Vladimir Kliçko: “Taysonun məni məğlub edəcəyinə inanmırdım”

0
447

Ukraynanın və dünyanın ən məşhur boksçularından biri olan və son illərdə siyasi fəaliyyəti ilə də diqqəti cəlb edən Vladimir Kliçkonun sensasiyalı şəkildə Almaniyanın Düsseldorf şəhərində britaniyalı Tayson Fyuriyə məğlub olması dünyanın idman nəşrlərinin diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Vladimir Kliçko 1996-cı ildə olimpiya çempionu titulunu qazanmışdı. O, professionallar arasında WBA (2011 — 2015), IBF (2006 — 2015) WBO (2000—2003, 2008 — 2015), IBO (2006 — 2015) versiyaları üzrə dünya çempionu olan yeganə boksçulardan biri hesab edilirdi. Bundan əlavə 39 yaşlı Vladimir Kliçko məşhur “The Ring” jurnalı versiyası üzrə də 2009-2015-ci illərdə dünya çempionu titulunu daşıyıb. Onun rəqibi 27 yaşlı Tayson Fyuri isə WBA (Super), IBF, WBO, IBO və “The Ring” jurnalı versiyaları üzrə dünya çempionu olsa da, təbii ki, Kliçkodan qazandığı titullura görə xeyli geridə qalırdı. Ukraynalı boksçunun sensasiyalı şəkildə məğlub olması ilə bağlı maraq doğuran digər bir məqam da var. Bu da 11 il ərzində rinqdə məğlubiyyət nə olduğunu bilməyən Vladimir Kliçkonun özündən daha zəif rəqiblə bacara bilməməsi ilə bağlıdır. Hər halda ukraynalı bokçu XXI əsrin ən məşhur bokçusu adlanırdı və onu adətən məşhur Məhəmməd Əli ilə müqayisə edirdilər. Təsadüfi deyil ki, Avropanın idman nəşrlərindən biri Kliçkonun Fyuriyə məğlub olmasından sonra onun haqqında “Məhəmməd Əli”nin erası başa çatdı”-deyə yazmışdı. Əslində bütün idman növlərində olduğu kimi ən məşhur idmançının belə karyerasının sonlarında əvvəlki oyununu nümayiş etdirmədiyi məlumdur və bunu təbii qarşılamaq lazımdır. Lakin Vladimir Kliçkonun məğlubiyyətinə sevinənlər də olub. Əslən irlandiyalı qaraçının ailəsində dünyaya gələn Tayson Fyurinin vətəni olan Böyük Britaniyada onun çaldığı qələbəyə sevinməni başa düşmək təbii qarşılana bilər. Ancaq yenə də təəsüflər olsun ki, Rusiya mətbuatında Vladimir Kliçkonun məğlub olmasının az qala toy-bayram kimi qarşılanması zənnimcə ukraynalılara nifrətin ən yüksək həddə çatmasının nümayişi kimi dəyrələndirilə bilər. İdman bütün əsrlərdə sülh, dostluq rəmzi sayılıb və burada məğlub olan da, qalib gələn də biri-birlərinə hörmətlə yanaşmağı bacarıblar, alicənablıq nümunəsi göstəriblər. Amma Rusiyada deyəsən bu amil unudulub. Hər halda Rusiya Ukrayna ərazilərini işğal edib. Lakin hətta əksinə olsaydı belə, yəni Ukrayna Rusiya ərazilərini işğal etsəydi, belə yenə də bu məsələdə Kliçkonu günahlandırmaq düzgün olmazdı. Siyası fəaliyyətinə görə Kliçkonun ruslar tərəfindən sevilməməsinə gəlincə, bunda da məşhur boksçuya nifrət etmək ən azından orta əsrlərə qayıtmaq anlamına gələ bilər. Çünki məşhur bokçu olmaqla yanaşı Kliçko həm də ukraynalıdır və doğma vətənini sevir və burada qeyri-adi nə isə axtarmq məntiqsilikdir, belə münasibət sivil inkişafdan geridə qalmaq təsiri bağışlayır.

Nə isə qayıdaq Tayson Fyuri ilə Kliçko arasında keçirilən görüşə. Bu görüşdə Vladimir Kliçko ilk raunddan düzgün taktika seçməmişdi. Ola bilsin ki, bu, onun rəqibini düzgün qiymətləndirməməsindən irəli gəlirdi. Özünə arxayınçılıq isə ən məşhur idmançıların karyerasının xoşgəlməz şəkildə bitirməsinə yol açıb. Vladimir Kliçko da həmin gün rinqdə olduqca özünə arxayın görünürdü və rəqibinə qalib gələcəyinə həddindən artıq inanırdı. Tayson Fyuri isə möhkəm müdafiə taktikası seçmişdi və rəqibin təhlükəli zərbələr endirməsinə imkan vermirdi. O, Vladimir Kliçkonu rinqdə əsəbiləşdirmək üçün bütün imkanlardan istifadə edir və beləliklə onun səhv edəcəyi məqamı gözləyirdi. Eyni zamanda onun əks-zərbələri də olduqca təhlükəli olurdu. Kliçko isə nə üçünsə meydanda özünə xas olmayan tərzdə ağır hərəkət edir, rəqibinə dəqiq zərbələr endirə bilmirdi. Daha dəqiq desək onun güclü zərbələri hədəfə çatmırdı. Fyurinin bu oyunda rəqibindən yeganə üstünlüyü qeyd etdiyimiz kimi onun düzgün taktika seçməsi və müdafiədən oynaması oldu. 11-ci raundda Vladimir Kliçko qalib gəlsə də bu oyunda kimin qalib gələcəyini söyləmək çətin idi. Hər halda Fyurinin də rəqibi üzərində açıq-aşkar üstünlüyü yox idi. Lakin idmanda əksər hallarda oyunun taleyini hakimlər həll edirlər. Vladimir Kliçko -Tayson Fyuri oyununda da belə oldu. Hakimlər gözlənilmədən Böyük Britaniya vətəndaşı olan İrlandiyalı qaraçının – Tayson Fyurinin qələbə çaldığını elan etdilər. Yenə də qeyd edək ki, ukraynalı boksçu yaxşı oyun nümayiş etdirə və rəqibinü nokauta göndərə bilməsə də ondan heç də pis təsir bağışlamırdı. Bəlkə də Fyuriyə qələbə verilməsində onun Böyük Britaniyanı təmsil etməsi önəmli rol oynadı. Ola bilər ki, son raundda Vladimir Kliçkonun sol qaşının kənarından axan qan hakimlərin qələbənin Tayson Fyuriyə verməsi üçün bir səbəb olub… Hər halda fakt-faktlığında qalır. Hakimlər xal hesabı ilə Tayson Fyurinin qalib gəldiyini elan etdilər. Vladimir Kliçko özü isə məğlub olmasına hələ də inanmır. O: “Mən hələ də inana bilmirəm ki, məğlub oldum. Bunun ağrısını yaşamaqda davam edirəm”- deyib.

Vladimir Kliçko Tayson Fyuriyə məğlub olduğu döyüşlə bağlı mətbuata verdiyi açıqlsmada öncədən məğlub olacağını hiss etdiyini söyləyib. O: “Döyüşə çox yaxşı hazırlaşmışdım. Sadəcə, rinqdə lazım olan məsafəni tapa bilmirdim. Hiss edirdim ki, uduzacağam. Səmimi deyəcəyəm, Taysonun məni məğlub edəcəyinə inanmırdım. Lakin etiraf edim ki, o, çox yaxşı vuruşdu. Fyurini məğlub etməyin yolunu tapa bilmədim. Amma revanş-matç istəmək haqqım var”.

Tayson Fyuri isə qələbəsini belə şərh edib: “Arzum həyata keçdi. Son 6 ay ərzində günümü zalda keçirdim. Hər gün məşq edirdim. Hazırda isə arzumun reallaşdığına inana bilmirəm. Döyüşdən öncə söz vermişdim ki, qalib gəlsəm, rinqdə mahnı oxuyacağam. Sözümün üstündə dururam. Oxuyacağım mahnını fanatlarıma, ilk növbədə isə həyat yoldaşıma həsr edirəm”.

Qələbəsindən məst olan Tayson Fyıri Vladimir Kliçko ilə revanş matçı keçirməyə hazır olduğunu da bildirib. O deyib ki, yenə də Vladimir Kliçko ilə görüşməyə və qalib gəlməsinin təsadüfi və ya hakim qərarının nəticəsi olmadığını sübut etməyə hazırdır. Tayson Fyuri ukraynalı boksçu ilə rinqə çıxmazdan əvvəl qalib gələcəyi barədə 200 funt-sterlinqdən mərc gəldiyini də xatırladıb. O mərci udmasından və 200 min funt-sterlinq qazanmasından məmnun olduğunu xüsusi vurğulayıb. Məğlub olmasına baxmayaraq Vladimir Kliçko rəqibindən 3 dəfə çox 15 milyon avro qazanıb. Tayson Fyuriyə məğlub olmasından sonra ukraynalı boksçu dünyanın ən güclü boksçuları sırasında 2-ci yerdən beşinci yerə yuvarlanıb. Tayson fyuri isə ukraynalı boksçuya qalib gəlməsindən sonra 20-ci yerdən 3-cü yerə yüksəlib. Onu da deyək ki, hazırda boksçular arasında birinci yerdə meksikalı Saul Alvaresdir. Qazaxıstan boksçusu Gennadi Qolovkin isə reytinq cədvəlində ikinci yerdədir. Lakin bu məğlubiyyət Kliçko üçün son demək deyil. Ukraynalı boksçunun yenidən rəqibinə qalib gələrək itirdiyi titulları geri qaytara biləcəyi istisna edilmir. Hər halda Vladimir Kliçko birdəfə 2004-cü ildə bunu etməyi bacarıb… Zənnimcə indi də belə də olacaq. Vladimir Kliçko revanş matçında Tayson Fyuriyə qalib gələrək özünün son məğlubiyyətinə sevinənləri yenidən matəmə qərq edəcək.

Əziz Mustafa