ərazisində VIII əsrdən sonra məskunlaşmış ərəblərdən Müşkür mahalına köçənlər hazırkı Seyidli kəndini yaratmışlar. XIII əsrdən Hülakü xanın məşhur sərkərdəsi Atlıxanın törəmələri Alpan ərazisində yaşamaqda davam etmiş və bugünki Atlıxanlar əqrabası həmin nəslin davamçılarıdırlar. Atlıxanların Dərbənddən Qəbələyə kimi olan ərazidəki geniş mülk sahələrini idarə etdikləri isə tarixdə məlum faktdır.”

-Yəqin ki, qədim yaşayış yeri olan Alpanda tarixi yerlər olmamış deyil…

-Təbii ki, elədir. Kəndin cənub – qərb tərəfindəki qəbiristanlıqda XVI əsrin ortalarında tikildiyi qeyd olunan “Subaba” (Sufibaba) türbəsi yerləşir. Türbəni şah Təhmasibin 1544-cü il Dərbənd səfəri zamanı Alpan və Kürkündən keçərkən, ulu babası Şeyx Cüneydin müridlərindən biri olan sufi Mikayılın qəbri üstündə tikdirdiyi məlumdur. Kənd ərazisində qədim tarixə malik müxtəlif 14 övliya – pir ziyarətgahı da mövcuddur. Sufibaba adının “Subaba” şəklinə düşməsi isə, tələffüz tərzimizin bir çox hallarda yığcamlığa meylli olması ilə əlaqədardır: Sufibaba – Sufbaba – Subbaba – Subaba. Kəndin mərkəzində 1806-1808-ci illər arası tikildiyi üzərinə həkk olunan məscid yerləşir. Tarixə düşmüş Alpan bəylərindən Müşkür naibi Məhəmmədxan bəy 1800-cü ildə baş vermiş taxıl qıtlığı zamanı Şeyxəli xana müraciət etmiş, cənubi Dağıstanın bir neçə bölgəsini 400 araba taxılla təmənnasız təmin etmişdir. Sonralar belə bir təmənnasız yardım Salyan – Muğan bölgəsində də edilmişdir. Bundan sonra Alpanlı bəylərin hörməti, nüfuzu artmış, məclislərdə yuxarı başa keçirilmişlər. “Alpanlısan, keç yuxarı başa” ifadəsinin o vaxtdan işləndiyini deyirlər. Arxiv sənədlərində Alpançayın sağ sahilində yerləşən 130 evi, 915 nəfər əhalisi olan Alpana, 1870-ci ildə fərmanla “qəryə” – böyük kənd, sahibkarlar kəndi statusu verildiyi də qeyd olunub. Qəryə statusu məscidi, dəyirmanı, dəmirçisi, dulusçusu, dükan – bazarı və s. olan yaşayış məntəqələrinə verilirdi. Rusların 1876-cı ildə Alpana iki dəfə hücum etməsi də tarixdən bəllidir: “Fətəli xanın oğlu Şeyxəli xanla rus qoşunları arasında olan bu iki döyüş Alpanda baş vermişdir. Birinci döyüşdə rus qoşunları geri çəkilməyə məcbur olmuş, ikinci dəfə Şeyxəli xana qalib gələrək Alpanı da talan etmişlər”. (“Quba tarixi”, Şahin Fazil). Qarabağ müharibəsində 14 şəhid verən, indi təxminən 1000 təsərrüfatı, 3600 sakini olan Alpan kənd əhalisinin milliyyəti, 1829 – 31-ci il siyahıyalma sənədlərində 211 ailəli, 736 kişili türklər (mənbədə tatarlar) olaraq qeyd edilmişdir.

Müxtəlif yönlərdən irəli sürülən iddialara tutarlı cavab verməkdən ötrü, elmi fakt olması  üçün Alpan kəndinin ərazisində bugünədək, demək olar ki, heç bir arxeoloji qazıntı işləri aparılmamışdır.