“Dini ekstremizm Azərbaycana ixrac edilir”

0
383

Ötən gün Milli Məclisdə (MM) “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihəsi haqqında deputatlara məlumat verən İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinin qəbulunun vacib olduğunu bildirdi.

S. Novruzovun sözlərinə görə, Azərbaycanda dinlə dövlət ayrı olsa da, dövlət həmişə dinin yanındadır: “Lakin bəzi hallarda görürük ki, din pərdəsi altında ayrı-ayrı dövlətlər tərəfindən onların ideologiyaları Azərbaycana ixrac olunmaqdadır. Məhz bizim qanunun məqsədi də ondan ibarətdir ki, bu ideologiyaların qarşısı alınsın, və klassik formasında İslam Azərbaycanda saxlanılsın. Vaxtilə demokratiya, insan hüquqları adı altında hər bir dövlət öz ideologiyasını ixrac etməyə çalışırdı. Bizim qəbul edəcəyimiz bu qanun həmin məkrli niyyətlərin qarşısını tamamilə alır”.

Komitə sədri bu qanunun çoxdan qəbul edilməli olduğunu vurğuladı: “Xaricə gedib ayrı-ayrı silahlı birləşmələrin tərkibində, din altında vuruşub sonradan Azərbaycana qayıdanlar orada öyrəndikləri təlimləri də burada tətbiq etməyə çalışırlar. “Ərəb baharı”ndan bu yana sözügedən məsələ ətrafında gedən bütün müzakirələrin bu qanunda öz əksini tapmasına çalışmışıq”.

S.Novruzov bildirdi ki, yeni qanuna əsasən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yayan jurnalistlər də məsuliyyətə cəlb olunacaqlar: “Son hadisələr də göstərdi ki, bəzi mətbuat orqanları bu hadisələri əhaliyə düzgün çatdırmaq əvəzinə qızışdırıcı mövqe tutur. İstər sosial şəbəkələrdə, istərsə ayrı-ayrı saytlarda insanları iğtişaşlara, itaətsizliyə cəlb etmək istəyirlər. Məhz ona görə bu qanun layihəsində nəzərdə tutulub ki, hər hansı bir mətbuat orqanı və ya jurnalist xüsusi əməliyyat zonasından dəqiqləşdirilməmiş məlumat yaydıqda məsuliyyət daşıyır”.

Komitə sədrinin çıxışından sonra qanun layihəsinin müzakirəsinə başlandı. Çıxış edən millət vəkillərinin hər biri qanun layihəsini müsbət dəyərləndirdi. Sizə müzakirələrdə yadda qalan çıxışların bəzilərini təqdim edirik:

Zahid Oruc: “Hələ də müxtəlif bölgələrimizdə “ələm uçurdub”, xurafatda yaşayanlar var. Nardaranda meydanlara İmam Əli, Sahib Əzzaman, İmam Hüseyn və s. adlar verilib. Kimsə deyə bilər ki, “bu xalqın ənənəsidir, bunu dəyişmək olmaz”. Amma Azərbaycan hüquqi dövlətdir və düşünürəm ki, qanunvericilikdə də bu məsələyə bir müddəa verilməlidir. Ekstremizmin maliyyələşdirilməsi özü cinayətdir. Düşünürəm ki, pirlərdə, ziyarətgahlarda toplanan vəsaitlərlə bağlı dəqiqləşdirmələr aparılmalıdır. Nə qədər vəsait toplanır? Hara yönləndirilir? Təkcə Nardaranda deyirlər ki, dini ayinlər zamanı 1 milyon manat vəsait yığılıb. Həmin pullardan qəsəbənin özünə bir manat da olsun vəsait xərclənməyib. Amma əvəzində terrora, ekstremizmə xeyli vəsait qoyulub, hətta silah alınmasına qədər irəli gedilib”.

Musa Qasımlı: “Əgər zamanında qanuni tədbirlər görülməsə bir gün cümə namazından çıxdıqdan sonra müxtəlif ekstremist radikal dini qrupların küçədə qarşı-qarşı gəlməsinin şahidi olarıq. Bunun da dövlətimiz və millətimiz üçün çox ağır nəticələri ola bilər. Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciəvi nəticələrə gətirib çıxara bilər. 1978-79-cu illər İran inqilabı regionda ciddi dəyişikliklərə səbəb oldu. Qərb ölkələri çətin vəziyyətə düşdü. İngiltərənin Baş Naziri Marqaret Teçer bir dəfə hökumət üzvlərini yığıb, soruşur şah niyə devrildi? Müxtəlif cavablar verildi. M.Teçer deyir bunların heç biri səbəb deyil. Əsas səbəb o idi ki, İranda məscidlər siyasiləşdirilmişdi, Şah kütləvi informasiya vasitələri və məscidlər üzərində nəzarəti itirmişdi. Məscidlərin siyasiləşdiriliməsinə qətiyyən yol vermək olmaz, məscidlər dini ibadət yerləridir”.

Fazil Mustafa: “Gərək biz bu qanunu çoxdan qəbul edərdik. Amma biz bu qanunu qəbul etdikdən sonra onun nə qədər dar çərçivəli olduğunu anlayacağıq. Dövlət üçün ekstremizmin təhlükəli 3 növü var. Bunlardan biri siyasi ekstremizmdir. Hansısa siyasi qüvvə mövcud qaydalar şəraitində mübarizə aparmaq istəmir, terrorçuluq və ya başqa yolla konstitusyon quruluşu dəyişmək istəyir. İkincisi, etnik ekstremizmdir və yaxın tariximizdə yaşamışıq. Üçüncüsü isə ən təhlükəli dini ekstremizmdir. Mən təklif edərdim bu qanunu qəbul edək, amma yaxın zamanlarda siyasi, dini və etnik ekstremizmlə mübarizə haqqında bir qanun qəbul edək”.

Bahar Muradova: “Bu qanun layihəsi İslam ekstremizmi ilə deyil, dini ekstremizmlə bağlı qanundur. Mən həmkarlarımızdan çox xahiş edərdim ki, nə bu qanunu konkret Nardaranda baş vermiş hadisələrin nəticəsi kimi dəyərləndirsinlər, nə də fikirlərini əsaslandırarkən yalnız İslam və Azərbacanda baş verənlərlə əlaqələndirsinlər. Biz dünyadakı islamofobiyadan danışırıq. Amma ən zərərli islamofobiya İslam dünyasının özünün içərisində olandır və biz öz dinimizə həddən artıq tənqidi yanaşmalar ortaya qoyuruq. Avropalı islamofoblardan daha islamofob ola bilirik. Azərbaycanda çox saylı digər dinlərin nümayəndələri var. Biz dəfələrlə şahidi olmuşuq ki, Azərbaycanın regionlarında vətəndaşlarımızı aldatma, qorxutma, şirnikləndirmə yolu ilə digər dinlərə, təriqətlərə cəlb etmələr olub. Cəmiyyət də anlamalıdır ki, biz bu qanunu İslam dini daşıyıcılarına qarşı qəbul etmirik”.

Fəzail Ağamalı: “Bu qanunun birmənalı olaraq İslamla bağlı olduğunu söyləmək yolverilməzdir. Məgər İŞİD-i müsəlmanlar yaradıblar? İŞİD Qərb xüsusi xidmət orqanları tərəfindən yaradılaraq İslam dünyasına yeridilib. Məgər Taleh Bağırzadə özündə İslamı dəyərləri əks etdirir? Təqdim edilmiş bu qanun layihəsi bütövlükdə dini ekstremizmə qarşı mübarizə aparmağı özündə ehtiva edən qanundur. Ermənilər xristian idilər, xristian dini adı altında Xocalı soyqırımını törətmədilər? Belə bir ekstremizmin bir də təkrarlanmayacağına dair təminatımız varmı?”

Ziyafət Əsgərov: “Azərbaycanda 2007-ci ildə Milli Təhlükəsizlik Konsepsiyası, 2004-cü ildə milli təhlükəsizliklə bağlı qanun qəbul edildi. Hər iki sənəddə göstərilir ki, dini ekstremizm təhlükə mənbəyidir. Mən Nardaran hadisələrinə baxanda öz-özümə sual verdim nə vaxtdan məscid siyasi diskusiyalar klubu olub? Biz görmüşük məsciddə dua edərlər, Allaha ibadət edərlər sonra çıxıb gedərlər. Azərbaycan Konstitusiyasında yazılıb din siyasətdən ayrıdır. Biri qara, biri qırmızı, biri ala-bula bayraqlar asıblar. Dini bayraq anlayışı harda yazılıb? Qurani Kərimdə dini bayraqla bağlı anlayış varmı? Özü də bunu imamların adı ilə bağlayırlar. Ayıbdır heç olmasa onların adlarını çəkməyin. Bir əsr əvvəl Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə cahilliyə, fanatizmə, xurafata, nadanlığa qarşı mübarizə aparıblar, Xurafatın tuğyan elədiyi bir dövrdə buna qarşı mübarizə aparan o kişilər nə qədər böyük olublar?! Siyavuş müəllim düz dedi bu cahillik, nadanlıq bizə xaricdən ixrac olunur. Azərbaycan dövləti 1990-cı illərin əvvəllərindəki dövlət deyil ki, kim nə istəyir etsin, kim nə istəyir bayraq taxsın. Azərbaycanın bir dövlət bayrağı var, onun da üç rəngi var. Məsciddə də, dövlət orqanında da bir bayraq taxılmalıdır. Bu, dövlət Heydər Əliyevin əmanətidir. Əmanətə xəyanət edən cəzalandırılacaq”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bəylər Məcidov